AZ

Azərbaycanda islam bankçılığı — Maliyyə əlçatanlığı olacaq

Mərkəzi Bankının İdarə Heyəti tərəfindən “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” təsdiq olunub. Strategiya Azərbaycanda maliyyə sisteminin mühüm sektorları olan sığorta, kapital bazarları və ödəniş sistemlərinin inkişaf etdirilməsi, habelə bank sektorunun dayanıqlığının daha da gücləndirilməsi kimi prioritetləri ehtiva edir. Maliyyə inklüzivliyinin genişləndirilməsi, maliyyə xidmətlərinin əhatəliliyinin artırılması və maliyyə alətlərinin şaxәlәndirilməsi, sektorda sәmәrәliliyin yüksəldilməsi, korporativ idarәetmәnin tətbiqi, habelə şәffaflıq və dayanıqlılığının gücləndirilməsi kimi strateji məqsədlər də burada əks olunub. 


Bu strategiyaya əsasən Azərbaycanda İslam bankçılığı sistemi yaradılacaq. İslam bankçılığının yaradılması məsələsi yenidən gündəmə gəlib. Mərkəzi Bankın sədri Taleh Kazımov bir yerli bankın islam bankçılığı ilə bağlı müraciət etdiyini bildirib. Onun sözlərinə görə Dünya Bankı ilə birlikdə müvafiq qanunvericiliyin hazırlanmasına başlanılıb: "Biz, əsasən, sukuk istiqrazlarının buraxılmasına fokuslanmışıq. Bu məsələdə irəliləyiş banklarsız çətin olar, çünki onlar istiqrazların müştərilərini daha yaxşı tanıyır. Əvvəlcə sükuk buraxılması, daha sonra isə islam bankçılığının tətbiqi gözlənilir”. T.Kazımov bu layihənin icrasına 3-5 il vaxt lazım olduğunu qeyd edib: “Əsas məqsədimiz maliyyə inklüzivliyini və maliyyə əlçatanlığını artırmaqdır", - deyə o vurğulayıb.

İslam bankçılığı bütün alqı-satqı və kirayə əməliyyatlarında yalnız real yəni göz önündə olan aktivlərə əsaslanan və şəriət qaydalarını özündə ehtiva edən bir iqtisadi mexanizmdir. Bu növ bankçılıqda faizlər (riba) qadağandır və əməliyyatlar xeyir və zərərdə "müştərəklik" prinsipi əsasında həyata keçirilir. İslam bankçılığı ilk dəfə 1970-ci ildə yaranıb. Həmin dövrdən İslam bankçılığı dünyanın bir çox ölkələrində yayılmağa başlayıb. Əbu-Dabi, Bəhreyn, Dubay, Qətər, Küveyt, Səudiyyə Ərəbistanı, İndoneziya, Malayziya və Sinqapurda İslam bankçılığı var. Ötən il onşu Rusiyanın 4 regionunda – Tatarıstan, Dağıstan, Çeçenistan və Başqırdıstanda islam bankçılığı test rejimində tətbiq olunub. Ən azı 3 trilyon dollarlıq qlobal ölçüsü olan İslam bankçılığı sisteminin 2 il ərzində sürətlə böyüməsi gözlənilir. Qanuna görə, sınaq müddəti 2025-ci il sentyabrın 1-dək davam edəcək və Rusiya Bankına regionların siyahısını genişləndirmək səlahiyyəti veriləcək. 

Bank sektoru üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında Fransa, İngiltərə, ABŞ kimi inkişaf etmiş ölkələrdə bu sistemin mövcud olduğunu deyib:



“Həmin ölkələrdə islam bankçılığı uğurlu fəaliyyət göstərir. Bu bank sistemi digərlərindən fərqlənir. Burada faiz və sələm yoxdur.
Kredit verilməsinin də bir sıra şərtləri var. Belə ki islam bankından götürülən kreditlə İslamın və şəriətin qadağan etdiyi fəaliyyət növləri ilə məşğul olmaq olmaz. Kreditin üzərinə faiz əlavə oluna bilməz. Bu bankçılıq şəriklik üzərində qurulub. Əgər kimsə bu sahəyə pul qoyursa, o, bankın mənfəətinə də şərik olur və əldə edilən qazancdan ona da pay düşür. Bank özü də kiməsə biznes qurmaq üçün kredit verirsə, onu biznesinə ortaq olur. Yəni, islam bankçılığının üstünlükləri çoxdur. Lakin bu sistemin qurulması üçün şəffaflıq olmalıdır.
Şəffaflıq olmasa, sahibkar bankı aldada bilər. Düşünürəm ki, sərbəstlik və şəffaflıq təmin olunarsa, islam bankçılığı Azərbaycanda da inkişaf edə bilər. İnanclı insanlar üçün də bu sistemin təşəkkül tapması çox mühümdür. Bir çox insan dini inancına və əqidəsinə görə faizlə kredit almaq, iş qurmaq istəmir, bunu haram hesab edirlər”. 

İqtisadçı Rəşad Həsənov Demokrat.az-a açıqlamasında bildirib ki, islam bankçılığı bazarın şaxələndirilməsi, yeni məhsulların bazara təqdim edilməsi, maliyyə    əlçatanlığı  baxımından müsbət qiymətləndirilə bilər: 

“Əlbəttə ki bu, bazarda yeni məhsullar yaradacaqdır. Təbii ki gələcək inkişaf tempindən asılı olaraq həm kredit, həm depozitlərin qəbulu, həm də passiv vəsaitlərin toplanması və onların iqtisadiyyata ötürülməsi baxımından, eyni zamanda marjenal da olsa müəyyən bir sosial qrupun bu məhsullardan istifadə edərək öz biznesini  inkişaf etdirmələri üçün maliyyə imkanları formalaşacaq. Düşünmürəm ki, bu, geniş miqyası əhatə edəcək. Çnüki Azərbaycanda marjenal  bir sosial qrup, xüsusilə də faizin haram olması səbəbiylə vəsaitlərini banklara yerləşdirmir. Və yaxud da fazilə kreditlər istifadə etmirlər. 

Biz bankların müştərilərinə baxanda görürük ki, böyük əksəriyyət belə bir ciddi bu istiqamətdə prinsiplərə və  müqavimətə malik deyillər. Yəni Onlar prosesin aktiv iştirakçıdırlar. Amma yenə də az həcmdə sosial bir qrup olsa da həm inklüzivlik, həm də yeni zamanda həmin sosial qrupların hüquqlarının bərabərliyi baxımından müəyyən üstünlük yaradır. Amma eyni zamanda nəzərə almaq lazımdır ki, bank fəaliyyətləri və kredit məhsulları, maliyyə məhsulları müəyyən bir limitin aşağısında dövriyyəyə tab gətirmir. Və bu istiqamətdə müqaviməti zəifdir. Müəyyən bir limitin üzərinə satmalıdır ki, banklar prosesdə maraqlı olsun. Dövriyyə müəyyən bir həddin üzərinə qalxmalıdır. Xüsusilə nəzərə alsaq ki, islam  bankçılığı kifayət qədər fərqli metodoloji yanaşmalar tətbiq edir, fərqli qiymətləndirmə, fərqli aspektləri özüylə gətirir. Bu da böyük iş bir yükü formalaşdırır”. 

Ekspertin sözlərinə görə prosesin xərci yüksək olduğu üçün müəyyən hədlər həmin həllərdən yuxarı dövriyyə tələbi formalaşdırır: 

“Burada müəyyən narahatlıqlar var. Ümid edirəm ki burada müsbət nəticələrin əldə edilməsi mümkün olar. Xüsuislə də düşünürəm ki müəyyən yeni əmanət növlərinin yaradılması və sair imkan verəcək ki az da olsa passiv yığımları bu şəxslərdən cəlb edib iqtisadiyyata inteqrasiya etmək olsun. Bunun özü də bir işdir. Qənaətim belədir ki, dövriyyə təxminən 250-300 milyon manat ətrafında olacaq. Çünki Azərbaycanda az bir sosial qrupun bu istiqamətdə tələbi olacaq. Ümid edirəm, bu yenilik özünü doğruldacaq.  Bununla da razıyam ki bu məsələdə kifayət qədər zamana ehtiyac var. Mərhələli şəkildə müvafiq məhsulların bazara inteqrasiya edilməsinə ehtiyac var.  Proses təbii ki qanunvericliyin formalaşması və eyni zamanda hansı məhsulların seçilməsindən asılı olaraq müəyyən bir inkişaf dinamikasını izləməyə bizə şərait yaradacaqdır”.

Törə Zeynallı
Demokrat.az 


Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi istiqamətində hazırlanıb.

Seçilən
68
demokrat.az

1Mənbələr