AZ

İkinci liqa klubları 2-ci təsnifat mərhələsindən “sağ çıxmadı” - ŞƏRH

Ölkə kubokunda 2-ci təsnifat mərhələsi oktyabrın 28-də keçirilən “Turan Tovuz” – “Hypers Quba” matçıyla başladı. Həmin matçın premyer-liqa təmsilçisinin böyükhesablı qələbəsiylə (7:2) başa çatdığından xəbərdarsız.

Bu mərhələnin növbəti matçları isə oktyabrın 29-31-i aralığında keçirildi. Çərşənbə axşamı “Şimal”ı qəbul edən MOİK növbəti mərhələyə vəsiqə qazandı. “Hərbçilər” inamlı qələbə, Xaçmaz təmsilçisi yalnız sonuncu dəqiqələrdə vurduğu təsəlli qoluyla yadda qaldı. “Şahdağ Qusar” – “Araz-Naxçıvan” matçı Muxtar Respublika təmsilçisinin meydanında keçirildi. Baxmayaraq ki, qusarlılar nominal meydan sahibi sayılırdı. Hər halda, aşağı liqa təmsilçilərinin stadionları premyer-liqa klubunu qəbul edəcək səviyyədə olmadığından belə hal təkcə bəhs etdiyimiz oyunda yox, bir neçə matçda qeydə alındı.

Oyuna gəlincə, “qırmızı-ağlar” rəqibinin qol vurmasına imkan vermədən böyükhesablı qələbəni bayram etdi. “Ağdaş” – “Kəpəz” görüşündə də sensasiya baş vermədi. Premyer-liqanın aşkar autsayderi 2-ci liqada mübarizə aparan “Ağdaş”ı darmadağın edərək liqalararası fərqin uçurum səviyyəsində olduğunu göstərdi. Ardından “Dinamo” ev matçına “Səbail”in meydanında qonaq qismində çıxdı. Belədə “dənizçilər”in onsuz da gözlənilən qələbəsinə mane olacaq nəsə qalmadı. Nəticədə Bayıl təmsilçisi rəqibini altı cavabsız qolla mübarizədən kənarlaşdırdı.

Oktyabrın 30-da daha dörd oyun keçirildi. “Şamaxı”nın “Şəmkir”i qəbul etdiyi matçda meydan sahibləri arzuladığı qələbəni asanlıqla qazandı. Qonaqlar rəqibin yalnız ilk qolunu cavabsız qoymadısa, bir-birinin ardınca fərqlənməsinə mane ola bilmədi. Belədə “Şamaxı”nın 6:1 hesablı qələbəsini izlədik. Günün növbəti oyunlarında diqqətçəkən nəticələr qeydə alındı. “Zaqatala”nın “Mingəçevir”in meydanından məğlub ayrılmasının şokundan ayılmamışdıq ki, “Karvan”ı qəbul edən “Qaradağ Lökbatan” Yevlax təmsilçisini üç cavabsız qolla yola saldı. Bu başqa məsələ ki, qonaqların baş məşqçisi Kənan Kərimov kubokun əlavə güc itkisinə səbəb olduğunu dedi. “Nur şəhəri”nin təmsilçisinin də çoxunu təəccübləndirdiyinə şübhə yoxdu. Hər halda, “Zaqatala” cütün favoriti sayılırdı.

“Şəfa” – “Difai” oyununa gəlincə, bakılılar 2-ci liqada çıxış etməsinə baxmayaraq, 1-ci liqa təcrübəsinə malik ağsuluların başını yetərincə ağrıtdı. Qonaqlar məqsədinə yalnız əlavə vaxtda, yenicə meydana çıxan Emil Quluzadənin qoluyla çatdı.
1/8 final mərhələsinin qalan cütlərinin adına srağagün keçirilən qarşılaşmalardan sonra aydınlıq gəldi. “İmişli” “Cəbrayıl”, “Qəbələ” “Baku Sportinq” üzərində böyükhesablı qələbə qazandı. Bu oyunlar arasındakı fərq ondan ibarətdi ki, qarabağlılar rəqib qapısından, heç olmasa, bir top keçirə bildi. Bakılılar isə “qırmızı-qaralar”ın dörd cavabsız qol vurmasına üzüldü.

Beləliklə, 2-ci liqa təmsilçilərinin hamısı kubokla vidalaşdı. 1-ci liqa klublarından isə “Qəbələ”, MOİK, “Mingəçevir”, “Qaradağ Lökbatan”, “Difai” və “İmişli” yola davam edir. Bu komandaların növbəti mərhələdə qarşılaşacağı rəqiblərə nəzər salsaq, onların da çox uzağa gedə bilməyəcəyini proqnozlaşdırmaq olar.

Bozumtul mənzərəni tündləşdirən problemlərdən biri də, təbii ki, tamaşaçı sayıdı. Rekordun kimə məxsus olduğunu təxmin etmək çətin deyil. “Turan Tovuz” kubok matçında 1100 azarkeşin dəstəyi sayəsində bu siyahıda birincidi. Sonuncu pillədə isə 30 futbolsevərin izlədiyi MOİK – “Şimal” görüşü yer aldı. Üzücü statistika deyilmi?

1/8 final mərhələsinin oyunları dekabrın 3-4-də keçiriləcək: Turan Tovuz – Sabah, MOİK – Sumqayıt, Araz-Naxçıvan – Mingəçevir, Kəpəz – İmişli, Səbail – Qaradağ Lökbatan, Şamaxı –Zirə, Difai – Neftçi, Qəbələ – Qarabağ.

KƏNAN BAHADIR

Seçilən
58
football-plus.az

1Mənbələr