Rusiya Avropaya boru kəməri ilə qaz ixracını 2024-cü ilin yanvar-oktyabr aylarında 15%-dən çox artıraraq 26,52 milyard kubmetrə çatdırıb.
Valyuta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu məlumatlar Qazpromun Ukrayna üzərindən keçən tranzitlə bağlı gündəlik məlumatlarında və "Avropa Qaz Ötürücü Sistem Operatorları Şəbəkəsi" (ENTSOG) tərəfindən təqdim olunan göstəricilərdə öz əksini tapmışdır.
2023-cü ilin eyni dövründə Avropaya boru kəməri ilə qaz tədarükü təxminən 23 milyard kubmetr, 2023-cü maliyyə ilində isə Rusiya qazının bu istiqamətdə ixracı təxminən 28,15 milyard kubmetr olub.
2024-cü ilin oktyabr ayında Rusiyadan Avropaya ümumi qaz tədarükü 2,8 milyard kubmetr təşkil edib. Məlumat üçün qeyd edək ki, sentyabr ayında bu rəqəm 2,7 milyard kubmetr, 2023-cü ilin oktyabrında isə 2,74 milyard kubmetr olmuşdu. Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatlarına görə, 2023-cü ildə Türkiyə də daxil olmaqla, Rusiyadan Avropaya boru kəməri ilə qaz tədarükü 1970-ci illərin əvvəllərindən bəri ən aşağı səviyyəyə enərək 45 milyard kubmetr təşkil edib.
Xüsusilə, 2024-cü ilin yanvar-oktyabr aylarında Ukrayna ərazisi vasitəsilə qərbi və mərkəzi Avropa ölkələrinə tədarük olunan qazın həcmi 12,85 milyard kubmetr olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7% artım deməkdir. Oktyabr ayında bu istiqamətdə qaz nəqli ay ərzində 3,5%, illik müqayisədə isə 1,2% artaraq 1,3 milyard kubmetr təşkil edib.
"TürkAxını"(TurkStream) qaz boru kəməri vasitəsilə cənub və cənub-şərqi Avropa ölkələrinə 2024-cü ilin yanvar-oktyabr aylarında tədarük həcmi demək olar ki, dörddə bir artaraq 13,66 milyard kubmetrə çatıb. Oktyabr ayında bu istiqamətdə Rusiyadan Avropaya qaz ixracı sentyabr ayı ilə müqayisədə 5%, 2023-cü ilin oktyabr ayı ilə müqayisədə isə 3,5% artaraq 1,49 milyard kubmetr olub.
Rəhim