"Qızılın qiyməti 2025-ci ilin sonuna qədər 8% artaraq 3000 $-a çatacaq"
Valyuta.az-ın məlumatına görə bunu ABŞ-ın investisiya bankı olan "Goldman Sachs" qızılın qiyməti ilə bağlı proqnozlarını açıqlayarkən qeyd edib. Bank bunu mərkəzi bankların alışlarının davam etməsi, FED-in faiz endirimləri və qızılın təhlükəsiz liman olaraq cəlbediciliyinin qorunub saxlanması ilə əlaqələndirir.
Goldman Sachs-ın proqnozu üç əsas səbəbə əsaslanır:
1 - Mərkəzi bankların tələbi: "Goldman Sanchs", mərkəzi bankların yüksək qızıl tələbinin davam edəcəyini, lakin gələn il bir qədər zəifləyəcəyini düşünür. Rusiyaya tətbiq edilən sanksiyalardan sonra bəzi ölkələr ehtiyatlarını diversifikasiya etmək* üçün dollardan asılı olmayaraq qızıl alışına üstünlük veriblər. Analitiklərə görə, mərkəzi bankların alışları 2025-ci ilin sonuna qədər aylıq 30 ton səviyyəsinə qədər düşəcək lakin bu göstərici yenə də 2022-dən əvvəlki orta göstərici olan 17 tondan yüksək qalacaq.
2 - ABŞ-da faiz dərəcələrinin enməsi: ABŞ-da faiz dərəcələrinin azalması Qərbdə qızılla təmin olunmuş ETF** yatırımlarını artıracaq. "Goldman Sachs" ABŞ Federal Ehtiyat Sisteminin (FED) 2025-ci ilin ortasında faiz dərəcəsini 3,25-3,5 aralığına endirməsini gözləyir. Qızıl faiz gəliri gətirmədiyi üçün aşağı faiz siyasəti qızılın rəqabət qabiliyyətini artırır. Yüksək faiz dərəcələri isə faizə bağlı digər aktivləri daha cəlbedici edir.
3 - Təhlükəsiz liman yatırımları: Qızılın təhlükəsiz liman olaraq cəlbediciliyi də artmağa davam edəcək. Bank, geosiyasi və inflyasiya narahatlıqları səbəbindən qızıl üzərində spekulyativ mövqelərin yüksək səviyyələrə çatdığını bildirir. Seçkilərdən sonra qeyri-müəyyənliyin azalması ilə bu mövqelərin normallaşacağı gözlənilir, lakin uzun müddətdə ticarət mübahisələri, FED-in müstəqilliyinə olan təhdidlər, ABŞ-ın borc narahatlıqları və gələcək resessiya*** riskləri kimi amillər qızılı cəlbedici bir qorunma vasitəsi olaraq saxlayacaq.
* Diversifikasiya etmək - riski azaltmaq üçün sərmayələri müxtəlif aktivlərə bölmək deməkdir. Bu yanaşma ilə, bir aktivin dəyəri düşdükdə, digər aktivlərdəki gəlirlər itkiləri kompensasiya edə bilər.
** ETF - Exchange Traded Funds, yəni, birjada ticarət olunan fondlar mənasını verir. ETF fondu səhmlər, istiqrazlar, qiymətli metallar, əmtəə və xammal, kriptovalyutalar və digər aktivlərdən ibarət olan bir investisiya portfelidir.
*** Resessiya - işgüzar dövrün yüksəliş (pik) fazasından sonra gələn və iqtisadi fəallığın bir müddət davamlı olaraq geriləməsi ilə müşayiət olunan fazası.
Rəhim