AZ

''Real''da çempion olmuş sabiq futbolçunun oğlu əsas komandaya yüksəldi

5 il öncə dünyasını dəyişən tanınmış ispaniyalı futbolçu Xose Antonio Reyes Kalderonun oğlu Xose Antonio Reyes Lopes ''Real''da artıq əsas komanda ilə məşqlərə başlayıb.

17 yaşlı futbolçu Alvaro Arbeloanın çalışdırdığı ''Real''ın U-17 komandasında öz performansı diqqət çəkdikdən sonra Karlo Ançelottinin qərarı ilə əsas komanda ilə məşqlərə çıxmağa başlayıb. Qol duyumu ilə diqqət çəkən 2007-ci il təvəllüdlü futbolçu İspaniyanın U-17 yığmasında da forma geyir və 7 oyuna 4 dəfə fərqlənib. Xose Antonio Reyes Lopes 2019-dan ''Real''ın akademiyasındadı. Bu gedişlə o atasının layiqli davamçısına çevrilə bilər. Atası Xose Antonio Reyes Kalderon öz dönəminin tanınmış və güclü futbolçularından idi. ''Sevilya''nın yetirməsi olan, daha sonra ''Arsenal'', ''Atletiko'', ''Benfika'', ''Espanyol'' kimi klublarda top qovmuş Reyes ''Real''da da çıxış etməyə macal tapmışdı.

O, 2006/07-ni icarə əsasında Madrid nəhəngində keçirmiş və çempionluq sevinci yaşamışdı. Özü də həmin vaxt son turda ''Malyorka''ya qarşı həlledici ev oyununda (3:1) Reyes dubl edərək qələbədə mühüm rol oynamışdı. Amma onun həyatı erkən bitdi. 2019-cu ilin iyunun 1-də Reyesin yüksək sürətlə idarə etdiyi ''Mersedes'' idarəetmənin itirilməsi nəticəsində bir neçə dəfə çevrilmiş və daha sonra da alışmışdı. Futbolçu ilə yanaşı maşında onun daha iki qohumu var idi. Onlardan biri də hadisə yerində keçinmişdisə, digəri çox ciddi yanıq xəsarətləri almışdı.

ƏLİ

Seçilən
53
football-plus.az

1Mənbələr