Fransa Liqa 2-nin “Paris” – “Rodez” oyunundan sonra komanda azarkeşləri arasında idman adına yaraşmayan xoşagəlməz hadisə yaşanıb.
Arena.az TF1 dərgisinə istinadən məlumat verir ki, 3:3 hesabı ilə başa çatmış oyundan sonra azarkeşlər kütləvi dava salıblar.
Oyundan dərhal sonra Kellerman bulvarında iğtişaşlar başlayıb.
Yerli polisin izah etdiyi kimi, dava-dalaşın təhrikçisi “Paris” klununu ifrat azarkeş dəstəsi – ultrası olub. Qızışmış dəstə “Rodez” azarkeşlərinə hücum çəkib. Dava nəticəsində bəzi azarkeşlər ağır yaralanıblar. Onlardan bəzilərinin bıçaqlandığı bildirilir. Yaralılar təcili surətdə hadisə yerindən təxliyə edilərək, xəstəxanaya aparılıblar. Bu müddətdə polis iğtişaşı yatırmağa çalışıb və buna müvəffəq olub.
Vurğulanır ki, yaralıların həyatları təhlükədə deyil.
Polis həbslər həyata keçirib. Hüquq-mühafizə orqanları üç azarkeşi nəzarətə götürüblər. Daha dörd azarkeşdən isə ifadə vermək üçün bazar ertəsi, noyabrın 4-də polis bölməsinə gəlməsi tələb edilib.