Futbol üzrə Argentina millisinin hücumçusu Lionel Messi MLS təmsilçisi “İnter Mayami”nin heyətində növbəti oyununa çıxıb.
Arena.az məlumat verir ki, “İnter Mayami” MLS-in 2024-cü il mövsümünün pley-off mərhələsi çərçivəsində “Atlanta Yunayted”lə qarşılaşıb.
“İnter Mayami” bu rəqibinə qarşı doğma meydanda keçirdiyi ilk oyundan 2:1 hesablı qələbə ilə ayrılmışdı. Messinin komandası rəqib meydanında baş tutan cavavb oyununda da 1:2 hesablı məğlubiyyətə üzülüb.
Hesabı 40-cı dəqiqədə “İnter Mayami”nin argentinalı yarımmüdafiəçisi Federiko Redondonun ötürməsi sayəsində “vağlar”ın paraqvaylı müdafiəçisi David Martines açıb. Bu məqamda “beşzolaqlılar”ın polyak qapıçısı Bred Quzanla müdafiə xətti arasında anlaşılmazlıq qolla nəticələnib. Güman etmək olardı ki, “İnter Mayami” özünün argentinalı ulduz hücumçusu və kapitanı Messi başda olmaqla, təzyiq göstərib məsələni xətm edəcək.
Amma “Atlanta Yunayted” fasilədən sonra meydana qətiyyətlə qayıdıb. 58-ci dəqiqədə portuqal müdafiəçi Pedru Amador məhsuldar ötürməsi ilə irland müdafiəçi Derrik Uilyamsı tapıb, Uilyams dəqiq baş zərbəsi ilə tarazlığı bərpa edib – 1:1. Bundan sonra “Atlanta Yunayted” oyunun ipini ələ keçirərək, cütlük arasında ümumi hesabda tarazlığı bərpa etməyə girişib. Sonra qədər mübarizə öz bəhrəsini verib. Hakimin oyunun əsas vaxtına əlavə etdiyi təzminat müddətində isə “Atlanta Yunayted”in rus yarımmüdafiəçisi Aleksey Mirançuk səhənəyə çıxıb. O, 90+4-cü dəqiqədə möhtəşəm ötürmə ilə portuqaliyalı hücumçu Şande Silvaya fürsət yaradıb. Silva qapının yuxarı küncünə qüvvətli, möhtəşəm dəqiq zərbə ilə “Atlanta Yunayted”ə qələbə qazandırıb – 2:1.
“Müdhiş rus” Messini və komandasını necə məyus etməsindən danışdı
Oyundan sonra ABŞ mətbuatının “müdhiş rus” olaraq təqdim etdiyi Aleksey Mirançuk verdiyi həlledici ötürmə ilə bağlı təəssüratını paylaşıb:
“Düzünü desəm, oradakı vəziyyətin özü nə etmək gərək olduğunu diktə edirdi, ona görə də orada çox düşünməyə ehtiyac da yox idi. Mən Şande Silvanın içəri (cərimə meydançasına) can atdığını gördüm, topu mənə yaxşıca atdılar və mən onu sadəcə təmasla ötürdüm. Ona qərar vermək qalırdı – ötürmə və ya zərbə. Zərbə endirdi. Qol vurdu.
Birinci hissədə zərbə vurduğum məqamda rəqib qapıçının (Dreyk Kollender) haqqını vermək gərəkdir. Düşünürəm ki, o, yaxşı qurtarış etdi. Deyəsən, mən ən küncə düşməsəm də, güclü zərbə vurmuşdum. Amma qapıçıya da afərin, əla qarşılıq verdi”, – “Sport-Ekspress” nəşri Mirançukdan sitat gətirir.
Beləliklə, “İnter Mayami” yarışın 1/4 fianlına vəsiqə qazanmaq üçün fürsətini əldən verib. İndi komandaları qalibi müəyyən etmək üçün həlledici – 3-cü oyun gözləyir. Noyabrın 10-da “İnter Mayami” “beşzolaqlılar”ı “qonaq” edəcək.
Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 24 oyuna çıxıb, 22 qol vurub və 13 məhsuldar ötürmə verib. Təcrübəli ulduzun “İnter Mayami” karyerası ümumilikdə 38 oyun, 33 qol və 18 məhsuldar ötürmədən ibarətdir.
“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 189 oyun keçirib, 112 qol vurub və 60 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.
Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.
“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.