AZ

Millət və ordu sevgisi ilə süslənən əsərlər

Keçmiş XTQ zabiti, Qarabağ qazisi Zaur Bayram oğlu Muradov Vətən naminə sağlamlığını qurban verən minlərlə igid, cəsur oğullardan biridir. Amma onu digərlərindən fərqləndirən cəhət fiziki olaraq dayandırmağa məcbur olduğu mübarizəsini qələmi ilə davam etdirməsidir.

Hələ yeniyetmə vaxtı ilk oçerki Culfa rayonunda çıxan “Zəfər” qəzetində dərc olunan Zaurun taleyinə elə o vaxtdan zəfər yolçuluğu yazılıb.

Zaur 2001-ci ildə orduda vəzifə borcunu yerinə yetirərkən mina partlayışı nəticəsində ağır kontuziya alıb, gözlərini, bir neçə barmağını itirib, beynindəki çox sayda qəlpələrlə yaşayır. Nə qədər çətin olsa da, qələmə sarılaraq, insanın sınaqlara sinə gərməsi barədə maraqlı bədii əsərlər yazır. Kitablarında Milli Ordumuzun, xüsusi təyinatlılarımızın Qarabağ uğrundakı inadlı və fədakar mübarizəsindən məhəbbətlə bəhs edir. Zaur Bayramoğlu “Öz üzərində qələbə”, “Döyüşlə kəşfiyyat”, “Adını sən qoy”, “Alabaş”, “Yolda”, “Qara mamba”, “Fədailər” kimi roman və povestlərin müəllifidir. Bu gün Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdüçsüdür.

Fiziki mübarizəyə sağlamlığı imkan vermədiyi üçün, ordumuza, döyüş dostlarına qələmi ilə yararlı olmaq istəyən Zaur Bayramoğlunun yazıçılıq fəaliyyəti hər yöndən təqdirəlayiqdir. “Öz üzərində qələbə” əsərində bu barədə deyir: “...Əsgər olmanın, zabit olmanın bir şərəf işi olması və buna yüksək sayğı günlük normaya çevrilməlidir. Bu yolda hər kəs əlindən gələni etməlidir. Mən artıq əlimə silah ala bilməsəm də, qələm mənim üçün bir silaha çevrilib və yazılarımla ordumuza yardım etməyi özümə borc bilirəm”.

Şəxsi həyat təcrübəsinə əsaslanan, qəhrəmanlıq salnaməmizin müxtəlif səhifələrini yazıb əbədiləşdirən Zaur Bayramoğlu özü qayğısız tələbədən XTQ-nin peşəkar zabitinədək çətin və şərəfli bir yol keçib. Onun real ədəbi qəhrəman obrazı gənclərimiz üçün əsl örnəkdir. Əsərlərində tarixi məlumatlara, hərb işinin reallıqlarına daha çox yer versə də, romantik məhəbbət səhnələrini, gənclərin özəl duyğu və düşüncələrini də süjet xəttinə qatmaqla, kitablarını daha da oxunaqlı edə bilir. Beləliklə, onun bir yazıçı kimi əsas qayəsi kişilik məktəbinin dərsləri vasitəsilə “poladın necə bərkidiyini” göstərmək, gənclərə vətənpərvərlik duyğusu aşılamaq, orduya, hərbçi peşəsinə sevgi hissini təlqin etməkdir.

Özünün və hərbçi həmkarlarının başına gələnləri bədii dillə yazan qazi-yazıçı millətin qan yaddaşını diri saxlamaq, şəhidlərin “qızıl qanları ilə suvardıqları” torpağı əsl Vətən kimi təqdim etmək, onların xatirəsini bədii obrazlar vasitəsilə yaşatmaq istəyir və buna nail ola bilir. Bəri başdan qeyd edək ki, onun XTQ əsgər və zabitlərinin peşəkarlığından, ölümün gözünə dik baxmalarından bəhs edən xatirə-yazıları daha təbii alınıb, maraqlı və son dərəcə oxunaqlıdır. Əl-əl gəzən əsərləri elə ilk səhifələrindəncə oxucunu öz aurasına alır, hər kəsin varlığına hakim kəsilir.

Zaur Bayramoğlunun Azərbaycanda nəşr olunmuş kitabları ilə yanaşı, qardaş Türkiyədə də əsərləri işıq üzü görüb. “Adını sən qoy” buna misal ola bilər. O, burada ənənəvi hərb mövzusundan kənara çıxır, olayları daha geniş aspektdə sərgiləyir. Toplu son 2 əsrdə Azərbaycan ərazisində baş verən müxtəlif hadisələri, o cümlədən, soydaşlarımızın dəfələrlə Qərbi Azərbaycandan deportasiya olunmasını, 20 Yanvar faciəsini, xüsusilə də Qarabağın 30 il davam edən işğalının müxtəlif yönlərini özündə əks etdirir.

Müəllif əsərlərində tarixi hadisələri bir tarixçi kimi, müharibə səhnələrini isə canlı şahid kimi işıqlandırması ilə fərqlənir. Məsələn, “Öz üzərində qələbə” kitabında çoxşaxəli mövzu qədim alban mədəniyyətinin və alban kilsəsinin tədricən erməniləşdirilməsindən başlanır. Ardınca Nargin adası ilə bağlı faciəli hadisələr, Hacı Zeynalabdin Tağıyevin mesenatlıq fəaliyyəti, blokadada qalan Naxçıvan əhalisinin əsrin əvvəllərində yaşadığı çətinliklər və s. kimi ən müxtəlif tarixi və real hadisələrdən söhbət açılır. Yazıçı, eyni zamanda, ordunun yaranma və inkişafının ilk dövrlərindəki təbəddülatlardan, fərdlərin milli mənlik şüurunun inkişafından inandırıcı dillə söhbət açır.

Əsərlərinin müəyyən səhifələrdə döyüş və kəşfiyyat əməliyyatları ən adi detallarınadək təsvir olunsa da, müəllifin bədii vasitələrlə zəngin olan təhkiyəsi oxucunu yormur, əksinə, hadisələrin dərinliyinə varmağa şarait yaradır. Bədii konflikt və kolliziyalar, dialoqların ustalıqla qurulması, uğurlu mövzu keçidləri yazıçının dil ehtiyatının zənginliyindən xəbər verir.

Bir növ öz əsərlərinin baş qəhrəmanı kimi gördüyümüz Zaur Bayramoğlu hələ II Qarabağ savaşından əvvəl qələmə aldığı “Döyüşlə kəşfiyyat” əsərində komandirin dilindən deyirdi: “Mənə geri dönməyi deyil, verilmiş əmri yerinə yetirməyi, ailəsini, sevgilisini deyil, vətən uğrunda ölməyi düşünəcək əsgərlər lazımdır, çünki bu əməliyyata gedəcək əsgərlərin sağ-salamat geri qayıtma ehtimalı azdır... özünü şəhid olmağa hazır hesab etməyənlər bu əməliyyata getməməlidir...” Bu sözlər 44 günlük Vətən müharibəsində, xüsusilə, Şuşanın yüngül silahlarla azad edilməsində hərbçilərimizin nümayiş etdirdikləri “ağlabatmaz” rəşadətin təməl daşı olub.

Durmadan Vətən sevgisini təbliğ edən, qəhrəman oğullarımızın hünərini dastanlaşdıran qazi-yazıçının arzuları gerçəkləşib. Qarabağı və Şərqi Zəngəzuru işğaldan tam azad etmişik. Artıq 4 ildir ki, dünyada real qalib xalq kimi tanınırıq. Bütün bunlara əvvəlcə öz cismi-canı ilə, sonra da qələmi ilə töhfələr verən Zaur Bayramoğlu bir gün belə dayanmadan müzəffər ordumuza mənəvi dayaq olmaqda davam edir.

Növbəti Zəfər bayramına bir neçə gün qalır. Bu ərəfədə mübariz qələm sahibi ilə əlaqə saxladıq. İstedadlı yazıçı dedi:

– Mənim üçün 2024-cü il də düşərli sayıla bilər. Belə ki, yaradıcılıq uğurlarıma görə Prezident təqaüdünə layiq görüldüm. Azərbaycan Prezidentinin və AYB-nin bu qayğısı məni daha da ruhlandırdı. İndi həm I, həm də II Qarabağ müharibəsində snayper kimi döyüşən xanım-döyüşçü obrazının və onun Laçının işğalı zamanı şəhid olmuş sevgilisi Elçinin taleyindən bəhs edən “Yalquzaq” romanını bitirmək üzrəyəm. Bununla paralel olaraq, Zəfər savaşına və ötənilki antiterror tədbirlərinə həsr etdiyim 4 hissəli romanımın 2-ci hissəsi olan “Ölüm mələkləri” üçün material və faktlar toplayır, həmçinin “Zərifə” adlı başqa bir roman üzərində də işləyirəm. Bu il sosial şəbəkələrdə “Daş şabalıd” və “Fil ovçusu” adlı hekayələrim də yayımlanıb. Hazırda ordumuzun Vətən müharibəsindəki qəhrəman mübarizəsini əks etdirəcək yeni bir layihəyə başlamışam. Həmin layihənin ilk əsəri olan “Pusqu” povesti yaxın zamanlarda oxuculara təqdim olunacaq.

Bəli, fiziki olaraq işığa həsrət qalan qazi-yazıçı Zaur Bayramoğlu sanki qələmini fənər edərək, özünün vətən, millət və ordu sevgisinə işıq tutur.

Əli NƏCƏFXANLI
XQ

Seçilən
35
xalqqazeti.az

1Mənbələr