Böyük Britaniya Kral ailəsi hər il özəl mülkləri vasitəsilə milyonlarla funt-sterlinq gəlir əldə edir.
Musavat.com xəbər verir ki, bu barədə "The Sunday Times"ın araşdırmalarında qeyd olunur.
Daxili sənədlərə əsaslanan hesablamalara görə, Kral III Çarlz və Şahzadə Uilyamın Lankaster və Kornuoll hersoqluqları üzərində dolayısı ilə sahibləndiyi 5410 torpaq sahəsi var.
Bu sahələrdən dövlət qurumları, yerli bələdiyyələr, bizneslər, mədən şirkətləri, əhali kirayə ödənişləri və feodal vergiləri şəklində ödənişlər edir. Kral ailəsi çaylardan keçmək, yükləri sahilə boşaltmaq, kabel çəkmək, məktəb və xeyriyyə təşkilatlarını idarə etmək, hətta məzar qazmaq hüquqlarına görə belə ödənişlər alır. Onlar pullu yollar, bərə dayanacaqları, kanalizasiya boruları, kənd qəsəbə binaları, pablar, içki zavodları, qaz kəmərləri, gəmilərin dayanma yerləri, açıq və yeraltı mədənlər, avtomobil dayanacaqları, kirayəlik evlər və külək turbinlərindən də gəlir əldə edir.
Həmçinin, ordu, donanma, Milli Səhiyyə Xidməti, həbsxana xidməti və dövlət məktəbləri də torpaq, çaylar və dəniz sahillərindən istifadə haqqı olaraq krallığa ödəniş edir.