Formula 1 üzrə Braziliya qran-prisinə yekun vurulub. Başı bəlalı mərhələnin qalibi Maks Ferstappen olub.
Yağışın yağması sessiyaların proqramına ciddi təsir göstərib. Təsnifatla yarış eyni günə salınıb.
Sıralama turunda birinci olmasına baxmayaraq Lando Norris yenə də startda zəif təsir bağışlayıb. Bundan da digər sürücülər istifadə ediblər. Əvvəlcə Corc Rassel liderliyə yüksəlib. Lakin onun birinci getməsi uzun sürməyib. Kolapintonun qəzasına görə dayandırılan yarışın restartından sonra sə Maks Ferstappen öz sözünü deyib. Niderlandlı pilot liderliyə yüksəldikdən sonra mövqeyini heç kimə verməyib. Bununla da o, vacib qələbə sayəsində çempionluğa bir qədər də yaxınlaşıb.
Əsas rəqibi Lando Norris yarışı 6-cı başa vurub. Ən maraqlı məqam autsayderlərdən sayılan “Alpin” komandasının iki pilotla podiuma yüksəlməsi olub. Esteban Okon ikinci, Pyer Qasli isə üçüncü yeri tutub.