AZ

Netanyahu rejimi yalnız 2 gündə 50-dən çox uşaq öldürdü...

UNICEF İsrailin bir aydır davam edən zorakı mühasirəsinin davam etdiyi bir vaxtda Qəzzanın şimalında uşaq ölümlərinin dəhşətli səviyyədə olduğunu bildirib...

UNICEF son 48 saat ərzində Qəzzadakı Cəbəliyyə qaçqın düşərgəsində 50-dən çox uşağın öldürüldüyünü, “Save the Children” xeyriyyə təşkilatı isə bu rəqəmin çoxluğunun “bu münaqişənin və uşaqlara qarşı müharibənin intensivliyini” göstərdiyini bildirib.

Moderator.az xəbər verir ki, bunu “Əl-Cəzirə” kanalı yazır.

“Save the Children” beynəlxalq təşkilatının Qəzzadakı humanitar direktoru və qrup rəhbəri Reyçel Kamminqs bazar günü “Əl-Cəzirə” telekanalına bildirib ki, “Uşaqlar daimi bombardman altındadır, daim qorxurlar”.

Fələstin rəsmilərinin verdiyi məlumata görə, keçən ilin oktyabr ayından bəri İsrailin Qəzzaya hücumu nəticəsində 16,700-dən çox uşaq öldürülüb ki, bu da səhiyyə orqanlarının təsdiqlədiyi 43,341-lik ümumi ölənlərin üçdə birindən çoxunu təşkil edir.

Qəzzanın mərkəzindəki Deyr əl-Balahdan danışan Kamminqs bildirib ki, əslində uşaqlar arasında itkilərin sayı bu müharibədə itkin düşən və ya müşayiətsiz qalanlarla birlikdə təxminən 20.000-ə bərabərdir.

İsrail ordusu Qəzzanın şimalını bir aydır davam edən şiddətli mühasirəsi zamanı 1000-dən çox insanı öldürüb, bu müddət  ərzində qida və tibbi yardımın girişini əngəlləyib və səhiyyə ocaqlarını şikəst edib.

“İnsanlar daim hava hücumları ilə bombalanır və təbii ki, qida və suyun kifayət qədər olmadığını bilirik. Qida və su karvanlarının şimala göndərilməsi qadağan edilir... Bu, tamamilə fəlakətlidir”,- deyə  Kammings bildirib.

"Biz indi Qəzzanın şimalında apokalipsisin baş verdiyini görürük."

Qəzzanın şimalında fəaliyyət göstərən yeganə müəssisə olan Kamal Advan xəstəxanasından Dr. Hussam Əbu Səfiyə xəstəxananın "qurbanlarla dolu olduğunu" söyləyib.

O, beynəlxalq ictimaiyyəti və səhiyyə təşkilatlarını yanacaq və tibbi ləvazimatların çatdırılması üçün “təcili humanitar keçidə” və itkilərin sayını azaltmaq üçün ixtisaslaşmış tibb işçilərinə ehtiyac olduğunu bidlirib.

“Uşaq ölümlərinin dəhşətli səviyyəsi”

BMT agentliyi şənbə günü verdiyi bəyanatda uşaqların yüzlərlə insanın sığındığı iki yaşayış binasını yerlə-yeksan edən İsrailin hücumu nəticəsində həlak olduğunu bildirib.

UNICEF-in icraçı direktoru Ketrin Rasselin bəyanatına görə, “Şimali Qəzzada digər hücumlar nəticəsində uşaq ölümlərinin dəhşətli səviyyəsi ən son hadisələrlə birləşərək bu dəhşətli müharibənin ən qaranlıq dövrlərindən birində daha bir qaranlıq fəsil yazır”. O, həmçinin bildirib ki, anklavın şimalında poliomielit peyvəndi kampaniyasında çalışan UNICEF əməkdaşı İsrailin hücumlarından ən çox əziyyət çəkən Cəbəliyədən keçərkən kvadrokopter tərəfindən atəşə tutulub.

“Cəbəliyədə peyvənd klinikasına və UNICEF-in əməkdaşına edilən hücumlar Qəzza zolağında mülki şəxslərə qarşı zərbələrin ağır nəticələrinin daha bir nümunəsidir. Qəzzanın şimalındakı bütün Fələstin əhalisi, xüsusilə də uşaqlar, xəstəlik, aclıq və davam edən bombardmanlardan ölmək təhlükəsi ilə üz-üzədir”, - bəyanatda deyilir. 

Bazar günü Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirdi ki, İsrail qüvvələri uzun müddət gecikdirilmiş peyvənd kampaniyası üçün humanitar fasiləyə razı olmasına baxmayaraq, Qəzza şəhərində poliomielit peyvəndi mərkəzinə səs-küylü qumbara atıb, ən azı dörd uşağı yaralayıb.

İsrail ordusu humanitar böhrana səbəb olan mühasirə zamanı şimalda əhalinin sıx məskunlaşdığı iki bölgəni hədəf alan hava hücumunda 13 fələstinlini də şəhid edib. BMT-nin insan hüquqları üzrə komissarı Volker Türk deyib ki, münaqişənin “ən qaranlıq məqamı” Qəzzanın şimalında baş verir.

Xatırladılır ki, İsrail 2023-cü il oktyabrın 7-də “HƏMAS”-ın həmin ölkəyə hücumundan sonra bir çoxlarının fələstinlilərə qarşı “qisas müharibəsi” adlandırdığı hərbi hücuma başlayıb. “HƏMAS”-ın hücumu nəticəsində əksəriyyəti mülki şəxslər olmaqla 1100-dən çox insan həlak olub, 240-a yaxın adam əsir götürülüb.

S.Laçın

 

 

Seçilən
38
moderator.az

1Mənbələr