AZ

Kənar audit və auditor rəyi ilə bağlı vacib məqamlar (II hissə)

Yazının əvvəlki hissəsi ilə buradan tanış olmaq olar.

Audit hesabatının oxuyucuları / istifadəçiləri kimlərdir?

Audit hesabatının əsas istifadəçiləri səhmdarlar, borcverənlər, kreditorlar, qurumun öz əməkdaşları, potensial investorlar, ictimai əhəmiyyətli qurumlar üçün həm də ümumilikdə cəmiyyətin özüdür.

Auditorlar fəaliyyətini hansı standartlar və qanunvericilik aktları əsasında icra edirlər?

“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu;

Beynəlxalq Audit və Əminlik Standartları Şurası (IAASB - International Auditing and Assurance Standards Board) tərəfindən müəyyən edilən - audit, əminlik və keyfiyyətin idarə edilməsi üçün Beynəlxalq Audit Standartları (ISA – International Standards on Auditing);

Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi;

Digər bütün əlaqədar qanunvericilik aktları.

Hansı audit rəyi növləri var?

A. Müsbət (unmodified / unqualified opinion) – maliyyə hesabatlarının bütün əhəmiyyətli aspektlər baxımından maliyyə hesabatlarının tətbiq olunan çərçivələrinə uyğun hazırlanması barədə auditorun nəticə çıxardığı zaman bildirdiyi rəy.

B. Fərqli rəy (modified / qualified opinion) – şərti müsbət, mənfi və rəy verməkdən imtina.

B1. Şərti müsbət rəy – yetərli münasib audit sübutları əldə etdikdən sonra auditor təhriflərin istər ayrı-ayrılıqda, istərsə də məcmu şəkildə birlikdə maliyyə hesabatlarına təsirinin nüfuzedici deyil, əhəmiyyətli xarakter daşıması qənaətinə gəlirsə və ya auditor rəyini əsaslandırmaq üçün yetərli münasib audit sübutları əldə edə bilməsə belə, mövcud olduğu halda, müəyyən edilməmiş təhriflərin maliyyə hesabatlarına mümkün təsirinin nüfuzedici deyil, əhəmiyyətli xarakter daşıması barədə nəticə çıxardıqda şərti müsbət rəy bildirməlidir.

B2. Mənfi rəy – auditor yetərli audit sübutları əldə etdikdən sonra həmin təhriflərin istər ayrı-ayrılıqda, istərsə də məcmu şəkildə maliyyə hesabatları üçün eyni vaxtda həm nüfuzedici, həm də əhəmiyyətli xarakterdə olması barədə qənaətə gəldiyi zaman mənfi rəy bildirməlidir.

B3. Rəydən imtina – auditor öz rəyini əsaslandırmaq üçün yetərli münasib audit sübutları əldə edə bilmədikdə və müəyyən edilmiş təhriflərin maliyyə hesabatlarına mümkün təsirinin eyni vaxtda həm nüfuzedici, həm də əhəmiyyətli xarakterdə olması barədə qənaətə gəldiyi zaman rəy verməkdən imtina etməlidir və ya auditor bir neçə qeyri-müəyyənlik amillərindən ibarət həddən artıq nadir hallarda, qeyri-müəyyənliklərin hər biri ilə bağlı yetərli münasib audit sübutları əldə etmiş olmasına baxmayaraq, həmin qeyri-müəyyənliklərin potensial qarşılıqlı əlaqəsi və onların maliyyə hesabatlarına mümkün kumulyativ təsiri səbəbindən maliyyə hesabatları barədə rəy formalaşdırmağın qeyri-mümkün olması barədə qənaətə gəldiyi zaman rəy bildirməkdən imtina etməlidir.

Əhəmiyyətli təhriflər (material misstatement) nələrdir?

Maliyyə hesabatlarında auditə qədər yol verilmiş təhriflər əhəmiyyətli təhriflərdir. Bu, iki komponentdən ibarət olmaqla təsdiqləmələr əsasında aşağıdakı şəkildə təsvir edilir:

1. Tərkib riski (Inherent risk) – əməliyyatların kateqoriyası, hesab qalıqları və ya açıqlamalar haqqında təsdiqləmələrin istənilən müvafiq daxili nəzarət vasitələrindən əvvəl istər öz-özlüyündə, istərsə də digər təhriflərlə birlikdə əhəmiyyətli ola biləcək təhriflərə meyilliliyidir.

2. Nəzarət riski (Control risk) – əməliyyatların kateqoriyası, hesab qalıqları və ya açıqlamalar haqqında təsdiqləmələrdə baş verə biləcək və istər öz-özlüyündə, istərsə də digər təhriflərlə birlikdə əhəmiyyətli ola biləcək təhrifin iqtisadi subyektin daxili nəzarət vasitələri tərəfindən vaxtında qarşısının alınmaması, aşkar və təshih edilməməsi riskidir.

Misal 1: Bəyan olunmuş satış 10.000 manat, reallıqda satış 9.000 manatdır. Arada qalan fərq 1.000 manat əhəmiyyətli təhrifdir. Çünki bu 10% fərq investorlar, kreditorlar və s. tərəfindən maliyyə analizinə və qərar qəbul edilməsinə əhəmiyyətli dərəcədə təsir edə bilər.

Nüfuzedici (pervasive) təhriflər nələrdir?

Təhriflərin maliyyə hesabatlarına təsirini və ya yetərli münasib audit sübutlarının əldə edilə bilməməsi səbəbindən aşkar oluna bilməyən təhriflərin maliyyə hesabatlarına mümkün təsirini (əgər olarsa) təsvir edir. Auditorun mühakiməsinə görə, maliyyə hesabatlarına nüfuzedici təsirlər bunlardır:

- maliyyə hesabatlarının ayrı-ayrı elementləri, hesabları və ya maddələri ilə məhdudlaşmır;

- əgər məhdudlaşarsa, maliyyə hesabatlarının xeyli hissəsini təmsil edir və ya edə bilər;

- açıqlamalarla əlaqədar olaraq, istifadəçilərin maliyyə hesabatlarını başa düşmələri üçün əsaslı əhəmiyyət daşıyır.

Misal 2: Bəyan olunmuş satış 27.000 manat, real satış 30.000 manat, aradakı fərq 3.000 manat;

Bəyan olunmuş aktivlər 50.000 manat, real aktivlər 45.000 manat, aradakı fərq 5.000 manat;

Bəyan olunmuş nağd vəsait 10.000 manat, real nağd vəsait 8.000 manat, aradakı fərq 2.000 manat.

Burada yayınma bir neçə fərqli maddələrə təsir edir və bu da maliyyə hesabatının dürüstlüyünü bütövlükdə şübhə altına qoymaqla, nüfuzedici təhrifi əks etdirir.

Audit olunmuş maliyyə hesabatları hara və hansı müddətlərdə təqdim edilir?

Audit olunmuş maliyyə hesabatlarının təqdimedilmə müddətləri və ünvanları qurumlardan asılı olaraq fərqlənir. Adətən, hesabat ili bitdikdən sonrakı ilin 30 aprel və 30 iyun tarixlərinədək (konsolidasiya olunmuş maliyyə hesabatları təqdim edən şəxslər üçün) olan dövrdə hesabatlar təsisçiyə, tabe olduğu yuxarı quruma, Maliyyə Nazirliyinə, Mərkəzi Banka və s. təqdim edilir və ya dərc edilir.

Seçilən
31
vergiler.az

1Mənbələr