Müdafiə Sənayesi Nazirliyinin "Optika-Mexanika" İB "Azon zavodu" MMC nəqliyyat vasitələri ilə bağlı qaydalarını pozduğu üçün cərimələnib.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, müvafiq qurum tərəfindən 339.1-ci (Nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması, texniki baxışın keçirilməsi, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin və sürücülük vəsiqəsinin verilməsi və cərimənin alınması qaydalarının pozulması) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş şirkətlə bağlı müraciətə baxılıb.
Hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib. Amma cərimənin miqdarı ictimaiyyətə açıqlanmayıb.
Xatırladaq ki, 2006-cı ilin sentyabr ayından Azon zavodu Müdafiə Sənayеsi Nazirliyinin tabеliyində fəaliyyət göstərir. Azon zavodu Azərbaycanda inteqral mikrosxemlərin tam istehsalı üzrə ixtisaslaşmış, geniş texnoloji bazaya malik yeganə müəssisədir. Zavodun direktoru İbrahimov Yaşar Qurban oğludur.