AZ

Sürücüləri düşündürən suala cavab: Gün ərzində cərimələr necə yazılır?

Bakıda ictimai nəqliyyatın effektivliyini artırmaq və yollarda hərəkəti tənzimləmək məqsədilə avtobuslar üçün xüsusi zolaqlar ayrılıb.

Bu zolaqlar əsasən avtobusların hərəkətini sürətləndirmək və sərnişinlərin vaxtında çatdırılmasını təmin etmək üçün nəzərdə tutulub.

Avtobus zolaqlarına daxil olan sürücüləri isə cərimə gözləyir.

Lakin bəzən avtomobil sürücüləri gün ərzində bir neçə dəfə avtobus zolaqına daxil olur.

Bəs avtobus zolağına gün ərzində bir neçə dəfə daxil olan sürücülərə cərimə necə yazılır? 

Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov "Cebheinfo.az"-a açıqlamasında deyib ki, qaydaları təkrar pozan sürücülər yenə cərimələnə bilər:

"Yol hərəkəti qaydalarını pozan sürücülər bəzən hesab edirlər ki, onlara cərimə bir dəfə gəlibsə, gün ərzində oxşar cərimə yazıla bilməz. Lakin belə deyil. Sürücü əgər qaydanı pozubsa, onu yenə həmin maddə ilə cərimələyə bilərlər. Məsələn, sürücü sürət həddini aşmaya görə radara düşübsə, gün ərzində növbəti radarda düşəndə, yenə sürət həddini aşmaya görə cərimələnə bilər. Yaxud parklanmaya görə bir dəfə cərimə olunubsa, yenə də cərimə yazılır".

Ekspert qeyd edib ki, bəzi hallarda sürücülərə  təkrar cərimə yazılmır:

"Əgər sürücü avtomobili texniki baxışdan və icbari sığortadan keçirmədiyinə görə cəriməlibsə, ona 20 gün ərzində eyni cərimə yazılmır".

Bakı şəhəri Baş Dövlət Yol Polis idarəsindən sorğumuza cavab olaraq bildirilib ki, avtobus zolaqına daxil olan sürücülər cərimələnir:

““Yol hərəkəti haqqında” Qanunun 48-ci maddəsinə əsasən 5.9 (Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq) nişanı və 1.23 (“BUS” yazısı) nişanlanması ilə işarələnən zolaqlarda digər nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır. Zolaq 1.1 bütöv nişanlanma xətti ilə digər hərəkət zolaqlarından ayrılmışdırsa, digər nəqliyyat vasitələrinin bu zolağa bütün hallarda daxil olması qadağandır. Əgər gün ərzində  nəqliyyat vasitəsi bir neçə dəfə avtobus zolaqına daxil olursa yenə cərimə protokolu tərtib edilir".

Xatırladaq ki, avtobus zolağına qaydalardan kənar daxil olan şəxslərə 100 manat məbləğində cərimə yazılır və 2 cərimə balı qeydə alınır.

Seçilən
15
cebheinfo.az

1Mənbələr