AZ

Göbələkdən zəhərlənmə necə baş verir? - Açıqlama

Tərkibi vitaminlər, mineral maddələr, zülal, kalsium, dəmir və karbohidratlarla zəngin olan göbələk ləzzətli qida olmaqla yanaşı, həm də çox təhlükəlidir. Göbələkdən zəhərlənməyə qarşı vaxtında tədbir görülməsə, bu, faciə ilə nəticələnə bilər.

Mütəxəssislər bildirir ki, göbələyin yararlılıq müddəti ötdükdə, onun tərkibində orqanizm üçün təhlükəli olan zərərli maddələr əmələ gəlir. Belə göbələklərdən istifadə nəticəsində baş verən zəhərlənməyə qarşı 9 saat ərzində tədbir görülmədikdə bu, xəstənin ölümünə səbəb olur. Meyvə və tərəvəz məhsullarından zəhərlənmə hallarında, hətta 24 saatdan sonra həkimə müraciət etdikdə xəstəni xilas etmək mümkün olur. Ancaq göbələkdən zəhərlənmə 9 saatdan gec aşkarlandıqda, zərərli maddələr, yəni zəhərli göbələklərin toksinləri qana keçir və xəstəni həyata qaytarmaq müşkilə çevrilir.

Qida mütəxəssisi Ağa Salmanov Bakupost.az -a bildirib ki, göbələyin ən təhlükəli və ölümə səbəb olan növündən biri “solğun əzvay” göbələyidir. Onunla şampinyon göbələyi əksər vaxtlar səhv salınır və yeməklərdə, turşularda istifadə olunur. Bu da təbii ki, zəhərlənməyə yol açır:

“Göbələklərin toplanması, saxlanması və emalına düzgün əməl olunmadıqda, onlar insan həyatı üçün potensial təhlükə yaradır. Göbələkdən zəhərlənmə ən çox yayılmış mövsümi qida zəhərlənmələrindən biridir. Azərbaycanda adi şampinyon, yay boletusu, çıxıntı boletus, ağ göbələk, qəşəng boletus, çəhrayı südlücə, narıncı südlücə, palıd südlücəsi, sarı yağlıca və digər yeməli göbələklərə rast gəlmək olar. Yeməli olmayan göbələklərə isə qızılı qaravul, sarı qaravul, gözəlayaqlı boletus, palıd boletusu, kele boletusu, yalançı sarıca, acıqoxu, kobud panus və digərlərini misal göstərmək olar.

Sağlamlıq üçün ən ciddi təhlükəsi olan solğun amanita, sezar amanitası, qırmızı amanita, panterli amanita, şeytani boletus, ağarmış klitosibe, qifvari klitosibe, oyuqlu entoloma, konusvari hiqrosibe, kükürdlü qifoloma, çəhrayı lepiota, təmiz misena və digər göbələk növlərini numunə göstərə bilərik.

Göbələk səhv yığılarsa və emal şərtləri pozularsa, onun istehlakı insan həyatı üçün təhlükə yaradar. Göbələkdən zəhərlənmənin əlamətləri onların növünə, hazırlanması və istehlak xüsusiyyətlərinə, alınan toksin miqdarına görə dəyişir. İlk simptomlar zəhərin bədənə daxil olmasından yarım saat sonra başlayır”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirib ki, göbələkləri bişirdikdən sonra bir müddət saxlamaq və ya qızdıraraq yemək qəti qadağandır:

“Bu, daha ağır zəhərlənmə halı yarada bilər. Ona görə də göbələk bişirilən kimi dərhal yeyilməlidir. Göbələkləri yalnız tələb olunan rejimdə 2 sutkayadək saxlamaq olar. Əgər 2 sutkadan artıq saxlanılarsa, həmin göbələklərin keyfiyyəti itir. Bu da öz növbəsində zəhərlənmənin növbəti mərhələsini yaradır. Hazırda göbələyin mövsümüdür. Ona görə də mən istehlakçılarA ehtiyatlı olmağı məsləhət görürəm. Vətəndaşlar yalnız sanitar-gigiyenik qaydalara uyğun şəkildə satılan və tələb olunan qaydada bişirilən göbələklərlə qidalansınlar. Yalnız belə olan halda sağlamlıqlarının qeydinə qala bilərlər“.

E.Hüseynov qeyd edib ki, göbələklər ən tez xarab olan, eyni zamanda xüsusi saxlanma temperaturu və rejimi tələb edən ərzaq növüdür:

“Hətta günəş şüaları altında bir neçə saat ərzində saxlanılan göbələklərdə qurd əmələ gəlir. Bu səbəbdən də onlar soyuducuda, aşağı temperaturda saxlanılmalıdır. Bu gün küçələrdə, metro çıxışlarında da göbələk satıldığının şahidi oluruq. Kim təminat verə bilər ki, bu göbələklər insanları zəhərləməyəcək? Ona görə də insanlar küçədə, metro çıxışlarında satılan göbələkləri almamlıdırlar. Bu kimi yerlərdə satılan göbələklər insan sağlamlığı üşün təhlükəlidir, zəhərlənmə ola bilər”.

Sevinc,
BakuPost
Seçilən
29
bakupost.az

1Mənbələr