21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Belarus yığmaları (U-21) arasındakı yoxlama oyunları gələn ilə təxirə salınıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, U-21 millimizin Belarusda keçirilməsi nəzərdə tutulan təlim-məşq toplanışı və yerli komanda ilə yoxlama görüşləri hər iki tərəfin qarşılıqlı razılığı əsasında başqa vaxta keçirilib. Bu oyunların 2025-ci ildə təşkil olunması planlaşdırılıb. Lakin qarşılaşmaların tarixi və yeri hələ bəlli deyil. Bu barədə daha sonra məlumat veriləcək.
Xatırladaq ki, AFFA bir müddət əvvəl 21 yaşadək futbolçulardan ibarət yığmamızın noyabrın 16-da və 19-da Belarusla yoxlama görüşləri keçirəcəyi barədə məlumat yaymışdı.