AZ

Paytaxt Bakı qışa hazırdımı? - RƏYLƏR

Payız mövsümü başlayıb, hava artıq soyuyub. Havanın soyuması qurumların qışa hazırlığını gündəmə gətirir. Bu il Azərbaycanda qış ötən illərlə müqayisədə sərt keçəcək. Sinoptik-meteoroloqlar belə hesab edirlər. Onların sözlərinə görə, cari ildə payız mövsümü kimi qışın da sərt keçəcəyi gözlənilir. Oktyabrdan etibarən Azərbaycanda temperaturun kəskin düşməsi və bir sıra ərazilərdə yağış və qarın yağması ilə müşahidə edildi.

Bəs görəsən paytaxt Bakımız qışa hazırdırmı?

Qışa hazırlıqla bağlı Birbaşa SOCAR-ın "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti SİA-ya açıqlama verib.

Birbaşa SOCAR-ın "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev: ""Azəriqaz" İstehsalat Birliyi hər ilin may ayının 1-dən oktyabrın sonuna qədər payız-qış aylarına hazırlıq prosesi icra edir. Bu proses çərçivəsində birlik əməkdaşları yeraltı xətlərin yerüstü dayaqlar üzərində qaldırılması, korruziyaya uğramış boru xətlərinin yeniləri ilə əvəz olunması, boyalanma işləri, şkaf və siyirtmələrin sazlığının, avadanlıqların işlək vəziyyətdə olub-olmamasının yoxlanışı, eyni zamanda payız-qış mövsümü çərçivəsində yeni xətlərin həmin çərçivədə ana xətlərə birləşdirilməsi prosesini icra edir ki, qış aylarında buna görə dayanmalar olmasın. Onsuz da, bu proseslərin icrası üçün lokal dayanmalar olur. Çünki bu dayanmalar qaçılmazdır. Bu proses çərçivəsində yeni çəkilən qaz xətlərinin əsas ana xətlərə qoşulması prosesi də icra olunur ki, qış aylarında bu prosesə görə də əlavə hansısa lokal dayanmalara getmirik.

"Azəriqaz" İstehsalat Birliyi olaraq artıq yanvar ayının 1-dən icra olunmağa başlayıb. Yanvarın 1-dən noyabrın əvvəlinə qədər texniki müayinələr də icra edirik ki, qış aylarında mavi yanacağa ehtiyacın daha çox olduğu aylarda hansısa neqativ hallar baş verməsin. Bu müayinələr hansısa səbəblərdən baş verə biləcək hadisələrin əsaslı şəkildə azalmasına xidmət edir. Bu da qış mövsümünə bir növ hazırlıq kimi dəyərləndirilə bilər".

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti: "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti hal-hazırda qış aylarında su təchizatı sistemində yarana biləcək problemlərin aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirməkdədir. Əsasən kanalizasiya kollektorlarının yuyulması, baxış quyuları və yağış barmaqlıqlarının təmizlənməsi işləri həyata keçirilir. Buna səbəb xəttlər intensiv yağışlar zamanı həm yağış sularını həm də tullantı sularını maneəsiz şəkildə daşıya bilsin. Eyni zamanda kanalizasiya nasos stansiyaları təftiş olunur orada mövcud olan digər mexaniki avadanlıqlar saz vəziyyətə gətirilir.

Bundan başqa qış aylarında ən çox problemlər sayğaclar və magistral paylayıcı şəbəkələrdə baş verən don vurmalardır. Belə ki, vətəndaşlar tərəfindən primitiv qaydada çəkilmiş su xəttlərinin əksəriyyətində izolyasiya məsələləri nəzərə alınmamışdır. Tövsiyəmiz odur ki, həmin xəttlər ya izolyasiya olunmalı ya da torpaq altına keçirilməlidir.

İstehlakçıların diqqətinə çatdırırıq ki, fərdi yaşayış evlərində və fərdi həyətyanı sahələrdə, eləcə də kommersiya obyektlərində quraşdırılmış sayğacların şaxtalı günlərdə don vurma nəticəsində sıradan çıxmasının qarşısının alınması üçün zəruri və qabaqlayıcı tədbirlərin görülməsi vacibdir. Şaxtanın daha çox olduğu gecə saatlarında sayğac içərisində suyun qalmaması üçün sayğacın giriş vintili bağlanmalı, çıxış vintili açıq saxlanılmalı və sayğac qutusunun qapağı bağlı qalmalıdır. Don vurmadan mühafizə tədbirləri kimi sayğacların üzərində isti materiallarında örtük və sayğacın quru ağac yonqaları ilə əhatə olunması tövsiyə olunur".

Müəllif: Söylü Ağazadə
Seçilən
41
1
sia.az

2Mənbələr