AZ

“Yeni Dünya Nizamı”nda nələr olacaq?

Dünya həmişə münaqişə vəziyyətində olub və bu, insan təbiəti ilə bağlıdır.

Bəzi ekspertlərin fikrincə, “Yeni Dünya Nizamı” - gizli, totalitar dünya hökumətinin qurulduğu sui-qəsd nəzəriyyəsidir.

Onlar bildirirlər ki, "Yeni Dünya Nizamı" əslində gizli hakim elitanın yaratdığı kölgə hökumətin bütün dünyada vahid avtoritar hakimiyyətini bərqərar etməsi ideyasıdır. 

Prezident Co Bayden Vaşinqtonda bu yaxınlarda keçirilən seçkiqabağı kompaniyaların birində  vurğulayıb ki, bəşəriyyət 50 il davam edən mövcud nizamı əvəz etmək üçün “Yeni Dünya Nizamına” ehtiyac duyur. O qeyd edib ki, əvvəlki modellər artıq işləmir və dünyanı birləşdirmək cəsarət, inam tələb edir. Bayden yaxın 4-5 ildə qəbul edilən qərarların növbəti onilliklərin də siyasətini formalaşdıracağını bildirib.

ABŞ dövlət katibi Entoni Blinken  “soyuq müharibə”dən sonrakı dövrün bitdiyini bir daha təsdiqləyərək, Rusiyanın Ukraynadakı hərəkətlərinin beynəlxalq nizama ciddi təhlükə yaratdığını vurğulayıb. O, “soyuq müharibə”dən sonrakı dövrdə sabitliyə, sülhə və insan hüquqlarının olan ümidləri xatırladıb, lakin bu ümidlərin indi təhlükə altında olduğunu bildirib. 

Rusiya Prezidenti Vladimir Putin də  “Yeni Dünya Nizamı” qurmaq planlarını dəfələrlə bəyan edib. O iddia edir ki, həqiqətən də suveren dövlətlər dinamik inkişafa nail ola və köhnə nümunələri dəf edə bilərlər. O, bununla təhlükəsizliyi və insan hüquqlarının müdafiəsini təmin etməyə qadir olan BRİCS kimi alternativ beynəlxalq strukturların yaradılmasını nəzərdə tutur.

Beşinci Fransa Respublikasının banisinin nəvəsi Pyer de Qoll SSRİ ilə Fransa arasında diplomatik münasibətlərin 100 illiyinə həsr olunmuş sərginin açılışında BRİCS çərçivəsində “Yeni Dünya Düzəni”nin yaradılmasının zəruriliyi ilə bağlı fikirlərini bildirib. O iddia edir ki, bu, beynəlxalq təhlükəsizliyi təmin edəcək və insan haqlarını qoruyacaq. De Qollun sözlərinə görə, Kazanda keçirilən BRİCS sammiti çoxqütblü dünyanın və Rusiya siyasətinin uğurunun sübutudur. 

O, Fransanı beynəlxalq arenada müstəqilliyini və nüfuzunu bərpa etmək üçün BRİCS-də iştirak fürsətini əldən verməməyə çağırıb. 

İsrailli politoloq, beynəlxalq hüquq üzrə mütəxəssis Mixail Finkel “Cümhuriyət”-ə bildirib ki,  2025-ci ildə dünyanın siyasi xəritəsində hər hansı bir dəyişiklik olacağını düşünmür.  O hesab edir ki, bütün iqlim dəyişiklikləri ilə bağlı söhbətlər uydurmadır: 

"Bu, "kapitan Qrantın uşaqları" dediyim insanların böyük pul qazandığı bir yalandır.  Bugünkü Qrant isə maliyyə yardımı alan, yəni qrant adamlar, "qlobal istiləşmə" və ya "isti serfekt" adlanan mifdən pul qazanan araşdırmaçılar, professorlardır. Heç bir qlobal istiləşmə yoxdur. Biz Rusiyada, Kanadada, Amerikada və hətta Yaxın Şərqdə çox soyuq qışlar görürük. İqlim radikal dəyişmir, bunlar hamısı yalandır, pul qazanmaq üçündür”.

Finkel yeni dünya düzəni və Rusiya-Ukrayna münaqişəsi mövzusuna toxunaraq deyib ki,  Ukraynanın yox olacağını söyləmək olmaz. Ukrayna dövlət olaraq qalacaq:

"Hətta tezliklə danışıqlar başlaya bilər. Müharibələr ya tamamilə məğlubiyyət, ya da danışıqlarla başa çatır. Ukraynanın məğlubiyyəti görünmür, çünki Ukrayna bir çox dünya ölkələri tərəfindən dəstəklənir. Beləliklə, danışıqlar qaçılmaz olacaq. Bəlkə də Ukrayna bəzi ərazilərini itirəcək. Bunlar Rusiya tərəfindən işğal edilən ərazilər və Krım ola bilər.  Ancaq hər halda dünyanın əksər ölkələrinin xəritələrində bu ərazilər xüsusi rənglə işarələnəcək.

Mən Qərbin, ABŞ-nin, ya da bir çox ölkələrin bu əraziləri 100% Rusiya ərazisi kimi tanıyacağına inanmıram. Bu əraziləri  işğal edilmiş və Ukraynaya aid ərazilər hesab edəcək. Tərəflər danışıqlara və sülh müqaviləsinə hazır olacaqlar. Amma hər şey olduğu kimi qalacaq". 

Politoloq eyni ssenarinin İsraildə də baş verə biləcəyini söyləyib. Onun sözlərinə görə, hər şey olduğu kimi qalacaq və İsrailin Livanla qarşıdurması bu ölkəni məhv etməyəcək:

"Livan bəlkə də çox ciddi zərbə alacaq və “Hizbullah” terror qruplaşması faktiki olaraq dağıdılacaq, amma Livan dövləti qalacaq. İran da qalacaq, amma İsrailin güclü zərbələrindən və nüvə proqramını məhv edilməsindən sonra bu ölkədə inqilabın olması mümkündür. İnsanlar bu qanlı terror rejimindən yorulub. Ayətulla Xameneyinin rejimi devrilə bilər, amma İran qalacaq və xalq bu tiranlıqdan azad olacaq. Mən əminəm ki, onlara ABŞ, Böyük Britaniya və İsrail kimi ölkələr kömək edəcək.  İranın rejiminin dəyişəcəyini görə bilirəm, amma bu, 2025-ci ildə olmaya bilər, yaxın gələcəkdə isə mümkündür”. 

Politoloq  qeyd edib ki, 2025-ci ildə də Fələstin adı altında dövlət olmayacaq:

"Fələstin muxtariyyatı İsrailin tərkibində heç vaxt dövlət olmayacaq. İsraildə artıq qanun qəbul edilib ki, Fələstin dövləti yaratmayacağıq, çünki bu dövlətin məqsədi İsrail dövlətini məhv etməkdir. Bu dövlət nə 2025-ci, nə də 2026, 2027-ci ildə olacaq. Bu,  İsrail dövlətinin doktrinasıdır. Bu barədə əvvəlki danışıqların hamısı ləğv edilib. Bundan başqa, yaxın gələcəkdə heç bir xüsusi dəyişiklik gözləmirəm".

Türkiyəli politoloq, yazar Tülin Daloğlunun fikrincə, 2001-ci ildə 11 sentyabr hadisələri, eyni zamanda İraqın, Əfqanıstanın işğalı ilə “Yeni Dünya Düzəni” artıq iyirmi ildir başlayıb.  O qeyd edib ki, bu nizam bir gecədə ortaya çıxa və Avropa Birliyi bir anda dağıla bilməz:

"Ukrayna və ya Yaxın Şərqdəki münaqişələrin nə zaman bitəcəyini proqnozlaşdırmaqda çətinlik çəkirəm. Avropa Birliyinin dominant gücü  olan ABŞ  İkinci Dünya müharibəsindən sonra beynəlxalq sistemi çox pozub. Dünyanın müxtəlif yerlərində insanlar buna reaksiya verirlər. Bu vəziyyətdən istifadə edən  siyasi aktorlar ABŞ-yə qarşı bu üsyanı anti-Qərbçilik kimi göstərərək mənfəət əldə etməyə çalışırlar. Ancaq heç kim antiamerikanizm zəminində aparılan müzakirələrdə konkret nəyə qarşı olduğunu demir. Təbii ki, sistem məsələsini fərdiləşdirməklə onlar çox daha ciddi böhranın yaranmasına vasitə ola bilərlər. Dünya hələ də bu mübahisədən çıxış yolu tapmayıb, cavablar axtarılır". 

Politoloq  qeyd edib ki, bəzi ölkələrin beynəlxalq nizama təsirinin azalması ilə bağlı sual yarana bilər. 

"Ancaq yeni dövrdə ön plana çıxacaq ölkələrin hansı dəyərlərlə çıxış edəcəyini izləmək lazımdır. O zaman necə bir siyasi xəritə ortaya çıxacağı bəlli olacaq. Məncə, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi yenidən yazılmalıdır”.

Seçilən
19
cebheinfo.az

1Mənbələr