AZ

Bakıda BMT-nin COP29 iqlim konfransının keçirilməsi ərəfəsində Amnesty İnternational hüquq müdafiə təşkilatı Azərbaycanda insan hüquqlarının vəziyyəti haqqında hesabat və konfrans iştirakçılarına tövsiyələrini dərc edib.

"Söz, birləşmək və toplaşmaq azadlığı hüquqlarının çoxdan məhdudlaşdırıldığı Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət narahatlıq doğurur. Dinc etirazlar, o cümlədən ekoloji qruplar tərəfindən keçirilən etirazlar müntəzəm olaraq amansız təzyiqə məruz qalır və yerli QHT-lərin məlumatına görə, hazırda 300-dən çox insan siyasi motivli ittihamlarla həbsdədir. 

Sərt qanunlar və hakimiyyətin istənilən real və ya ehtimal olunan tənqidinə görə daimi cəza təhdidi Azərbaycanda müstəqil KİV-in fəaliyyətini əhəmiyyətli dərəcədə çətinləşdirir. Müstəqil KİV-lərin əksəriyyəti, eləcə də vətəndaş cəmiyyəti məhv edilib. Azərbaycanda işgəncə və digər amansız rəftar növləri geniş şəkildə yayılıb, cəzasızlıq isə kök salıb", deyə hesabatda bildirilir.

Azərbaycana COP29-da sədrlik verildiyi andan etibarən müsbət dəyişiklik baş verməyib. "Əslində, Azərbaycanda insan hüquqları sahəsində ağır vəziyyət 2023-cü ilin dekabrından etibarən daha da pisləşib. Hakimiyyət sammitdə "hamının səsinin eşidilməsini təmin etdiyini" iddia edir, amma bu il onlar ondan çox fəalı və jurnalisti təqib edib və iqlim böhranına qarşı mübarizə aparan əsas şəxsləri susdurub".

Xüsusən, hakimiyyət hüquq müdafiəçisi Anar Məmmədlini uydurma "qaçaqmalçılıq" ittihamı ilə həbs edib. Həbsxanada ona adekvat tibbi yardım göstərməkdən imtina ediblər, onu uzunmüddətli həbs cəzası gözləyir.

Vətəndaş cəmiyyətinin iqlimlə bağlı danışıqlarda iştirak edə bilməsi çox vacibdir. "Lakin Azərbaycanın özünün vətəndaş cəmiyyətinin iştirakı həddindən artıq məhdud olacaq". Təhdidlər və təqiblər bir çox yerli fəalı ölkəni tərk etməyə məcbur edib, digərləri isə siyasi motivli ittihamlarla həbsdə saxlanılır. Qalan azsaylı müstəqil səslər COP29 dövründə hər hansı tənqid səsləndirməyə cürət etsələr, təqibə məruz qalmaqla risk edirlər.

Yerli vətəndaş cəmiyyəti qruplarının yaratdığı boşluq GONGO (hökumət qeyri-hökumət təşkilatları) kimi tanınan təşkilatlar tərəfindən qismən doldurulub. "Dövlət tərəfindən dəstəklənən bu qruplar müstəqil nöqteyi-nəzər təqdim etmir, onların mövcudluğu isə Azərbaycan hakimiyyətinin saxta söz və birləşmək azadlığına hörmət mənzərəsi yaratmasına imkan verir".

Mədən yanacağı Azərbaycan iqtisadiyyatının təxminən yarısını və ixrac gəlirlərinin böyük hissəsini təşkil edir. Lakin ölkə mədən yanacağından imtinaya öz töhfəsini verməlidir. Prezident Əliyev bir müddət əvvəl qaz hasilatının genişləndirilməsi planlarını açıqlayıb ki, bu da Azərbaycanın Paris Sazişi üzrə öhdəlikləri ilə bir araya sığmır.

Əvvəlki iqlim sammitləri kimi, COP29 da gündəlikləri iqlim ədaləti ilə ciddi şəkildə ziddiyyət təşkil edən çox sayda iştirakçını qəbul edəcək. Konfransda minlərlə mədən yanacağı lobbiçisinin, həmçinin Shell və BP kimi neft nəhənglərinin rəhbərlərinin iştirak edəcəyi gözlənilir. Bu iştirakçılar öz maraqlarını təşviq etmək üçün əvvəlki sammitlərdən istifadə ediblər, mədən yanacağından imtina səylərinə qarşı çıxıblar. Amnesty İnternational lobbiçilərin qlobal iqlim sazişlərini pozmasına imkan verməmək üçün maraqların toqquşmasına münasibətdə sərt siyasət yürütməyə çağırır.

İqlim dəyişikliyi ekstremal temperaturların kəskin şəkildə yüksəlməsinə gətirib çıxarır və 2024-cü ilin bütün müşahidələr tarixinin ən isti ili olacağı gözlənilir. Bütün dünyada insanlar daşqınlar, qasırğalar, quraqlıqlar və digər qeyri-təbii fəlakətlərlə əlaqədar öz yurd-yuvalarından didərgin düşüblər, qlobal istiləşmə bütün bu fəlakətləri daha da şiddətləndirir. Bütün dünyada yerli xalqlar və torpaqdan asılı olan icmalar biomüxtəlifliyin itirilməsinin ən ağır yükünü daşımaqda davam edirlər.

Yuxarıda deyilənləri nəzərə alaraq, Amnesty İnternational aşağıdakı çağırışları edir:

• İnsan hüquqları iqlim dəyişiklikləri ilə bağlı bütün qərarların mərkəzində olmalıdır;

• Dövlətlər iqlim maliyyəsini xeyli artırmalıdır;

• Bütün dövlətlər sürətli və ədalətli şəkildə mədən yanacağından tamamilə imtina etmək öhdəliyi götürməlidir;

• COP29 iştirakçıları karbonun tutulması, saxlanması və kənarlaşdırılması kimi riskli texnologiyalara əl atmamalı və ya mədən yanacağından tədrici imtina zərurətindən yayınma vasitəsi olaraq "keçid yanacağı" kimi qazı təşviq etməməlidir;

• BMT İDÇK katibliyi, Azərbaycan hökuməti və digər hökumətlər vətəndaş məkanını qorumalı və fikri ifadə etmək, birləşmək və dinc toplaşmaq azadlığı hüquqlarına zəmanət verməlidir.

Seçilən
41
turan.az

1Mənbələr