AZ

Zibil maşınlarının anormal FƏALİYYƏTİ - Məişət tullantıları niyə pik saatlarda daşınır?

Hərəkətin intensiv olduğu vaxtlarda və səhər pik saatlarda məişət tullantılarının daşınmasına tez-tez rast gəlirik. Onsuz da tıxac olan yollarda hərəkəti daha da çətinləşdirən zibil maşınlarının iş qrafiki aktual məsələlərdən birinə çevrilib.

Son vaxtlar bu hal daha da intensivlləşib desək yanılmarıq. Xüsusilə səhər saat 8:00-dan 9:00-a qədər olan aralıqda, insanların dayanacaqlarda ictimai nəqliyyat gözlədikləri halda zibil maşınlarının tullantıları daşıması zamanı ərazidə dözülməz qoxu, çirkabların yaranması, hətta ətrafa səpələmələri əsəbləri tarıma çəkib.
 

MÖVZU İLƏ BAĞLI:

Gecə və gündüz rahatlığı pozan “ZİBİL MAŞINLARI” - Məişət tullantıları nə zaman daşınmalıdır? 


Nəzərə alsaq ki, iş saatıyla əlaqədər səhər tıxac çox olur, üstəlik bu tullantı avtomobilləri də əlavə tıxac yaradır, həmçinin o saatlarda dayanacaqda gözləyən vətəndaşlar üçün də ayrıca narahatlığa səbəb olur. 

Xarici təcrübəyə əsaslansaq, tullantıların daşınması ya səhər açılmamış, ya da gecə saatlarında baş verir. Yəni hərəkət başlamamış daşınma bitir. Məsələn, Türkiyə, Rusiya və Gürcüstanda tullantılar səhər saat 5-6 arası daşınır. Ayrıca daşınma da Azərbaycandakı kimi primitiv üsulla deyil, tamam fərqli yöntəmlə həyata keçirilir. Bir sözlə heç bir hərəkət iştirakçısına mane olmadan bu işlər görülür.

Azərbaycanda isə tam əksinə... Hətta küçələrin süpürülməsi də səhər insanların işə getdiyi bir vaxtda baş verir. Dayanacaqda dayanan insanları ora-bura qaçıran süpürgəçi qadınlar, toz-torpaq yaratmaları ilə yanaşı həm də, onların rahatlığını pozur. Təbii ki, bu prosesləri ümumilikdə Bakı Şəhər İcra Hakimiyyəti tənzimləyr.

Bəs zibil maşınlarının hərəkəti qanunla necə tənzimlənir? Bu avtomobillərin iş rejimi necə qurulur?

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentindən Bizim.Media-ya bildirilib ki, məişət tullantılarını daşıyan avtonəqliyyat vasitələri növbəli qrafiklə günün 24 saatı çalışır:

"Diskolasiya üzrə məişət tullantılarının konteynerləri avtomobilə boşaldılaraq digər əraziyə yollanırlar. Əsas yol və prospektlərdən məişət tullantıları gecə və səhər saatlarında yığılır, lakin bəzi ərazilər var ki, oradan daşınma gündə 4 və ya hətta 5 dəfə həyata keçirilir. Əsasən dar və tıxaclı yollardan gündüz saatlarında tullantılar xüsusi daha az tonnajı olan texnika ilə yığılmaqdadır".


Qrafik məsələsinə gəlincə, qurumdan qeyd olunub ki, bu proses mütamadi olaraq avtomobillərdə quraşdırılmış xüsusi GPS cihazlar vasitəsi ilə monitorinq edilir və müəyyən dəyişikliklər edilir.

Nəzrin Mirzəyeva, Bizim.Media

Seçilən
33
1
bizim.media

2Mənbələr