AZ

Fərid Cəfərov: "Bu il ölkəmizin beynəlxalq sərgilərdə iştirakı məhsuldar oldu" - Açıqlama

Qeyd etdiyimiz kimi, Azərbaycan 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin fəxri qonağıdır.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov Kulis.az-a açıqlamasında bu cür tədbirlərin əhəmiyyətindən bəhs edib.

“İstanbul Beynəlxalq Kitab Sərgisi bütün dünyada sayılıb-seçilən və son on ildə ilk beşlikdə yer alan sərgilərdən biridir. Sərginin 100 000-lərlə ziyarətçisi olur. İstanbulun əhalisini, bura gələn turistlərin sayını nəzərə alsaq, görərik ki, sərgi hər zaman xüsusi bir hadisə kimi qeyd olunur. Biz artıq üçüncü gündür burdayıq, bu ilki 41-ci sərginin də kifayət qədər böyük marağa səbəb olduğunu görürük. Azərbaycan ilk dəfə olaraq xarici beynəlxalq sərgilərdən birində fəxri qonaq olmaq statusunu əldə edib. Sevindirici haldır ki, fəxri qonaq olduğumuz ilk ölkə elə qardaş Türkiyə oldu. Fəxri qonaq olmaq ilk növbədə dövlətimiz üçün mühümdür, həm də mədəniyyətimizin təbliği üçün böyük bir imkandır. Bu günlər ərzində həm xalq ədəbiyyatımızın, həm müəllif ədəbiyyatımızın, eyni zamanda, tariximizin, incəsənətimizin digər qollarının – musiqimizin, milli mətbəximizin tanıdılması baxımından da əlamətdar oldu. Xüsusi bir məqam da ondan ibarətdir ki, bu sərgidə Mədəniyyət Nazirliyi, Milli Kitabxana təklikdə iştirak etmir, həm tanınmış, nüfuzlu qələm adamlarımız, həm də gənc nəsil yazarlarımız burda iştirak edir. Həmçinin, iyirmiyə qədər nəşriyyat öz çap məhsullarını, xüsusən, türk dünyasına aid çap etdikləri kitabları nümayiş etdirirlər”, - deyə o, bildirib.

Nazir müavini il ərzində kitabçılığımızın təbliği yolunda aparılan işlərdən də söz açıb: “Bir şeyi də xüsusi qeyd edim ki, bu il ölkəmizin beynəlxalq kitab sərgilərində iştirak etməsi baxımından məhsuldar il olub. İl başlayandan bir neçə tanınmış kitab sərgisində - Franfurtda, Pekində, Moskvada və Londonda iştirak etmişik. Təbii ki, Mədəniyyət Nazirliyi tərəfindən gələcək illərdə bu fəaliyyətin həm coğrafiya baxımından, həm də keyfiyyət və kəmiyyət baxımından genişləndirilməsi nəzərdə tutulub. Eyni zamanda, ölkəmiz sərgilərdə yalnız iştirakçı qismində çıxış etmir, bildiyiniz kimi, on ildir ölkəmizdə də beynəlxalq kitab sərgisi təşkil olunur və il-ildən xarici tərəfdaşlarımızın, tanınmış yazarların, nəşriyyatların sərgimizə marağının artdığını müşahidə edirik. Təbii ki, hər iki fəaliyyət paralel olaraq inkişaf etdiriləcək. Naşir və yazarlarımızın da bu fəaliyyətdə fəal şəkildə iştirak etməsi vacibdir. Təbii ki, iştirakımız yalnız təqdimatdan ibarət olmamalı və sərgi çərçivəsindəki tanıtımla yekunlaşmamalıdır. Əsas məqsədimiz müəlliflərin tanıdılması, müəlliflik hüquqlarının qarşılıqlı mübadiləsi, naşirlərin fəaliyyətinin genişlənməsi, naşirlərin xarici naşirlərlə davamlı əlaqə saxlaması, yazarlarımızın xarici naşirlərə tanıdılması və onların sərgidən sonra da həmin ölkələrdə çap olunmasının, tədbirlərə dəvət edilməsinin təmin olunmasıdır”.

Seçilən
26
kulis.az

1Mənbələr