Çin elektrikli avtomobillərinin qiyməti olduqca bahadır. Lakin bəzi sürücülərin sözlərinə görə, bu avtomobillər qeyri-sabit hava şəraitlərinə dözümsüzdürlər. Belə ki, Çindən gələn elektromobillərin çoxunun iri gölməçələrə və sair girəndən sonra beyni yanır.
Bəs beyni yanan elektrikli avtomobili necə təmir etmək olar? Bu detalların xərci neçəyə başa gəlir?
Mövzu ilə bağlı avtomobil ustası Sahil Ağabəyli Redaktor.az-a açıqlamasında bildirdi ki, Çin avtomobillərinin sudan keçməsi problemli olmamalıdır, çünki bütün beyin və batareyaların hamısı izolyasiya olunub:
"Onların hamısı suya, oda, küləyə davamlı olaraq hesablanıb. Əgər hər hansısa bir avtomobil suya düşəndə problem yaranarsa, beyninə və yaxud hər hansı bir akkumulyatora ziyan verərsə, bu elektromobil qəza keçiribdir. Məhz qəza keçirmiş avtomobillərlə sudan keçərkən onların elektrik keçirməsi və ya beyinlərinə su dolması halları baş verə bilər. Amma vurulmamış, zavod tərəfindən gələn bir elektromobil suyun içərisindən keçərsə, heç bir fəsad da olmur".
Ustanın sözlərinə görə, belə avtomobillərin təmiri həddən artıq bahadır:
"Ona görə də elektromobillər qəzalardan qorunmalı, yəni həddən artıq diqqət edilməlidir. Avtomobili kasko sığorta etməlidirlər ki, lazım olanda bunlara sahib çıxsın, əks halda sürücülərin özləri bunların xərcini qarşılaya bilməzlər".
Sevinc İBRAHİMZADƏ