Ölkə.az xəbər verir ki, Yenisabah.az satış saytlarında bu tip qarajların qiymətlərini araşdırıb.
Elanlara nəzər saldıqda, bu obyektlərə qiymətin daha çox yerləşdiyi əraziyə görə dəyişdiyi məlum olur. Məsələn, eyni şəraitdə və eyni ölçüdə 2 qarajdan Nərimanov rayonu ərazisində olanın qiyməti 78 min, Yasamal rayonundakı isə 80 min manata satılır. Lakin Binəqədi, Suraxanı və Sabunçu kimi rayonlarda, o cümlədən Sumqayıt şəhərində eyni tip qarajların qiyməti 10-20 min manat arası təklif olunur.
Parametrlər və göstəricilər qiymətlərə təsir etsə də, görünən odur ki, qarajların satış dəyərini formalaşdıran əsas faktor yerləşdiyi məkandır. Misal üçün, Yasamal rayonunda sadəcə avtomobil saxlamaq üçün nəzərdə tutulan qarajların minimum qiyməti 25-30 min manatdır. Binəqədi ərazisində avtoyuma məntəqəsinə çevrilmiş qaraj isə (obyektin artıq biznesə çevrildiyini nəzərə alsaq) təxminən yuxarıda qeyd edilən qiymətlə eynidir.
Bəzi realtorlara görə, daşınması mümkün olan bu cür qarajlara yatırım etmək olduqca sərfəlidir. Belə qarajlardan zamanla müxtəlif biznes vasitələri kimi istifadə edib, yaxşı gəlir əldə etmək mümkündür.