Birləşmiş Millətlər Təşkilatının iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunmuş tərəflər konfransının 29-cu sessiyasının yaxınlaşdığı ərəfədə bəzi qərb yönümlü və ermənipərəst dairələr Azərbaycana qarşı qarayaxma kampaniyasına başlayıb. COP29-un boykot edilməsinə çağırışlar, qərəzli yanaşmalar davam etdirilir.
Millət vəkili Vüqar İskəndərov açıqlamasında bildirib ki, Fransa başda olmaqla bir neçə dövlət, böyük media qurumları və müxtəlif beynəlxalq təşkilatlar azğıncasına bu prosesi davam etdirirlər:
“Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı qələbə və bir günlük antiterror tədbirləri ilə öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Cənab Prezident İlham Əliyevin təbiri ilə desək, bu qələbəni qazanmaqla böyük daşları tərpətmişik, buna görə də böyük dövlətlərin, qlobal güclərin reallıqları qəbul etməmələri gözlənilən idi. Azərbaycanın COP29 kimi beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi etməsi, 200 dövlətin Azərbaycana etimad göstərməsi həmin qüvvələrin yuxusunu ərşə çəkib.
COP29 tədbiri yaxınlaşdıqca bu proses daha da sürətlənib. Məqsəd Azərbaycanın inkişafının yavaşlatmaq, ölkəmizin nüfuzuna xələl gətirməkdir. Azərbaycan kimi bir dövlətin qlobal proseslərdə mühüm iştirakçıya çevrilməsi bu qüvvələri hərəkətə gətirib”.
V.İskəndərov vurğulayıb ki, proseslər dövlətimizin nəzarəti altındadır, Azərbaycan hər şeyi görür və hər şeyə hazırlıqlıdır:
“Ölkəmiz bəşəri dəyərlərə hörmət edir, multikulturalizm, tolerantlıq xalqımızın həyat tərzinə çevrilib. COP29 Azərbaycanın sadiq olduğu dəyərləri bir daha dünyaya göstərəcək. Həmin qüvvələrin gözü Azərbaycanın tərəqqisini, qələbəsini götürməsə də, dünyaya günəş kimi doğan bu ölkənin inkişaf modelini qəbul etməkdən başqa çarələri qalmayacaq”.