Ukrayna cəbhəsində əsir götürülən əsgərlərdən birinin Şimali Koreya vətəndaşı olduğu üzə çıxıb. Sosial mediada bu barədə yayılan fotoda əsir düşmüş şimali koreyalı və onun hərbi bileti nümayiş etdirilib. Bununla da Şimali Koreyanın Rusiya tərəfdən müharibədə iştirak etdiyi bir daha sübut olunub.
Rusiya və Şimali Koreya arasında güclənən hərbi əməkdaşlıq fonunda, bu vəziyyət regionda və beynəlxalq miqyasda yeni təhdidlər doğururmu? Bu hadisə müharibənin miqyasını daha da genişləndirə bilərmi? Rusiya tərəfdən döyüşən xarici qüvvələrin iştirakının sübut olunması, Qərb dövlətlərinin Ukrayna ilə bağlı siyasətinə və regional təhlükəsizlik strategiyalarına necə təsir edəcək? Cənubi Koreya və ABŞ Şimali Koreyanın Rusiya-Ukrayna müharibəsindəki rolu ilə bağlı xəbərlərə reaksiya verərək, bölgədəki təhlükəsizlik tədbirlərini sərtləşdirə bilərmi?
Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Yeganə Hacıyeva bildirib ki, Şimali Koreya əsgərlərinn Rusiya tərəfindən vuruşması ilə bağlı məslələr artıq qəbul olunub.
Onun sözlərinə görə, hətta Rusiya Prezidenti Vladimir Putin də bunu etiraf edib: “Vladimir Putin iki həftə bundan əvvəl öz çıxışında qeyd edib ki, burada təəccüblü heç nə yoxdur. İki ölkə arsında, yəni Şimli Koreya və Rusiya arasında hərbi saziş var. Bir ölkə hərbi baxımdan özünü təhlükədə hiss etdikdə öz strateji tərəfdarından, onun imkanlarından istifadə edə bilər və bu, gələcəkdə də istifadə olunacaq. Faktiki olaraq, Rusiya prezidenti bunu etiraf etdi. Ona görə də Şimali Koreya əsgərlərinin Rusiya tərəfindən vuruşmasının ehtimal kimi təqdim olunmasının özü riyakarlıqdır. Bu, bəzi məsələləri tamamilə dəyişdiyi üçün istər ABŞ, istərsə də Avropa ölkələri bunu bir ehtimal olaraq göstərməyə çalışırdılar. Guya, bu, sadəcə bir ehtimaldır, ortada real fakt yoxdur. Çünki faktın olduğunu etiraf etdiyi dövrdə artıq real addımlara ehtiyac yaranır. Bu real addımların atılması isə son bir ildə mümkün deyildi. Sual yarana bilər ki, Rusiya nə üçün üçüncü ölkənin hərbçilərini öz ordusu ilə birləşdirərək Ukraynada vuruşmağa icazə verdi? Ona görə ki, aradan keçən bir il ərzində ABŞ-də seçkilər var idi. Bu seçkilər ərəfəsində onsuz da heç nə olmayacaqdı. ABŞ-nin başı öz seçkilərinə qarışmışdı. Bir sıra seçkilər Avropada da oldu. Əslində, Ukraynanın özündə də seçkilər olmalı idi, amma mövcud hərbi vəziyyət haqqında qanunu istifadə etməklə, israrla Ukraynanı dağıdan prezident ölkədə qalmaq qərarı ilə seçkiyə getmədi”.
Politoloq bildirib ki, hazırkı mərhələdə Qərb Şimali Koreya əsgərini Ukrayna ərazisində görmək istəmir, yaxud görməməzliyə vurur: “Çünki bu, müharibənin arealını genişləndirəcək şərtlərdir. Burada artıq Rusiya və Ukraynadan başqa ikinci bir tərəf var. Əgər Rusiya tərəfindən üçüncü tərəf iştirak edirsə, Ukrayna tərəfindən də edə bilər. Bu da əslində Rusiyanın Ukraynadakı müharibəni gedər-gəlməzə salmaq siyasətinin bir hissəsidir. İlk gündən başlayaraq, Rusiya hakimiyyəti Ukraynaya müharibəni “NATO bizə hücum edib” təqdimatı ilə əsaslandırdı. Daxildəki o ideoloji əsaslarda nasistlər, Ukraynadakı faşistlər ideologiyası oturmadıqdan sonra əsas ideologiyanı elə götürdülər ki, guya NATO onlara qarşı vuruşur. Aydındır ki, Rusiya tərəfindən üçüncü tərəfin vuruşduğunun üstü açılanda Ukrayna tərəfində də belə bir ehtimalın olduğunu anlamaq lazım idi. Mənim fikrimcə, bu, Rusiya üçün yenilik deyil. Rusiya bunun arzusunda idi və bunu da hesablamışdı. İndi məsələ budur ki, NATO da prosesdə iştirak edəcəkmi? Mən bu gün NATO ölkələrində Rusiya ilə bağlı hər hansı bir təşəbbüs görmürəm”.
Y.Hacıyeva vurğulayıb ki, NATO ölkələri yardım adı altında öz hərbi sənayesinin sözün əsl mənasında zibillərini Ukraynaya göndərib: “Məsələn, bu günlərdə aydın olub ki, Norveçin Ukraynaya göndərdiyi mərmilər əslində hərbi sənayedən “silinmiş”, yəni istifadə üçün vaxtı keçmiş mərmilərdir. Onları artıq Norveç silib. Bu, Rusiyanı bir fakt qarşısında qoyub. Məsələ ondadır ki, Rusiyaya cavab onun planladığı, arzuladığı müstəvidə olmayacaq. Rusiya üçün mütləq bunun bir cavabı olacaq və bu hərbi müstəvidə olmayacaq, daha çox maliyyə müstəvisində baş verəcək. Lakin son üç gündür baş verənlər onu göstərir ki, Rusiya bu mövzuda bir az da israrını artırır. Məsələn, Moskva Avropaya satılan qazın maliyyə hesablaşmasında rus rubluna üstünlük verilməsini tələb edir və belə olmadıqda, soyuq qış aylarında qaz verməyəcəyini bildirir. Rusiya artıq şantaja keçib. Ona görə də bir az qeyri-müəyyən vəziyyətdir. İrəlidə nəyisə dəyişməyə cəmi bir neçə həftə var. Qərb sistemi milad bayramına gedəcək və bildiyiniz kimi, yeni il tətilləri bir ay yarım davam edir. Bu da o deməkdir ki, Rusiya bu milad ərəfəsində Ukraynada nəyi yekunlaşdırmaq istəyirsə, onu həyata keçirəcək”.
Nailə QASIMOVA