AZ

Türk Dövlətləri Təşkilatı “yaşıl maliyyə”ni təşviq etmək niyyətindədir

Noyabrın 6-da Bişkekdə keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) 11-ci sammiti təşkilatın türk dünyasının güclənməsinə yönəlmiş strateji prioritetlərini əhatə edəcək.

"Anadolu" xəbər verir ki, bunu TDT-nin baş katibi Kubanıçbek Ömürəliyev Bişkek sammitinin gündəliyini şərh edərkən deyib.

O qeyd edib ki, sammitdə əsas diqqət iqtisadi inteqrasiya, dayanıqlı inkişaf, rəqəmsal transformasiya və təhlükəsizlik olmaqla dörd əsas istiqamətə yönəldiləcək. İqtisadi sahədə üzv ölkələr arasında rəqəmsal ticarəti asanlaşdıracaq və biznesin ümumi rəqəmsal çərçivədə daha səmərəli fəaliyyətinə imkan yaradacaq Rəqəmsal iqtisadi tərəfdaşlıq sazişinin imzalanması gözlənilir.

Baş katibin sözlərinə görə, dayanıqlı inkişaf gündəliyi də eyni dərəcədə iddialıdır. TDT Türk Yaşıl Maliyyə Şurasının yaradılması və Türk Yaşıl Baxışının qəbul edilməsi yolu ilə “yaşıl maliyyə” və ekoloji menecmenti təşviq etmək niyyətindədir. Bu təşəbbüslər bərpa olunan enerjidən başlayaraq dayanıqlı şəhər inkişafına qədər ekoloji layihələrə investisiya qoyuluşunu təmin edəcək.

“Rəqəmsal transformasiya sahəsində həyata keçirilməsi planlaşdırılan Böyük Türk Dili Modeli və Yer Müşahidə Texnologiyası Peyki kimi layihələr texnoloji imkanları artıracaq və bütün regionda ətraf mühitin monitorinqi, rəqəmsal bağlantı və innovasiyalar kimi sahələrdə fayda gətirəcək”, - Ömürəliyev vurğulayıb.

Onun sözlərinə görə, üzv ölkələr arasında fövqəladə hallara və fəlakətlərə koordinasiyalı cavab tədbirlərinin təmin edilməsinə yönəlmiş Mülki müdafiə mexanizmi haqqında sazişin imzalanması ilə təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi gözlənilir.

Baş katib bildirib ki, TDT ölkələri nəqliyyat, infrastruktur və təhlükəsizlik sahələrində əməkdaşlığın inkişafı ideyasına sadiqdir. Onun sözlərinə görə, Orta Dəhliz layihəsinin inkişafı üzrə birgə səylər türk regionunu Asiya və Avropa arasında ticarət üçün kritik arteriyaya çevirəcək. O, qarşıdan gələn sammitdə yeni layihələrin də təqdim olunacağını vurğulayıb.

“Xidmətlər və investisiyaların azad ticarətinə dair saziş üzərində də iş aparılır və regionda pul-kredit siyasətinin uyğunlaşdırılması və maliyyə sabitliyinin artırılması üçün TDT-yə üzv ölkələrin Mərkəzi Milli Bankları Şurasının yaradılması planlaşdırılır. Bütün bu strateji layihələr özünü qlobal ticarət yollarının mühüm halqası kimi təqdim edən yaxşı əlaqələndirilmiş, rəqabətədavamlı türk regionu yaratma baxışının bir hissəsidir, - o əlavə edib.

Seçilən
31
sam.az

1Mənbələr