Belarus Universal Əmtəə Birjasında Azərbaycana ət məhsullarının ixracı üzrə ilk əməliyyatlar qeydə alınıb.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Belarusun yerli mətbuatına istinadən xəbər verir ki, Brest bölgəsinin ət emalı müəssisəsinin iki birja əməliyyatı üzrə ümumi alış həcmi 18 ton təşkil edib. Əvvəllər Azərbaycan şirkətləri birja platformasında, əsasən, taxta məmulatları və süd məhsulları alırdılar.
Azərbaycan Belarusla birja ticarət dövriyyəsinə görə Rusiya və Çindən sonra üçüncü yerdə qərarlaşıb. Bu ilin 10 ayı ərzində Azərbaycan şirkətləri ötən ilin yanvar-oktyabr göstəricisini 2,5 dəfə üstələyərək 91 milyon dollardan artıq birja əməliyyatları həyata keçiriblər. Belarus mallarının ixracı, əsasən, tədarükün 90 faizini təşkil edən ağac emalı məhsullarından ibarət olub.
Birja satışlarının artımı ilk növbədə Azərbaycandan daimi alıcıların sayının təqribən 1,5 dəfə artımı ilə bağlıdır. 1 noyabr 2024-cü il tarixinə Azərbaycanın 132 rezidenti Belarus Universal Əmtəə Birjasında akkreditasiyadan keçib. İlin əvvəlindən 41 yeni iştirakçı qeydə alınıb.