"Sportinq"in hücumçusu Viktor Dyökereşi heyətinə qatmağı hədəfləyən "Barselona" 26 yaşlı forvardın transferini reallaşdırmaq yönündə çalışmalarını davam etdirir.
Fanat.Az "A Bola"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi sərbəstqalma məbləği 100 milyon avro olan hücumçunu ucuz ala bilmək üçün 19 yaşlı braziliyalı hücumçusu Viktor Rokeni qarşı tərəfə təklif etmək istəyir.
"Sportinq" "Barsa"nın alman çalışdırıcısı Hans-Diter Flikin gələcək planlarına daxil olmayan Rokenin xidmətinə ehtiyac duysa, Viktorun İspaniya nəhənginə transferi tamamlanmış sayılacaq.
Qeyd edək ki, 26 yaşlı Dyökereş cari mövsüm bütün turnirlərdə 16 matça çıxaraq 20 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Lissabon klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer qiymətini 70 milyon avro ilə dəyərləndirir.
Nihat