Yeniyetməlik dövrü insanın həyatında xüsusilə əhəmiyyətli bir mərhələdir. Bu dövrdə insanda bir sıra fiziki, emosional, və psixoloji dəyişikliklər baş verir. Eyni zamanda, hormonal dəyişikliklər, kimlik axtarışları və ailə ilə münasibətlər də dəyişiklik bu yaş dövrünün əsas əlamətləridir.
Psixoloq Azad İsazadə “Yeni Sabah”a açıqlamasında övladları yeniyetməlik dövründə olan valideynlərin hansı problemlərlə qarşılaşa biləcəyini sadalayıb:
“Yeniyetmə yaşda qayda pozma daha tez-tez baş verir. Bu terminə cinayət əməlləri törətmək də aiddir. Yeniyetmələrdə empatiya daha zəifdir. Onlarda yaxşı və pisin nə olduğu tam formalaşmayıb. Onlar bir-birinə fiziki xəsarət yetirə istifadə edə bilərlər. Çünki tam anlamırlar ki, insanı öldürə və ona ağrı verə bilərlər.
Empatiya duyğusu yeniyetməlik dövründə bir az gec, yəni insan böyüyə-böyüyə formalaşır. Ona görə də yeniyetmə yaşda hansısa davranış pozuntuları ilə tez-tez qarşılaşmaq olur. Onların cinayət törətməyinə səbəb tərbiyə və ya xarici təsir faktoru deyil. Bu, tamamilə yaş dövrü ilə əlaqəlidir. Həmin dövrü keçən hər kəs sonra fərqli və rahat həyat tərzi yaşaya bilər.
Sözsüz ki, kriminal həyat yeniyetmələrin gözünə romantika kimi görünür. Kriminal hadisə törətmək fikrində olmayan yeniyetmə belə özünü ifadə edərkən kriminal dildən istifadə edir, siqaret çəkməyə başlayır və s. Ancaq bütün bunlar o demək deyil ki, həmin uşaq mütləq cinayət törədəcək. Lakin nəzərə alınmlıdır ki, onların kriminal hadisələrə qarışma ehtimalı var”.
Psixoloq məktəblərdə kişi müəllimlərin bu məsələdəki rolunu da şərh edib:
“Məktəblərdə kişi müəllimlərinin azlığı şagirdlərin davranışına və hansısa kriminal bağlılığın artmasına ciddi təsiri yoxdur. Cinsindən asılı olmayaraq, hansısa müəllimin avtoritetliyi nəticəsində çox nadinc uşaqlar özlərini daha nizam-intizamlı aparmağa başlaya bilər. Həmçinin, oğlanlar məktəblərdə kişi müəllimin söz və davranışlarına daha çox əhəmiyyət verirlər”.