Xəbər verdiyimiz kimi, ABŞ-da prezidentliyə namizəd Donald Tramp növbəti dəfə ermənipərəst bəyanat verib. Onun bu bəyanatı Azərbaycanda narahatlıq və narazılıq yaradıb.
Xatırladaq ki, noyabrın 3-də D.Tramp Kilikiyanın Böyük Evinin katolikosu I Arama zəng edib. O erməni xalqının hüquqlarını qoruyacağına, Azərbaycan “təcavüzünə” məruz qalmış “Artsax” ermənilərinin geri öz yurdlarına qaytarılması üçün əlindən gələni edəcəyini bildirib.
D.Tramp prezidentliyi dövründə erməni lobbisi ilə məsafə saxlayıb. Həm bu, həm digər səbəblərdən onun yenidən Ağ Evə geri dönməsinə rəsmi Bakı isti yanaşıb. Seçkiyə az müddət qalmış D.Trampın ard-arda bu cür bəyanatlar səsləndirməsi haqlı suallar yaradır.
Referans.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Donald Tramp erməni diasporası ilə ən az əlaqəsi olan namizəd hesab olunur:
“Keçən seçkilərdə də onun erməni diasporu ilə hansısa ciddi əlaqələrinin olmadığı məlum idi.
Hazırkı seçki dönəmində də Tramp və komandası erməni diasporu ilə mühüm əlaqə qurmurdu. Sadəcə seçkilərin finalına az qalmış Donald Tramp həm Qarabağ erməniləri ilə bağlı açıqlama verdi, həm də erməni katolikosuna zəng etməklə erməni diasporunun səsini qazanmağa ümid edir. Çünki bu diaspora Bayden administrasiyası və Trampdan narazıdır. Onlar verdikləri açıqlamada açıq-aşkar bildirirlər ki, bu iki namizəddən heç biri ermənilər üçün xüsusi iş görməyib. Donald Trampın prezidentliyi dövründə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan öz ərazilərini işğaldan azad etdi. Bayden-Harris tandeminin hakimiyyəti dövründə Azərbaycan uğurlu antiterror əməliyyatı apardı. Bu da erməni diasporunun xəyal qırıqlığına səbəb oldu”.
Politoloqun sözlərinə görə, bütün təzyiqlərə baxmayaraq Azərbaycanın təklif etdiyi gündəliklə razılaşmalıdırlar. Güney Qafqazda maraqlarını həyata keçirmək üçün Azərbaycanın haqlı tələblərini qəbul etməlidirlər:
“Donald Trampın verdiyi bəyanat və erməni katolikosuna telefon zəngi seçkilərə hesablanmış addımdır. Bunu da ermənilərdən istifadə etməklə, onların problemləri üzərində manipulyasiya edib səs qazanmaq, siyasətlərini davam etdirməyə çalışırlar”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta