AZ

COP29-da ölkəmizə turist axını vətəndaşın sosial rifahının daha da yaxşılaşmasına xidmət edəcək /ŞƏRH

İştirakçı sayının və müzakirə panellərinin genişliyinə görə dünyanın ən böyük beynəlxalq tədbiri sayılan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi bizim üçün böyük uğurdur. Bir çox dövlətlər bu tədbiri öz ölkələrində keçirmək istəyir. Ancaq aid olduğumuz regionlarda bu tədbiri keçirməyə ilk dəfə biz nail olduq: həm də 200-ə yaxın ölkənin yekdil qərarı ilə. Bu, dövlətimizin apardığı düzgün siyasətin nəticəsidir və düşünürəm ki, belə mötəbər tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın müsbət imicinin daha da artırılması prosesində çox vacib addımdır.


Ekologiya.az bildirir ki, bu sözləri açıqlamasında Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov söyləyib.


Avroviziya, Avropa Oyunları, İslam Həmrəylik Oyunları və Formula 1 kimi iri beynəlxalq tədbirlərin ölkəmizə verdiyi təşkilatçılıq təcrübəsindən danışan deputat bildirib ki, bu təcrübə sayəsində COP29-un da Azərbaycanda keçirilməsi dövlətimizin turizm potensialını daha da önə çıxaracaq. “Son illər Azərbaycanda böyük beynəlxalq tədbirlər baş tutur. Belə tədbirlərin keçirilməsi ölkəmizin turizm sektoru üçün də gözəl imkandır. Qeyri-neft sektoru olaraq turizm o sahələrdən biridir ki, ölkəyə valyutanın gətirilməsində və müxtəlif iş yerlərinin açılmasında xüsusi rolu var. Məhz buna görə də turizm prioritet sektora çevrilib, dövlətimiz tərəfindən bu sahəyə daim diqqət və qayğı göstərilir”, - deyə deputat qeyd edib.


G.Qəhrəmanov, həmçinin dövlət başçılarının COP çərçivəsində Azərbaycana edəcəyi səfərə diqqət çəkərək bildirib ki, yaxın günlərdə bütün dünyanın gözü ölkəmizdə olacaq: “COP29-u yalnız ikihəftəlik tədbir kimi dəyərləndirməməliyik, onun müxtəlif sektorlara daha uzunmüddətli təsirindən danışmaq lazımdır. Çünki tədbir zamanı Azərbaycana bir çox dövlət başçıları səfər edəcək. Eyni zamanda, hökumət nümayəndələrinin, dünyada məşhur insanların ölkəmizə gəlməsi gözlənilir. Bizim üçün çox böyük imkandır ki, bu müddət ərzində öz turizm imkanlarımızı həm gələn qonaqlara, həm də media resursları vasitəsilə bütün dünyaya nümayiş etdirək. Beləliklə, dünyanın ən böyük media imkanları, media resursları Azərbaycana fokuslanacaq. Bu da o deməkdir ki, biz öz turizm imkanlarımızı dünyaya sərgiləmək üçün yaxşı bir fürsət qazanacağıq”.


Tədbir bitdikdən sonrakı mərhələdə ölkəmizə turist axınına toxunan Göydəniz Qəhrəmanov vurğulayıb: “Azərbaycanın bu tədbirə də layiqli ev sahibliyi edəcəyi şübhə doğurmur. Turizm sənayesi - otellər, istirahət mərkəzləri bu tədbirə hazırdır. Bundan əlavə, turizm marşrutları, tur paketlər hazırlanıb ki, gələn qonaqlar həm paytaxtı gəzəcək, həm də regionlarımızın turizm potensialı ilə yaxından tanış ola biləcəklər. Bu isə qonaqların məmnunluğuna və növbəti dəfə ölkəmizə gəlməklərinə səbəb olacaq. Buna görə də, biz bu konfransın keçirilməsində əlimizdən gələni etməliyik ki, o, ən yüksək səviyyədə keçirilsin. Çünki COP Azərbaycanda turizmin daha da böyüməsinə, həmçinin ölkəmizə investisiya axınına, vətəndaşın sosial rifahının daha da yaxşılaşmasına səbəb olacaq”.

Seçilən
37
ekologiya.az

1Mənbələr