“İnşallah yaxşı olar hər şey. Burdan hamını salamlayıram, bəlkə də biz şəhid olduq, heç qismət olmadı... Amma inşallah bizim qohumlar, gələcək nəsillərimiz gəlib bu yerlərdə oturub rahat istirahət edəndə bizə bir “Allah rəhmət eləsin” deyərlər. Hamını öpürəm. İnşallah hər şey yaxşı olar, hamımız buradan sağ-salamat qayıdarıq!”.
Bu sözlər ömrünü vətənə fəda edən, xalqımızın alnından qara ləkəni silərək canı bahasına bizlərə firəvan günləri nəsib edən şəhidlərimizdən biri Ramazanov Rasimə məxsusdur.
Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan Vətən müharibəsində Şəhidlik adlı uca zirvəyə yüksələn igidlərimizdən biri də Ramazanov Rasim İsmayıl oğludur. Rasim də döyüş yoldaşları, silahdaşları ilə birlikdə vuruşaraq bizim olan əzəli torpaqlarımızı sahiblərinə qaytardılar.
Ramazanov Rasimin şəhidlik zirvəsinə yüksəlməsindən 4 il ötür. Bu münasibətlə qəhrəmanımızın məzarı başında anım tədbiri keçirildi. İldönümü mərasimində Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Şəhid Ailələri İctimai Birliyi, şəhidin döyüş yoldaşları, şəhid ailələri, şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları, rayon sakinləri iştirak ediblər. İgid Vətən oğlunun ruhuna dua oxunub, əziz xatirəsi böyük ehtiramla yad edilib.
Tədbirdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısının müavini şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən söz açan natiq həmin qələbədə Rasimin da payı olduğunu bildirib.
Qəhrəman şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi şücaətdən söz açan Rasimin döyüş yoldaşları illər keçsə də Rasim kimi qəhrəmanlarımızın unudulmayacağını vurğulayıblar. Onun layiqli davamçıları olacaqlarını bildiriblər.
Şəhidimizin valideyinləri çıxış edərək şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Prezidentin Naxçıvandakı Səlahiyyətli nümayəndəliyinə və rayon rəhbərliyinə minnətdarlığını bildiriblər. Övladlarının xatirəsinin əziz tutulmasını, daim yad olunmasını Rasimin timsalında bütün şəhid ailələrinə olan hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi qiymətləndiriblər.
Tədbirdən sonra ailəsini ziyarət etdik. Hər küncündə, hər divarında Rasimdən bir nişanə olan evdə şəhidin atası İsmayıl bəy, anası Tərlan xanım, şəhidimizin dostları ilə həmsöhbət olduq.
Rasimin qardaşı Rahim də orduda xidmət edir. Məhz seçdiyi sənətə görə gecə-gündüz, bayram-seyran demədən Vətən sərhədlərinin keşiyini çəkir. Rahim orta təhsilinin son illərini Naxçıvan hərbi Liseyində davam etdirərək təhsilini Heydər Əliyev adına AAHM-də 2021-ci ildə başa vurub. Hazırda Naxçıvanda aviasiya hərbi hissəsində ixtisası üzrə xidmət edir.
Söhbətimiz zamanı Rasimin xatirə otağına daxil olduq. Sanki bir muzeyi xatırladan otağın divarına “Mən ölməmişəm, şəhid olmuşam. Mən o vaxt ölərəm ki, sizlər məni unudasınız!” sözləri yazılmış lövhə diqqəti cəlb edir. Canı və qanı bahasına torpaqlarını düşmən taptağından azad edib günahsız insanların qisasını alan oğulu unutmaq olarmı? Buna sadəcə haqqımız yoxdur.
Üç rəngli bayraq və Rasimə məxsus hərbi geyimin vitrində olduğu otaq şəhidin uşaqlıqdan şəhidliyə qədər müxtəlif dövrlərdə çəkilmiş fotoşəkillərilə bəzədilib. Tavanda hazırlanmış üç rəngli bayrağımızın dekoru otağı əzəmətli edir. Saat, telefon, eynək, bayraq, güllərlə bəzədilmiş çarpayı və şəhidimizin digər şəxsi əşyalarının toplandığı bu ev sözün əsil mənasında bir ziyarətgaha çevrilib.
Ramazanov Rasim İsmayıl oğlu 26 iyul 1998-ci ildə Babək qəsəbəsində anadan olub. İlk təhsilini 2004-2015-ci illərdə Babək rayon Babək qəsəbə 1 saylı tam orta məktəbdə alıb. Rasim 2016-cı ilin iyul ayında ordu sıralarına çağrılıb. 2017-ci ilin dekabrında hərbi xidməti başa vurub. 2018-ci ilin sentyabr ayında üç aylıq kurs keçmiş və kursu müvəffəqiyətlə başa vurduqdan sonra Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlayıb.
Qəhrəmanımızın atası bildirdi ki, Rasimin xəyalı daim Qarabağda idi. Onun bir arzusu vardı, işğal altında olan torpaqlarımız azad olunsun. Və bu müqəddəs işdə onun da payı olsun.
Şəhidin anası Tərlan xanım deyir: "Bir neçə il bundan əvvəl düşmən Fizuli rayonunda balaca Zəhra və nənəsini qətlə yetirəndə hadisə hamı kimi Rasimə də çox pis təsir etmişdi. Erməni qaniçənlərinin körpə uşağı və nənəsini qanına qəltan etməsi onda nifrətlə yanaşı, qisas hissini də alovlandırmışdı. Düşməndən qisas almaq üçün həmişə fürsət gözləyirdi".
Rasim 11 oktyabr 2020-ci ildə könüllü olaraq Vətən müharibəsinə yollanıb. Babək qeyrətli, Koroğlu hünərli Rasim Füzuli, Cəbrayıl, Hadrut rayonları və Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq nümayiş etdirib. Yeri gəlmişkən, Tuğ sözü qədim türk dilində bayraq deməkdir.
Rasimi tanıyan dostları və döyüşçü yoldaşları onun haqqında ağız dolusu danışdılar. “Rasim igid və fədakar bir oğlan idi. Heç nədən qorxmadığını, usaqlıqdan idmanla məşğul olduğunu və fiziki olaraq güclü olduğunu” - deyirlər. Həmişə zəiflərin və gücsüzlərin yanında olan Rasim ədalətli, qayğıkeş bir gənc olub. Dostluqda sədaqətli olan bu gənc ailəsindən başqa yaxın dostları ilə də tez-tez danışırdı. Hətta son dəfə zəng edəndə dostlarına “Qurduğumuz xəyallarımızı yaşamadan ölməyəcəm”- deyib. Cəld, qorxmaz və cəsur olduğu üçün Rasim bölük komandiri Anar Əliyevlə birgə döyüşə öndə gedib.
İgid şəhidimiz 19 oktyabr 2020-ci il tarixdə Xocavənd rayonunun Tuğ kəndi uğrunda gedən döyüşdə düşmən tərəfindən snayper gülləsi ilə boğaz nahiyəsindən vurularaq şəhadətə qovuşur.
Cəsur döyüşçünün cənazəsi 26 oktyabr 2020-ci il tarixdə şəhidin Bakı şəhərindən şanlı bayrağımıza bükülərək Naxçıvan Muxtar Respublikasına gətirilib. Naxçıvan Beynəlxalq Hava Limanında qarşılanaraq, doğulduğu ata ocağına gətirilib və Babək şəhər qəbristanlığında uğrunda şəhid olduğu torpağa tapşırılıb. Onu da qeyd edək ki, Rasim subay idi.
Vətən uğrunda canından keçən qəhrəmanımızın göstərdiyi igidliklər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqətindən kənarda qalmayıb. Dövlət başçısının Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında müvafiq sərəncamlarına əsasən, göstərdiyi qəhrəmanlığa görə Ramazanov Rasim İsmayıl oğlu ölümündən sonra “Vətən uğrunda”, "Xocavəndin azad olunmasına görə" medalı, Şuşa şəhərinin əməliyyatlarında iştirak edərək igidlik və şücaət göstərdiyinə görə “Şuşanın azad olunmasına görə” medalı ilə, “3-cü dərəcəli Vətənə Xidmətə görə”ordeni,"Füzulinin azad edilməsinə görə medalı" ilə təltif edilib.
İgidimizin son döyüşə yollanmazdan əvvəl ailəsinə yazdığı məktubu sizinlə bölüşürük.
Şəhid Məktubu!
Canım Anam, ailəm. Yol gedirəm, tapşırığa çıxıram. Nə olacaq bilmirəm, amma qəlbimə, ürəyimə damıb, getdiyim yoldan qayıtmıyacam. Amma əgər nəsə olsa, ağlamayın canım atam, anam! Onu bilin ki, siz qəhrəman valideyinisiz. Başınızı dik tutun. Mən cənnətdə olacağam. Anam, bilirəm çətindi. Amma onu da düşünək ki, VƏTƏN sağ olsun. Sən böyütdün boya-başa çatdırdın. Amma vətən üçün, xalq üçün getməliydim. Onu bilin şəhidlər ölməz! Mən yanınızda olacam. Sağ olun. Sizi çox sevirəm, inşallah cənnətdə görüşərik. Ramazanov Rasim”.
Xalqımız hər zaman Rasim kimi qəhrəman döyüşçülərimizə minnətdar olacaq. Məhz onların sayəsində uzun illər işğal altında qalmış torpaqlarımız düşmən taptağından azad oldu. Onların qanı tökülən azad edilmiş torpaqlarda bayram tonqalları qalanır, tədbirlər keçirilir, köçkünlər evlərinə qayıdır.
Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürur yerimiz, fəxrimizdir. Gənc nəsilə qürur yerimiz olan şəhidlərimizi tanıtmaq, onları vətənpərvər ruhda böyütmək, torpağına bağlı, millətinə hörmət hissi ilə tərbiyə etmək hər bir vətəndaşın ən ümdə vəzifəsidir.
Ali Baş Komandan İlham Əliyevin də söylədiyi kimi "-şəhid ailələrinin bizim qayğımıza, diqqətimizə ehtiyacı var. Bizim də hər zaman borcumuzdur ki, həmin qayğını onlara hiss etdirək, dəstəyimizi onlardan əsirgəməyək. Əgər bu gün Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələrinə, qazilərimizə yüksək səviyyədə qayğı göstərirsə, onlara dayaq olursa, şəhid ailələrinin qazilərimizin qarşısında baş əyirəm söyləyirsə, bu, hər kəsə örnək olmalıdır.
Biz də şəhidimizi ziyarətə gələnlərlə birlikdə Rasimi dərin ehtiramla yad edirik. Ruhun şad olsun, cəsur qardaşımız.
Bəxtiyar ƏLİYEV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü