AZ

Zeynəb Xanlarova kimdir? - Dünyanın xoşbəxti, spikeri tənqid edən keçmiş deputat

Bir zamanlar onun bütün mahnıları hitə çevrilib dildə-ağızda dolaşırdı. Zeynəb Xanlarova dünyanın ən böyük ölkəsi olan SSRİ-nin də ən tanınmış müğənnilərindən idi. Demək olar ki, dünyanın bütün ölkələrinə qastrol səfərinə gedib, adını tanıtmış, Azərbaycan musiqisini sevdirmişdi. 

Lent.az “Bioqrafiya” rubrikasında Azərbaycanın Xalq artisti, sabiq deputat Zeynəb Xanlarovadan bəhs edir.

- Zeynəb Xanlarova harada və nə zaman anadan olub?

Zeynəb Yəhya qızı Xanlarova 28 dekabr 1936-cı ildə Bakı şəhərində, dağlı məhəlləsində anadan olub. Müğənni tanındıqdan sonra  onun haralı olması barədə çoxlu şaiyələr dolaşmışdı. Hər kəs onu öz bölgəsinin yetirməsi hesab edirdi. Hətta müğənninin Yevlax qaraçısı olması barədə də söz-söhbətlər dolaşmışdı. Təbii ki, bunu yayan da elə qaraçılar olmuşdu.

- Zeynəb Xanlarova harada təhsil alıb?

Yasamal rayonundakı Cəfər Cabbarlı adına 161 saylı orta məktəbdə təhsil alıb. Bakıda keçirilən şəhər bədii özfəaliyyət kollektivində çıxış edərkən münsiflər heyətinin üzvləri olan – Əfrasiyab Bədəlbəyli, Cahangir Cahangirov, Qəmbər Hüseynli və s. qarşısında “Azərbaycan maralı” xalq mahnısı ilə çıxış edən Zeynəbin ifası bəyənilir  və beləcə yolları açılır. O, 1956-cı ildə Mirzə Ələkbər Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. 

- Zeynəb Xanlarovanın ilk muğam ustadı kim olub?

O, Seyid Şuşinskidən muğam dərsləri alıb. O, Azərbaycanın qadın xanəndələri arasında “Çahargah” muğamının ilk ifaçılarından biridir. Xalq artistinin repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur.

1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında Leyli və Əsli obrazlarını yaradıb. Bu günə qədər səhnəmizin ən gözəl Leylisi də o hesab edilir.
Zeynəb Xanlarova filmlərə çəkilib?
O, 14 sənədli filmə çəkilib. Özü haqqında “Salam, Zeynəb!” adlı sənədli televiziya filmi çəkilib.

- Zeynəb Xanlarova hansı fəxri adları alıb?

1975-ci ildə Azərbaycan SSR xalq artisti, 1978-ci ildə Ermənistan SSR xalq artisti, 1980-ci ildə SSRİ xalq artisti adını alıb. Azərbaycan SSR Dövlət mükafatı laureatıdır.  Müstəqillik illərində “Şöhrət”  və “İstiqlal” , “Heydər Əliyev” ordenləri ilə təltif edilib. 

- Zeynəb Xanlarova siyasətlə məşğul olub?

O, Azərbaycan SSR Ali Sovetinin (XI-XII çağırış) və Azərbaycan Respublikası Milli Məclisinin (I-IV çağırış) deputatı olub.

- Zeynəb Xanlarova neçə ölkədə konsert verib?

Bu ölkələrin və konsertlərin sayını böyük müğənni özü də itirib. 70-dən çox ölkədə xüsusi dəvətlə konsert verib.
Yəməndə 50 dərəcə istidə açıq havada konsert verib. Əfqanıstanda isə tankların, pulemyotların müşayiəti ilə konsert keçirib. Əfqanıstanın o vaxtkı rəhbəri Nəcibulla tərəfindən ən yüksək dövlət ordeninə layiq görülüb. Keçmiş SSRİ-dən, eləcə də Azərbaycandan Yaponiyada konsert verən ilk müğənnidir. O, mikrofonsuz stadionda konsert verməsi ilə də yadda qalıb. Getdiyi hər ölkədən bir  milli musiqi gətirən Zeynəbin repertuarından yerli müğənnilər çox istifadə edirdilər.

- Zeynəb Xanlarova özü mahnı bəstələyib?

Bəli. Öz dediyinə görə  Sovet dönəmində bəstəkar olmayanların mahnılarını efirə buraxmadıqlarına görə, o da bəstələrini “Şərq ölkələrinin mahnısıdır, öz dilimizə tərcümə etmişəm” adı ilə efirə çıxarıb. Belə mahnılardan biri də “Xalidə” mahnısıdır.

- Zeynəb Xanlarova xeyriyyəçilik fəaliyyəti ilə məşğul olub?

Bəli. Zeynəb Xanlarova dəhşətli Çernobıl faciəsi baş verən zaman konsertlərindən qazandığı gəlirlərdən ibarət böyük məbləği zərərçəkmişlərə bağışlayıb və yardım siyahısında Azərbaycanın adı Zeynəb xanımın sayəsində öz layiqli yerini alıb.
 Mühacirətdə yaşamış azərbaycanlı şair Almas İldırımın ailə üzvlərinin bir-birini tanımasında və tapmasında Zeynəb Xanlarovanın rolu olub.

- Zeynəb Xanlarova deputat olarkən tənqidi çıxışlar edib?

Bəli. O dəfələrlə Xəzər dənizinin sahillərinin hasarlanmasını dəfələrlə diqqətə çatdırıb. Milli Məclis spikeri Oqtay Əsədov onu “İstiqlal” ordeni alması münasibətilə təbrik etmədiyi üçün onu sərt tənqid edib:

“Ölkə prezidenti məni qəbul elədi, ən yüksək ordeni verdi. Mən 25 ildir ki, millət vəkiliyəm. Ancaq mən bura gəlmişəm, o ortada oturan adam məni təbrik eləmədi. Axı siz kimsiz? Özünü orda oturanda elə apar ki, ordan enəndə də səni saysınlar!”

- Zeynəb Xanlarova gəncliyində toylara  dəvət alıb?

O heç bir vaxt toyda çıxış etməyib.

- Zeynəb Xanlarovanın ailəsi barədə nə bilirik?

Zeynəb Xanlarova əslən Füzuli rayonundan olan mərhum Səlim Babayevlə evli olub.

Səlim Abbas oğlu Babayev 1990-cı illərin əvvəllərində Bakı dondurma fabrikinin direktoru işləyib. 
3 dekabr 1998-ci il tarixində mərhum prezident Heydər Əliyevin sərəncamı ilə Səlim Babayev "Azərbalıq" Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin sədri təyin edilib. O, həmin vəzifədə 2001-ci ilə kimi çalışıb. Səlim Babayev 2000-ci illərin ortalarında dünyasını dəyişib.
Zeynəb Xanlarova və Səlim Babayev cütlüyünün iki oğlan övladı dünyaya gəlib - Ramin və Ramal Babayevlər.

- Zeynəb Xanlarova Amerikada yaşayır?

Xeyr.  Mayami və istanbulda evləri olsa da, Bakıda yaşamağa üstünlük verir.

Seçilən
42
6
qlobal.net

7Mənbələr