AZ

QEYRİ-MÜƏYYƏNLİK VƏ ƏSASSIZ AMBİSİYALAR - TƏHLİL

Ermənistanın 2025-ci il üçün nəzərdə tutulan dövlət büdcəsi layihəsi qeyri-müəyyənliklərlə doludur və ambisiyalar da öz növbəsində nəzərə çarpacaq dərəcədədir. Belə, bu şəkildə qeyri-müəyyənliklər və ambisiyalar erməni cəmiyyətində də rezonans doğurub, hətta müzakirələrə də səbəb olub. Xüsusən də işğalçı ölkə hökumətinin dövlət xərclərini əhəmiyyətli dərəcədə artırmaq, onun ÜDM-ə nisbətini qarşıdan gələn ildə, 2025-ci ildə cari ildəki 30,4%-dən 31,5%-ə çatdırmağı planlaşdırması şübhə ilə qarşılanıb. Dəqiq rəqəmlərlə ifadə etsək, bu, xərclərin təxminən 406 milyard dram, yəni, 1,05 milyard dollar artması deməkdir ki, buna heç ermənilər özləri də inana bilmirlər və mümkünsüz olduğunu açıq şəkldə bildirirlər.

Büdcə layihəsi ilə bağlı qeyd olunan rəqəmlər reallıqla heç də üst-üstə düşəcək görünmür

Hələ də özünə gələ bilməyən və heç bir beynəlxalq və regional layihədə iştirak etməyən Ermənistanın dövlət büdcəsi layihəsinə əsasən, guya 2025-ci ildə dövlət büdcəsinin gəlirləri 2 trilyon 873 milyard dram, yəni, təxminən 7,39 milyard ABŞ dolları təşkil edəcək ki, məhz bu rəqəm reallıqla heç də üst-üstə düşəcək görünmür. Xatırladaq ki, qeyd olunan bu göstərici 2024-cü ildə gözlənilən gəlirdən 11%, eləcə də 2023-cü ilin faktiki gəlir səviyyələrindən 22% çoxdur. Maraqlıdır, belə bir artımı iddia edənlər nəyə əsaslanırlar və nəyə güvənə bilərlər axı? Bunun üçün heç bir əsas ortada yoxdur. Belə bir qeyri-müəyyən proqnoz vermək nəyə lazımdır və ambisiyaları nə ilə izah edə bilərlər?

İşğalçı ölkənin 2025-ci il büdcəsinin xərc hissəsi 3 trilyon 482 milyard dram, yəni, 8,95 milyard ABŞ dolları nəzərdə tutulub. Bu, 2024-cü il üçün gözləniləndən 13% və faktiki 2023-cü il üçün olan xərc səviyyələrindən 37% çoxdur. Birdən-birə belə bir artım elə hayların özlərini də çaş-baş salıb və onların özləri üçün də inandırıcı görünmür. Bir çox erməni ekspertlər, xüsusən də iqtisadi məsələlərdən az-şox başı çıxan haylar bunun inanılmaz olduğunu açıq şəkildə qeyd edilər. 2025-ci ildə dövlət büdcəsi kəsirinin təxminən 609 milyard dram, yəni 1,57 milyard ABŞ dolları olacağını gözləyən Ermənistan hökuməti isə inanılmaz iddialarla, ambisiyalarla çıxış etdiyini etiraf etmək istəmir. Hər halda, qeyri-müəyyən, əsassız proqnozların, ambisiyaların da puç olduğu növbəti ildə də müşahidə ediləcək.

Uydurma büdcə, qeyri-müəyyən proqnoz və əsassız ambisiyalar yersizdir və hədsiz dərəcədə gülüncdür

Hazırda Ermənistanın növbəti il üçün nəzərdə tutulan dövlət büdcəsini müzakirə edən erməni iqtisadçıların özlərinin belə qeyd olunan göstəricilərə nail olmaq barədə şübhələri kifayət qədərdir. Bunun üçün göstərdikləri əsas da yerinə düşür. Çünki onlar özləri də bilirlər ki, 304 milyard dram, yəni 783 milyon dollardan çox əlavə vergi gəlirlərinin əldə edilməsi vergi inzibatçılığının ciddi şəkildə sərtləşdirilməsini tələb etmək deməkdir. Hətta həmin iqtisadçılar bildirirlər ki, vergi inzibatçılığının ciddi şəkildə sərtləşdirilməsi belə göstərilən nəticəni əldə etmək üçün kifayət deyil və nəzərdə tutulan mümkünsüzdür. Məsələn, “FinPort” agentliyinin baş direktoru Emmanuel Mkrtçyanın Ermənistana məxsus mətbuat səhifələrinə verdiyi müsahibəsində də qeyd etdiyi kimi, büdcə kəsiri hələ də yeni borclar hesabına ödənilməli olacaq ki, bu da dövlət borcunun ÜDM-in 54%-nə qədər artmasına gətirib çıxaracaq. Bir sözlə, Mkrtçyan açıq şəkildə bildirir ki, ölkəsinin dövlət büdcəsi ilə bağlı qeyri-müəyyən proqnozları və ambisiyaları cəfəngiyyatdan başqa bir şey deyil.

Haqqında qeyd olunan ekspert Ermənistan hökumətinin “yeni” iqtisadi siyasətinə də xüsusi şəkildə eyham vurur və irimiqyaslı investisiyaların olmaması, xarici inkişaf amillərinin zəifləməsi şəraitində iqtisadi artımdan dəm vurmağa ironik yanaşır, lağ edir. Həqiqətən də, bir halda ki, rəsmi İrəvan heç nəyə əsaslanmadan, daha doğrusu əsassız şəkildə öz büdcə layihəsində də hansısa cəfəng iddialarla çıxış edirsə, bu elə lağ hədəfinə çevrilməli məqamdır. Əgər Ermənistan turis axınına belə göz dikirsə və bununla belə, bu ölkə hakimiyyəti rəsmi şəkildə turist axınının 20% azalmasını etiraf edirsə, deməli, ambisiyaları və qeyri-müəyyən proqnozları da yalandır, uydurmadır və mənasızdır. İşğalçı ölkə hakimiyyəti, rəsmi İrəvan hələ də başa düşə bilmir ki, bu şəraitdə, ölkəsinin səfalət içərisində olan bu acınacaqlı vəziyyətində ya yeni “mənbələr tapmaq”, yəni, hardansa vəsait dilənmək, ya da iqtisadi artıma səbəb ola biləcək layihələr axtarmaq məcburiyyətindədir ki, heç olmasa, vəziyyətdən çıxa bilsin. Belə bir durumda uydurma büdcə, qeyri-müəyyən proqnoz və əsassız ambisiyalar yersizdir və hədsiz dərəcədə gülüncdür.

Ermənistanın maliyyə sektorunun sistemli problemi, iqtisadiyyatın monetizasiyasının aşağı səviyyəsi məsələnin nə yerdə olduğunu göstərir

Paşinyan hakimiyyətinin “qondardığı” növbəti ilin büdcə layihəsinə əsasən, 2025-ci ildə əsaslı xərclər təxminən 733 milyard dram, yəni, 1,89 milyard dollar təşkil edəcək ki, guya vu da 2024-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş əsaslı xərclərin səviyyəsini 5,4 faizdən çox üstələyəcək. Guya 2025-ci ildə əsaslı məsrəflər ÜDM-nin 6,6%-ni təşkil edəcək ki, bu da 2024-cü ilin dövlət büdcəsində nəzərdə tutulan əsaslı xərclərin səviyyəsinə bərabərdir, halbuki, heç də belə deyil və qeyd olunanlar yaxşı halda ancaq təxəyyül, yaxud uydurma adlandırıla bilər. Bunun başqa adı da var və bu qədər ağ yalanların fonunda həmin uydurmaya elə ermənilərin özləri tərəfindən yaxın zamanda daha hansı ad veriləcəyi indidən bəllidir.

Artan qeyri-müəyyənlik şəraitində Ermənistan Mərkəzi Bankı faktiki olaraq çarəsiz durumdadır. Kifayət qədər ehtiyatlı monetar yumşalma siyasətini həyata keçirmək marağı da göz önündədir. Lakin ciddi dizbalans da öz sözünü deyir və buna görə də iqtisadiyyatın real sektorunun kreditləşməsi elə aşağı səviyyədə də qalır. Ölkədə kreditin maliyyələşdirilməsi baxımından kifayət qədər geniş olacaq iri investisiya layihələri yoxdur axı. Əli çarıqlı, beli çantalı küçə nümayişçisinin eyni ilə küçədə vəd verdiklərinin əsassız olduğu, reallıqdan uzaq olduğu qısa zamanda ortaya çıxdığı kimi, indi də onun hakimiyyət komandasının büdcə ilə bağlı qeyri-müəyyənliyinin, ambisiyalarının, bir sözlə, uydurmalarının tezliklə nə qədər mənasız olduğu hamıya, ilk növbədə də hayların özlərinə əyan olacaq.

Ermənistanın maliyyə sektorunun sistemli problemi qətiyyən diqqətdən yayınan deyil. Hər halda, iqtisadiyyatın monetizasiyasının aşağı səviyyəsi, daha dəqiq desək, təxminən 40% olması məsələnin nə yerdə olduğunu başa düşmək üçün kifayət edir. Korporativ kreditləşmə ilə bağlı da vəziyyət xüsusi diqqətə layiqdir. Xatırladaq ki, təxminən on ildir Ermənistanda iri korporativ borc alanların, xüsusən də ixrac yönümlü borc alanların kəskin çatışmazlığı var. Onu da diqqətə çatdıraq ki, məhz ixrac yönümlü yeni iri şirkətlərin yaradılmasına yüksək valyuta riskləri və əsas ixrac bazarlarında qeyri-müəyyənlik mane olur. Yəni, Ermənistan hakimiyyətinin uydurduqları ilə reallıqlar qətiyyən üst-üstə düşmür və reallıqlar məhz Paşinyan hakimiyyətinin yalanlarını açıq şəkildə ortaya qoyur.

Paşinyan hakimiyyətinin 2025-ci il üçün iddialı planlarına, ambisiyalarına baxmayaraq, pessimist ssenari hələ də mövcuddur

Ermənistanın iqtisadi vəziyyətinə təsir edən ən mühüm amil həmin ölkənin ixracatının 60%-ə yaxınının Rusiya bazarından yüksək asılılığı olaraq qalır. Bu isə o deməkdir ki, pessimist ssenari hələ də mövcuddur. Əgər Rusiyada inflyasiya prosesləri güclənməkdə davam edərsə, bu, istehlak tələbinin ümumi azalmasına səbəb ola bilər. Belə bir vəziyyətdə erməni istehsalçıları qiymətləri artırmağa və əlverişli bazar şəraitindən istifadə etməyə çalışarkən ciddi çətinliklərlə üzləşə bilərlər. Bir çox erməni ekspertləri özləri də açıq şəkildə qeyd edirlər ki, artıq minimal marja ilə işləyən ixracatçılarla bağlı vəziyyət xüsusi narahatlıq doğurur. Ona görə narahatlıq doğurur ki, əsas bazarlarda valyuta dəyişkənliyi və qeyri-müəyyənlik şəraitində onların vəziyyəti daha da mürəkkəbləşə bilər.

Belə bir nəticə hasil olur ki, Ermənistan hökumətinin 2025-ci il üçün iddialı planları, ambisiyaları bütöv bir sıra daxili və xarici çağırışlarla üzləşməkdədir. Bəyan edilmiş qondarma büdcə layihəsi və uydurulan siyasətin dırnaqarası uğuru təkcə dövlət investisiyalarının və vergi inzibatçılığının effektivliyindən deyil, həm də əsas ixrac bazarlarında, xüsusən də Rusiyada vəziyyətin necə olacağından asılıdır. Bu şəraitdə, yəni, qeyri-müəyyənlik şəraitində büdcə layihəsi ilə bağlı hansısa uydurmalar həddindən artıq absurddur. Hər halda, işğalçı ölkənin hakimiyyət komandası Ermənistanın büdcəsini düşünsəydi, ilk növbədə məhz işğalçılıq niyyətini bir kənara qoyub daha doğru addımlara, qonşu ölkələrlə normal qonşuluq münasibətləri qurmağa çalışardı. Ən azından belə normal qonşuluq münasibətlərinin fonunda ermənilərin hansısa beynəlxalq və regional layihələrə qoşulmaq şansı yarana bilər ki, bununla da iqtisadi baxımdan inkişafa ümid edə bilərlər. Təbii ki, normal qonşuluq münasibətlərinin yaranması, formalaşması da ilk növbədə sülh şəraitinin olmasından asılıdır. Haylar bilməlidirlər ki, sülh müqaviləsi olmadan nə sülh şəraiti, nə də normal qonşuluq haqqında xəyal belə edə bilməzlər və bu da ən azından iqtisadi baxımdan ölkələri üçün arzuolunmazdır. Əgər Ermənistan hakimiyyəti qeyri-müəyyənlikdən yaxa qurtarmaq və büdcə layihəsini reallıqla uyğunlaşdırmaq, üzlaşdırmaq istəyirsə, ilk növbədə sülhə nail olmağa çalışmalıdır. Əks halda qeyd olunan çatışmazlıqlar, qeyri-müəyyənlik, büdcə layihəsinin reallıqdan uzaq olması bundan sonra da davam edəcək və heç bir uydurma büdcə layihəsi Ermənistanı bu səfalətdən xilas edə bilməyəcək.

Müəllif: İnam Hacıyev
Seçilən
36
sia.az

1Mənbələr