AZ

Qazax-İrəvan qaz kəməri bərpa olunur- ermənilər şübhə edir, Naxçıvan-İrəvan variantı da var...

Image

"Qazprom Armeniya" Azərbaycanda qaz hasilatının həcmini 18,3 milyard kubmetr az göstərib

Artıq Ermənistanda ölkənin enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolu barədə müzakirələr başlayıb. Belə ki, “Qazprom Armeniya”nın Ermənistanın enerji təhlükəsizliyinə dair keçirdiyi seminarda energetika üzrə ekspert Armen Manvelyan  deyib ki, Qazax-İrəvan qaz kəməri işə salınsa belə, Azərbaycan çətin ki, sırf iqtisadi səbəblərdən Ermənistana qaz nəqlində maraqlı olsun.

"Sputnik Armeniya"nın məqaləsində qeyd edilir ki, ötən il Azərbaycan təxminən 30 milyard kubmetr qaz hasil edib ki, bunun da 22 milyardı Gürcüstan ərazisindən keçən (British Petroleum tərəfindən idarə olunan) Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə ixrac edilib: "Qazın bir hissəsi Türkiyəyə (ildə 4-6 milyard kubmetr), yerdə qalan 16 milyard kubmetri Yunanıstan və Bolqarıstana, digər hissəsi (8-10 milyard kubmetr) Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə İtaliyaya verilir. Azərbaycanın əlavə qaz həcmləri (Ermənistana nəzəri satış üçün) məhduddur: birincisi, özü, neft hasilatı ehtiyacları da daxil olmaqla, təxminən 8 milyard kubmetr qaz istehlak edir. Azərbaycanın buna öz qazı çatmır və onun bir hissəsini Rusiyadan alır (açıq mənbələrə görə, ildə təxminən 1 milyard kubmetr). İkincisi, Azərbaycanın Avropa və Türkiyəyə ixracını ikiqat artırmaq öhdəliyi var".

“Avropa bazarı onlar üçün daha maraqlıdır, çünki orada qiymətlər bahadır. Məsələn, Türkiyəyə min kubmetrini 290-320 dollara satırlar, Ermənistan isə Rusiyadan qazın min kubmetrini 165 dollara alır”, - Manvelyan əlavə edib.

Öz növbəsində, “Qazprom Ermənistan”ın baş direktoru Aşot Akopyan qeyd edib ki, sırf texniki baxımdan Qazax-İrəvanın bərpası tamamilə real işdir. Sovet dövründə Ermənistan qazını bu qaz kəməri ilə alırdı, həmin dövrdə inkişaf etmiş sənaye sayəsində respublika daha çox qaz istehlak edirdi: 80-ci illərin sonu 90-cı illərin əvvəllərində - 6 milyard kubmetrə qədər (indi Rusiya və İrandan idxal edir) qaz idxal edilirdi. Qazax-İrəvan xətti diametri 1000 və 800 mm olan iki borudan ibarətdir və Ermənistan ərazisindən keçən hissə hələ də daxili magistral kəmər kimi istifadə olunur.

"Texniki olaraq boruların yenidən birləşdirilməsi zaman məsələsidir. Bunun üçün yeni texnoloji həllər tələb olunmur. Qalan məsələlər başqa müstəvidə, sırf bazarda həllini tapa bilər”, - “Qazprom Ermənistan”ın rəhbəri əlavə edib.

Sentyabrın ortalarında İrəvanda keçirilən II Dünya Erməni Sammitində çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistana qaz nəqli variantını təklif edən Bakının son bəyanatlarını şərh edib. Baş nazir bildirib ki, sülh müqaviləsi imzalanmaq şərti ilə Azərbaycandan qaz idxalı və ya tranzitinin mümkünlüyünü istisna etmir. Eyni zamanda o, Azərbaycandan Naxçıvana və ya Türkiyəyə tranzit qaz kəmərinin Ermənistan ərazisindən keçməsi ssenarisini də istisna etməyə ehtiyac olmadığını bəyan edib.

Xatırladaq ki, Ermənistan Rusiyadan təxminən 2,3 milyard kubmetr (2023-cü ildə - 2 mlrd. 360,4 mln.), İrandan isə 300-400 mln. kubmetr (2023-cü ildə – 370,4 mln.) qaz idxal edir. Rusiyadan gələn qaz ümumi istehlak üçün, İrandan isə istilik elektrik stansiyalarının istismarı üçün istifadə olunur.

Müqaviləyə əsasən, Ermənistanın Rusiyadan qazı 2030-cu ilə qədər olan dövr üçün hər min kubmetrini 165 ABŞ dollarına - sabit qiymətə alması nəzərdə tutulub.

İrandan isə qaz barter yolu ilə İES və digər istilik stansiyalarında istehsal olunan 3 kilovat-saat elektrik enerjisi üçün 1 kubmetr qaz sxeminə əsasən alınır.

Müzakirələr "Qazprom Armeniya" tərəfindən təşkil edildiyindən, burada ekspertlər Rusiyanın Ermənistanın enerji təhlükəsizliyində əvəzedilməz rolunu əsaslandirmağa çalışıblar və bunun üçün bəzi rəqəmləri təhrif ediblər. Ekspertlər bu əsaslandırma zamanı Azərbaycanın imkanlarının məhdudluğunu və Rusiyanın Ermənistana satdığı qazın daha ucuz olduğunu arqument gətirirlər. Birincisi, Rusiya ilə Ermənistan arasında siyasi münasibətlər indiki sürətlə kəskinləşəcəksə, yaxın zamanlarda Rusya Ermənistana nəinki dünya bazarı qiymətinə qaz satacaq, ümumiyyətlə qaz nəqlini dayandıracaq. Baxmayaraq ki, Ermənistanla aralarında 2030-cu ilə qədər sabit qiymətə qaz satışı barədə müqaviləsi var. Heç deməyəcək ki, sizə qaz satmıram, Ermənistana gedən kəmərin öz ərazisindən keçən hissəsində bir təxribat səhnəsi qurulacaq və "texniki səbəblərdən" qaz nəqli uzun müddətə dayandırılacaq. Rusiyanın kurasiyasında olan müxtəlif ölkələrə qarşı bu cür addımları çox tez-tez müşahidə edilir. Bunu Ermənistanda Nikol Paşinyandan tutmuş sıravi vətəndaşa qədər hamı bilir. Ona gorə də Ermənistan Rusiyadan uzaqlaşdıqca özünün enerji təhlükəsizliyi barədə düşünməlidir. Bölgədə isə Azərbaycandan başqa alternativ yoxdur.

İrandan qaz idxalına gəldikdə isə, rəsmi Tehran sanksiyalar altında olduğundan Ermənistana böyük həcmdə qaz sata bilməz. Digər tərəfdən, İrana sanksiyaları elə Ermənistanın inteqrasiya etdiyi Qərb və ABŞ qoyub. Bu səbəbdən Ermənistan İrana qoyulan sanksiyalari pozaraq ondan daha böyük həcmdə qaz ala bilməz. Ermənistanın İrandan aldığı qaz hazırda kiçik həcmdə və barter əsasında olduğundan Qərb ona göz yumur. Düşünülür ki, Ermənistan qaza görə İrana dollar vermir. Yəni texniki, qiymətlər və hasilat imkanları baxımından Ermənistanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu "Qazprom Armeniya" tərəfindən nə qədər aşaği qiymətləndirilsə də, sülh müqaviləsi bağlandığı təqdirdə enerji təhlükəsizliyi məsələsində Bakı İrəvanın ən etibarli tərəfdaşı ola bilər.

Müzakirələr zamani "Qazprom Armeniya"nın mütəxəssisi bildirir ki, Azərbaycanda ötən il 30 milyard kubmetr qaz hasil edilib. Halbuki, 2023-cü ildə Azərbaycanda 48,3 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 12,9 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 26,2 milyard kubmetri “Şahdəniz”, 0,8 milyard kubmetri “Abşeron”,  8,4 milyard kubmetri SOCAR üzrə hasil olunub. 2022-ci ilin müvafiq dövrünə nisbətən 3,2 faiz, yəni 1,5 milyard kubmetr artımla qaz hasil edilib. Yəni müzakirələr zamanı Azərbaycanın qaz hasilati 18,3 milyard kubmetr az göztərilir. Həmin fərqlə Ermənistan kimi 6 ölkənin qaza tələbati ödənilə bilər. Növbəti illərdə isə Azərbaycanın qaz hasilati 60 milyard kubmetrə çata bilər ki, buradan Ermənistana 3-4 milyard kubmetr qazın satılmasi heç bir problem yaratmaz.

İnfrastruktura gəldikdə isə, birincisi, müzakirə olunan Qazax-İrəvan qaz boru kəmərinin bərpası zaman masələsidir, bəlkə də bu kəmər bir necə aya bərpa edilə bilər. Kəmərin illik ötrücülük qabiliyyəti 6 milyon kubmetr, yəni Ermənistanın indi idxal etdiyi illik qaz həcmindən iki dəfə çoxdur.

Digər tərəfdən, İğdır-Naxçıvan qaz kəmərinin təməli ötən ilin sentyabr ayında hər iki ölkənin prezidentləri tərəfindən qoyulub. Qaz kəmərinin tikintisinin qarşıdakı günlərdə tamamlanacağı gözlənilir. Düzdür, bu boru kəmərinin ötürücülük qabiliyyəti ildə 730 milyon kubmetrdir və Naxçıvanın tələbatını təmin etmək üçün nəzərdə tutulub. Amma hazırda Naxçıvan elə bu həcmdə qazı İrandan alır. İrandan alınan qaz həcmini saxlamaqla İğdırdan gələn qazın bir hissəsi də Ermənistana ötrülə bilər. Əgər lazım gəlsə, bu boru xəttinə paralel boru kəməri də çəkilə bilər. Amma fikrimizcə, Qazax-İrəvan boru kəmərinin bərpası kifayətdir, çunki bu kəmər Ermənistanın hazırda aldıği qazdan iki dəfə çox qaz öturmək qabiliyyətinə malikdir.

Azərbaycanın Ermənistana satacaği qazın qiymətinə gəldikdə isə, bunun güzəştli olması üçün İrəvan Bakıya nəsə təklif etməlidir və ya güzəştə getməlidir. O güzəşt və təklifin nədən ibarət olacağı isə bu iki ölkənin imkan və maraqlarından asılı olacaq.

Akif NƏSİRLİ





Seçilən
39
24
baki-xeber.com

10Mənbələr