AZ

Joze Mourinyo: “Bilsəydim, Türkiyəyə heç gəlməzdim”

“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo Türkiyə Super Liqasının 11-ci turunun “Trabzonspor’la səfər oyununda (3:2) hakimliyi tənqid edib.

Arena.az portuqal mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Oyunun ən böyük qalmaqalı bizə qarşı təyin edilmiş penalti oldu. Qulaq asın, xaricdə Türkiyə çempionatına az adam baxır. Londonda, yəqin ki, ancaq oğlum baxır. Mən bu yazını özümün sosial şəbəkə hesablarında yerləşdirəcəyəm. 5 milyondan çox insan bu hakimliyə baxacaq və türk liqasının nə olduğunu görəcəklər”, deyə “Mour” bildirib.

Portuqal mütəxəssis “Fənər” rəhbərliyini də tənqid edib:

“Məni bura gətirmiş “Fənərbaxça” rəhbərliyini də təqsirləndirirəm, onlar mənə buradakı vəziyyətin yalnız yarısını danışıblar.

Mənə hakimliyin bu vəziyyəti haqqında tam hekayəni danışsaydılar, mən bura gəlməzdim! Mən türk deyiləm, siz türklər, bu hakimliklə bağlı vəziyyəti belə qoymayın”.

Yeri gəlmişkən, “Mour” oyunun təzminat müddətində (90+12-ci) “Fənər”in vurduğu qələbə qolunu qeyd edərkən, yenə yıxılıb. Mourinyo biabırçı hakimliyin mənzərəsində komandasının qələbə qoluna o qədər sevinib ki, meydana şığıyaraq, ot örtüyü üzərində diz üstə sürüşmək eşqinə düşüb. Amma “Mour” tarazlığını itirərək, kəllə-mayallaq olub. “Fənər” futbolçuları Mourinyonu qucaqlayaraq, sevinclərini bölüşüblər.

Xatırladaq ki, bir neçə gün öncə baş tutan məşqlərin birində “Fənər” futbolçularından biri “Mour”a çarpılaraq, portuqal mütəxəssisi ot üzərinə döşəmişdi.

“Trabzonspor”la oyundan sonra Joze Mourinyo təhlükəsizlik dəstəsinin müşayiəti altında meydandan çıxarılıb ki, rəqib azarkeşlər tərəfindən zərər görməsin.

Əzmkar qələbə sayəsəində “Fənərbaxça” Türkitə Super Liqasının yarış cədvəlində 10 turdan sonra 23 xalla 2-ci pillədə qərarlaşıb. “Trabzonspor” isə 12 xalla 11-ci yerdədir. Super Liqaya 28 xalla “Qalatasaray” başçılıq edir.

Seçilən
37
arena.az

1Mənbələr