AZ

ABŞ-da 2024 seçkiləri- cəmiyyət heç vaxt belə parçalanmayıb...

Image

ABŞ-da 2024-cü il noyabrın 5-nə təyin edilmiş prezident seçkiləri ölkənin yaxın tarixinin ən mübahisəli seçkilərindən biri kimi tarixə düşəcək. Respublikaçıların prezidentliyə namizədi Donald Tramp bildirib ki, onun rəqibi, Demokratlar Partiyasının namizədi Kamala Harris qalib gəlsə, yaxınlaşmaqda olan III Dünya müharibəsini dayandıra bilməyəcək. 

O, Harrisin qələbəsinin “demokratiyanın sonu” olacağını bildirir. Harrisin tərəfdarları da öz növbəsində Trampın hakimiyyətə gəlməsinin fəlakət olacağını iddia edirlər.

Namizədlərin səsvermədə dəstək rəqəmləri çox yaxındır. Lakin seçkinin nəticəsindən asılı olmayaraq, Amerika cəmiyyəti tarixdə heç vaxt olmadığı qədər parçalanıb. Hesab edilir    ki, 7 “tərəddüdlü ştat” ABŞ-ın 47-ci prezidentini müəyyənləşdirmək baxımından çox önəmli rol oynayacaq. Əslində, seçkinin sonucu bu ştatlar arasında paylanmış cəmi 150 min səsdən asılı ola bilər. Məlumat üçün bildirək ki, “tərəddüdlü ştatlar” ABŞ-ın növbəti prezidentinin kim olacağının müəyyənləşdiyi və mübarizənin gərgin keçdiyi ştatlardır. Belə ştatlar “yelləncək ştatlar” da adlanır. Builki belə ştatlar Pensilvaniya, Miçiqan, Viskonsin, Arizona, Nevada, Corciya və Şimali Karolinadır. Prezident sisteminə sahib olan bir çox başqa ölkələrdən fərqli olaraq, ABŞ öz liderini ümumxalq səsverməsi ilə seçmir. Prezident seçkisinin qalibini ayrı-ayrı ştatlarda keçirilən seçkilərin nəticəsi müəyyənləşdirir. 50 ştatın hər birində və Kolumbiya əyalətində siyasi idarələrə təyinatlar, səsvermənin nəticələri və hər dörd ildən bir Ağ Evə göndəriləcək namizədin seçilməsi noyabır ayının ilk çərşənbə axşamı müəyyən olunur. Bu hal1845-ci ildən mövcuddur. Qeyd edək ki, 19-cu əsrin ortalarında ABŞ sakinlərinin əksəriyyətini fermerlər təşkil edirdi. Bazar günləri onlar mütləq şəkildə kilsələrə baş çəkirdilər, bu səbəbdən seçki prosesinə laqeydlik yarana bilərdi. Şəhərlər böyük olduğundan seçki məntəqələrinə çatmaq üçün də xeyli vaxt tələb olunurdu. Elə o ovaxtdan ən yaxşı variant kimi qərara alınıb ki, seçkiləri çərşənbə axşamı keçirilsin. Noyabr ayı da təsadüfi seçilməyib. Bu ayda əksər təsərrüfat işləri bitir,  həm də yollarda vəziyyəti çətinləşdirən qar mövsümü hələ başlamamış olur. Hazırda ABŞ-da fermerlər əhalinin çox hissəsini təşkil etməsələr də, təxminən iki əsr bundan əvvəl qoyulmuş seçki ənənələri qorunub saxlanılır. ABŞ federal hüququ səs vermək üçün minimum yaş həddini 18 yaş kimi müəyyənləşdirib. Burada seçkilərin keçirilməsinə, seçki qeydiyyatına, seçki yerinə və qiyabi səsvermənin necə keçirildiyinə dair 50 müxtəlif ştat və onların qanunlarının mövcud olduğu bir qarışıq sistem var. Seçkilərin bütün bu incəlikləri federal qanunlar deyil, ştat qanunları ilə tənzimlənir.

Son illər “erkən səsvermə” sistemi də inkişaf edib. Artıq ABŞ-da keçirilən seçkilərdə erkən səsvermədə təxminən 70 milyon amerikalı iştirak edib. Bir çox ştatda seçki günündən əvvəl həm poçt, həm də şəxsən səsverməyə çağırışlar görünməmiş erkən səsvermə dalğasına səbəb olub. Konstitusiyaya əsasən, prezidentə səs verən insanlar əslində 538 nəfərdən ibarət Seçiçilər Kollegiyasını seçir.   1787-ci ildə ABŞ Konstitutsiyası tərtib olunanda heç bir Avropa millətində vətəndaşlar dövlət başçısını birbaşa seçmirdilər. Ona görə də konstitusiyanın müəllifləri iki-mərhələli sistem təsis etdilər ki, buna əsasən xalq səs verir və onların səslərini Seçki Kollegiyası adlanan kiçik qrup qeydiyyadan keçirir. Ümummilli səsvermədən sonra hər ştatın nümayəndələri toplaşaraq prezident seçirlər. Həmin seçicilər hər ştatdan olan Konqres nümayəndəliyinin ekvivalentidir. Ştatda hansı namizəd qalib gəlirsə bütün elektorları da o götürür. Seçiciləri verilmiş səslərə proporsional şəkildə müəyyən edən Nebraska və Meyn ştatları istisna təşkil edir. Həmçinin Kolumbiya Mahalı kimi qeyri-ştat əraziləri təmsil edən üç əlavə elektor da var ki, bunların cəmi 538 edir.Sadə 270 elektoral səs çoxluğu prezidenti müəyyən edir. Amma əgər heç bir namizəd həmin səsi toplaya bilməsə, onda Kontitutsiya prezidenti seçməyi Nümayəndələr Palatasına həvalə edir, hərçənd ki, bu, son 200 ildə baş verməyib. Əksər hallarda ümumi səsverməni qazanan namizəd elektoral səsverməni qazanır. 2000-ci ildə isə situasiya fərqli oldu. Demokrat Al Qor Corc Buşdan yarım milyon əlavə səs və 266 elektoral səs toplamışdı. Amma onun rəqibi Florida ştatında cüzi üstünlüyə malik idi.

Qor ştatda səslərin yenidən sayılmasını tələb etdi. Buş isə məsələni Ali Məhkəməyə çıxardı. Məhkəmə Respublikaçı namizədin tərəfini saxlayaraq ona 25 elektoral səs və bununla da Ağ Evi verdi. Beləliklə,  müəyyən bir ştatda səslərin əksər çoxluğunu qazanmış namizəd hətta cüzi üstünlük əldə etdiyi halda belə bu ştatı Kollegiyada təmsil edən bütün seçkiçilərin səsini götürür. Men və Nebraska ştatlarının hər birində daha çox səs toplamış namizəd iki seçkiçinin səsini almaqla yanası, daha bir seçki nümayəndəsini   isə ABŞ Konqresinə nümayəndə göndərən hər bir ştatın seçki dairəsində qələbə qazandığına görə alır. Ölkənin qurucuları Seçki Kollegiyasını milli hökümətlə ştatlar arasında səlahiyyətlərin bölgüsünü aparmağa imkan verən təsisat kimi yaradıblar. Seçki Kollegiyası kimi prezident seçkisi sisteminə uyğun olaraq, seçicilərin əksər səs çoxluğu hələ seçkilərdə qələbə qazanmaq demək deyil. Eynən bu da istisna deyil ki, hər bir ştatda keçirilən seçkilərin nəticələrinə uyğun olaraq seçki nümayəndlərinin səsvermələrinin nəticələri bütövlükdə ölkədə keçirilən səsvermənin nəticələrindən fərqli nəticələr verə bilər. Hər bir ştatda əhalinin sayına görə müəyyən miqdarda kollegiya üzvləri var. Namizədlər is qeyd edildiyi kimi seçkidə qələbə qazanmaq üçün 538 kollegiya üzvünün an azı 270-nin səsini toplamalıdır. Onu da bildirək ki, bir neçə istisna xaric, hər bir ştatın seçki kollegiyası səslərinin hamısını həmin ştatda ən çox səs toplayan namizədə verir. Məsələn, Pensilvaniyada xalq səsverməsinin qalibi seçki kollegiyasının 19 səsini alır. Alyaska, Şimali Dakota, Cənubi Dakota, Vermont, Vayominq və Kolumbiya Dairəsinin hərəsinin üç seçki kollegiyası səsi var. Ən çox Seçki kollegiyası səsinə malik ştatlarsa 54 səslə Kaliforniya, 40 səslə Texas, 30 səslə Florida və 28 səslə Nyu-Yorkdur. 38 ştatda əsrin başlanğıcından bəri eyni partiya bütün prezident seçkilərində səslərin çoxunu əldə edib və çox vaxt böyük fərqlə qələbə qazanıb. Yalnız 12 ştat 2000-ci ildən bəri azı bir dəfə fərqli nəticə göstərib. Bəzi ştatlarda isə eyni partiya üstünlüyü bundan da uzun müddət qoruyub saxlayıb. Məsələn, Minnesotada seçicilər ta 1976-cı ildən bəri səslərin çoxunu Demokratlara veriblər. Texasda isə seçicilər 1980-ci ildən bəri daim Respublikaçılara səs verirlər.

Ramil QULİYEV





Seçilən
29
40
baki-xeber.com

10Mənbələr