“İnter”in baş məşqçisi Simone İnzaqi İtaliya A Seriyasının 11-ci turunda “Venesiya” üzərində çətin ev qələbəsini (1:0) şərh edib.
Arena.az xatırladır ki, oyunda yeganə qolu 65-ci dəqiqədə “neradzurri”nin argentinalı hücumçusu Lautaro Martines vurub.
Qonaqlar 90+8-ci dəqiqədə qol vursalar da, baş hakim VAR müdaxiləsi ilə qolu ləğv edib.
“Biz daha çox diqqətli olmalı idik, amma yenə də komandanı təbrik etdim, çünki birinci hissədə əla oynadıq. Təəssüf ki, bir çox qol fürsətləri əldən verildi. Fasiləyə qədər imkanlardan birini qola çevirsəydik, bizim üçün çox asan olardı. “Venesiya” kimi ciddi rəqiblə qarşılaşanda oyunu son dəqiqələrə qədər açıq qoymaq olmaz”, – deyə Simone İnzaqi matçdan sonrakı mətbuat konfransında bildirib.
11 turdan sonra “İnter” 24 xalla A Seriyasının yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Venesiya” 8 xalla 18-ci pillədədir. A Seriyasına 25 xalla “Napoli” başçılıq edir.