21 yaşlı futbolçu saytımıza açıqlamasında məsələni belə şərh etmişdi:
“Mingəçevir”lə oyunda (3-cü turda - red.) baş məşqçi məni 9 dəqiqə oynatdı. Mən də etiraz etdim ki, belə az oynamaq istəmirəm. Oyundan sonra iclas keçirilib, heç mənim xəbərim də olmayıb. Sonra mənə deyildi ki, U-19 liqasına getməlisən. Yaşım ora üçün uyğun deyil. 10 ilə yaxındı “Qəbələ”dəyəm. Belə olan halda ordan ayılmağı qərara aldım. Bir aydı heç Qəbələdə deyiləm. Demək olar ki, klubdan ayrılmışam. Problemim rəhbərliklə yox, baş məşqçi ilədi. Rəhbərlik də transfer vərəqimi vermir ki, rəsmi şəkildə ayrılım. Bu problemin aradan qalxacağına inanmıram. Ora qayıtmağım üçün gərək baş məşqçi gedə, bu da mümkünsüzdü. Qışa qədər gözləmək özümə ziyandı. Ötən mövsüm premyer-liqada 20-30 dəqiqə meydanda olurdum. Yayda elita klubundan təklif gəldi, getmək də istəyirdim. “Qəbələ” buraxmadı. Artıq orda qalmaq futbolçu karyerama ziyan vura bilər”.
Görəsən, “Qəbələ” futbolçu ilə problemi hansı şəkildə həll etməyi düşünür?
Klubun idman direktoru Səbuhi Səfiyarlının “Football-plus.az”a söylədikləri:
“Mehrac komandanın oyunçusu, həm də “Qəbələ” akademiyasının yetirməsidi. Akademiya onun o səviyyəyə çatması üçün əziyyət çəkib. 10 ildi ona o boyda xərc çəkilir. Biz belə oyunçuları birdən-birə silib ata bilmərik. Sadəcə, bəzi hərəkətləri var ki, özü yaxşı bilir, o üzdən belə olub. Buna görə baş məşqçi tərəfindən cəzalanıb, əsas komanda ilə məşqə buraxılmır. Şəxsi işlərinə görə Bakıdadı, əslində 19 yaşlılarla məşqə çıxmalıdı. Əvəzedicilər olmadığına görə o komandaya göndərilib. Problemi necə həll edəcəyimiz klubun daxili işidi. Bunu mətbuatla müzakirə etməyəcəyik. Özü nə danışıbsa, böyük səhv edib. Mehrac bizim oyunçudu, müqaviləsi var. Biz bilirik necə həll etmək lazımdı”.
RÖYANƏ OĞUZ