Almaniyalı futbol mütəxəssis Diter Hekkinq Bundesliqada mübarizə aparan “Boxum” komandasının yeni baş məşqçisi təyin olunub.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
60 yaşlı mütəxəssislə müqavilə cari mövsümün sonuna kimi hesablanıb. O, bu vəzifədə istefaya göndərilmiş Peter Saydleri əvəz edib.
Xatırladaq ki, Peter Saydler bu ilin iyul ayında “Boxum”un baş məşqçisi təyin edilmişdi. 62 yaşlı almaniyalı mütəxəssis bu komandanı cəmi 8 oyuna çıxarıb. Bundesliqa klubu bu görüşlərdə qələbəyə həsrət qalıb. Komanda 1 heç-heçə etdiyi halda 7 məğlubiyyətə üzülüb.
Peter Saydler daha öncə “Sankt Qallen”, “Soşo”, “Syon”, “Zalsburq”, “Liferinq”, “Tur”, “Ştutqart Kikkers”, “Nürnberq B”, “Aalen” kimi klublarda da baş məşqçi kimi çalışıb.
Diter Hekkinq isə daha əvvəl “Lyubek”, “Alemanniya”, “Hannover”, “Nürnberq”, “Volfsburq”, “Borussiya” (Mönhenqladbax), “Hamburq” kimi klubları çalışdırıb. Onun sonuncu iş yeri bu ilin may ayında ayrıldığı “Nürnberq” olub.
Xatırladaq ki, “Bohum” hazırda Almaniya Bundesliqasının turnir cədvəlində 1 xalla sonuncu – 18-ci yerdə qərarlaşıb.