AZ

Təbii fəlakətlər bəşəriyyət üçün təhlükədir

Getdikcə daha təhlükəli hal alan bu təhdidlər təxirəsalınmaz tədbirlər görülməsini, ölkələrin və beynəlxalq təşkilatların koordinasiyalı fəaliyyət göstərməsini zərurətə çevirib

Hazırda müşahidə olunan iqlim dəyişikliyi bəşəriyyətə daha çox ziyan vurur. İqlim dəyişikliyi hazırda bütün dünyada baş verir. Qlobal temperatur sənayedən əvvəlki səviyyələrlə müqayisədə 1,5 dərəcə selsi artıb. Təbii ki, təhlükəli hidrometeoroloji hadisələr - güclü küləklər və davamlı yağışlar ərzaq təhlükəsizliyini və planetdəki bütün insanların həyatını, sağlamlığını və rifahını təhdid edir. BMT Fondu isə iqlim dəyişikliyinin təsirlərinin cəmiyyətləri uyğunlaşmağa məcbur etdiyini və mövcud maliyyələşmənin bu ehtiyacları qarşılamaqda yetərli olmadığını bildirir. Fondun mütəxəssisləri COP29-u dünya liderlərinin uyğunlaşma maliyyəsini artırmaq üçün mühüm bir fürsət olaraq görürlər. Onların fikrincə, bu konfrans iqlim dəyişikliyindən ən çox zərər çəkən inkişaf etməkdə olan ölkələr üçün tələb olunan maliyyənin təmin edilməsi baxımından dünya liderlərinin qarşısında duran ilk böyük imkanlardan biridir. Getdikcə daha təhlükəli hal alan bu təhdidlər təxirəsalınmaz tədbirlər görülməsini, ölkələrin və beynəlxalq təşkilatların koordinasiyalı fəaliyyət göstərməsini zərurətə çevirib.

Azərbaycan da bu çağırışa qoşulan ölkələr sırasındadır. Görülən işlər nəticəsində ekologiyamızın və ətraf mühitin qorunması istiqamətində uğurlar əldə edilib. Son illər Azərbaycan yaşıl və daha dayanıqlı enerji landşaftına keçiddə nəzərəçarpacaq irəliləyişlər əldə edib. Ölkə beynəlxalq sərmayə və əməkdaşlıq üçün mərkəzə çevrilməklə yanaşı, təmiz enerji layihələrində də əsas oyunçu kimi mövqeyini möhkəmləndirib. Qlobal miqyasda ekoloji cəhətdən təmiz enerji istiqamətində Azərbaycanın uzaqgörən addımları onun enerji portfelinin şaxələndirilməsi, karbon emissiyalarının azaldılması və ekoloji cəhətdən təmiz texnologiyaların istifadəsi yönündə düşünülmüş səylərinin göstəricisidir.

 İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yaşıl enerji zonası elan olunması da bu baxımdan yüksək dəyərləndirilməlidir. Dövlət başçısının qeyd etdiyi kimi, planlarımız enerji dəhlizini, Xəzər-Avropa İttifaqı enerji dəhlizini yaratmaq üçün tərəfdaşlarımızla fəal işləməkdən ibarətdir. Azərbaycanın vaxtilə çoxlarına əfsanə kimi görünən layihələrin gerçəkləşdirilməsinə nail olması bugünkü  uğurlara yol açdı. Hazırda Azərbaycan yaşıl enerji ixracına dair layihələr həyata keçirməklə özünün neft-qaz tarixindəki uğurunu təkrarlayır.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası, hər şeydən öncə, insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan hər zaman qlobal çağırışlara çevik reaksiya verən və özü də təşəbbüslərlə çıxış edən ölkələr sırasında mühüm yer tutub. Bu səbəbdən COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar həm də ölkəmizin dünyanın prioritet elan etdiyi "yaşıl keçid"in fəal iştirakçılarından biri kimi tanınması və "yaşıl gələcək"lə bağlı hədəflərinin məntiqi davamıdır. Azərbaycanın alternativ və bərpaolunan enerji potensialı yüksəkdir. Son illər Azərbaycan yaşıl enerjinin inkişaf etdirilməsi istiqamətində bir-birinin ardınca önəmli addımlar atıb. Belə ki, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün 2016-cı ildə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. 2021-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" adlı sənəd təsdiq edilib. Milli Prioritetlərə uyğun olaraq növbəti onillik üçün hədəf kimi ölkənin sosial-iqtisadi inkişafının 5 əsas prioriteti təsdiq edilib. Həmin prioritetlərdən biri isə Azərbaycanın "təmiz ətraf mühitə və "yaşıl inkişaf"a malik ölkə" kimi müəyyənləşdirilməsidir. Bu istiqamətdə bir sıra zəruri tədbirlər həyata keçirilir: ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlərə başlanılıb. 2030-cu ilə qədər istixana qazlarının emissiyalarını baza ili (1990-cı il) ilə müqayisədə 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaltmaq qarşıya əsas məqsəd kimi qoyulub.

Göründüyü kimi, bəhs edilən qlobal mənzərə milli səviyyələrdə ölkələrin məsuliyyətini artırır. Hər bir dövlət öz siyasətində dekarbonizasiya məsələlərini önə çəkməlidir. COP və iqlim dəyişməsi ilə əlaqədar dünya Qərbdən yeni maliyyə öhdəlikləri gözləyir. Lakin biz görürük ki, bu qlobal problemlə mübarizədə maliyyə öhdəliyindən yayınmaq üçün Qərb COP29-a ev sahibliyi edən ölkəyə qarşı böhtan və şantaj kampaniyası aparır. Bu isə qəbulolunmazdır. Nəzərə alaq ki, iqlimə böyük ziyan vuranlar arasında məhz Qərb ölkələri üstünlük təşkil edir. Bu baxımdan onlar Azərbaycanın xoş niyyətinə zərbə vurmağa və beynəlxalq ictimaiyyətin diqqətini əsas məsələlərdən yayındırmağa çalışırlar. Amma hər zaman olduğu kimi, bu dəfə də onların məqsədi iflasa məhkumdur.

Şəmsiyyə Əliqızı, “İki sahil”

Seçilən
47
41
ikisahil.az

10Mənbələr