AZ

“Qarabağ” Norveçdə yeni tarix yaza bilər

“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunda “Bodo-Qlimt”in qonağı olacaq. Noyabrın 7-də Norveçdə baş tutacaq görüşə saat 21:45-də start veriləcək.

FutbolPress“in məlumatına görə, “Qarabağ” avrokuboklarda 5-ci dəfə Norveç təmsilçisi ilə üz-üzə gələcək. “Qarabağ”ın skandinavlarla ilk dueli 2009-cu ilə təsadüf edir. Səfərdə “Rusenborq”la qarşılaşan “atlılar” 0:0 hesablı heç-heçədən sonra Bakıda rəqibini məğlub etməklə avrokuboklarda ilk dəfə mərhələ adlamağı bacarmışdı.

“Qarabağ”ın növbəti sınaqları isə “Molde”yə qarşı olub. Bu komanda ilə 3 dəfə üz-üzə gələn Azərbaycan təmsilçisi 1 qələbə qazanıb, 1 heç-heçə edib. Bir görüş isə rəqibin penaltilər seriyasında qələbə qazanması ilə başa çatıb.

“Qarabağ” buna qədər 2 dəfə Norveçdə rəqiblərinin qonağı olub və bu oyunlarda məğlub olmayıb.

Qurban Qurbanovun yetirmələri bu mövsüm avrokubokların yeni formatlı mərhələsinə uğursuz başlayıb. “Qarabağ” əvvəlki turlarda “Tottenhem”ə (0:3), “Malmö”yə (1:2) və “Ayaks”a (0:3) uduzub. Komanda hazırda 36 komanda arasında sonuncudur.

“Bodo-Qlimt” isə arxada qalan üç avrokubok matçında 2 qələbə qazanıb, 1 heç-heçə edib. Norveçlilər Portuqaliyanın “Portu”, “Braqa” klublarını məğlub edib, Belçika “Yunion”u ilə qolsuz bərabərə qalıb. Komanda turnir cədvəlində 7 xalla 9-cu sıradadır.

“Bodo-Qlimt” son illərdə Avropa arenasında adından söz etdirməyi bacaran ortabab komandalardandır. Kollektivlərin durumuna nəzər salsaq, Norveç təmsilçisi daha formadadır, lakin “Qarabağ” daha əvvəl də özündən güclü rəqiblərinə səfərdə qalib gəlməklə yeni tarix yazıb. Budəfəki qələbə həm Norveçdəki, həm də yeni formatlı Avropa Liqasındakı ilk qələbə kimi tarixə düşə bilər.

Kamil Əhməd

Seçilən
60
futbolpress.az

1Mənbələr