İranın azərbaycanlı prezidenti COP29 konfransında iştirak edəcək, onun yəhudi həmkarı Hersoq da ölkəmizə təşrif buyurur - Azərbaycan iki düşmən ölkənin barışığı üçün etibarlı dost məkanına çevrildiyini sübut etdi
İran prezidenti Məsud Pezeşkian BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu Sessiyasında (COP29) iştirak edəcək. APA-nın əldə etdiyi məlumata görə, İran nümayəndə heyətinə prezident Məsud Pezeşkian rəhbərlik edəcək. İranın Azərbaycandakı səfirliyindən məlumatı təsdiqləyiblər. COP29 noyabrın 11-dən 22-dək Bakı şəhərində keçiriləcək.
Qeyd edək ki, İranın radikal “Bəsic Tələbə Hərəkatı” Bakıda keçiriləcək COP29 konfransı ərəfəsində İran prezidenti Məsud Pezeşkiandan açıq şəkildə bu sammiti boykot etməsini istəmişdi. Bu barədə İranın SNN xəbər agentliyinin Telegram səhifəsi məlumat yaymışdı. “Sionist rejim (İsrail nəzərdə tutulur - red.) son bir ildə bir sıra beynəlxalq toplantılarda aldadıcı şəkildə iştirak etməklə Fələstin və Livana hücumları ört-basdır etməyə səy göstərib. İsrail son fəaliyyətində Azərbaycanda keçiriləcək COP29 konfransının gedişatını öz maraqlarına uyğun dizayn etməyə hazırlaşır. Bu rejimin konfransda legitimləşdirilməsi İranın iqtisadi və siyasi suverenliyini zəiflətməklə yanaşı, bəlkə də İsrailin Qərbi Asiya bölgəsində maraqlarını təmin etmək və varlığını möhkəmləndirmək üçün bir yoldur”, - Pezeşkiana müraciətdə vurğulanırdı. İddia edilirdi ki, sionist rejimə dəstək vermək üçün Azərbaycanın son bir ildəki “düşmən mövqeyi” və konfransın arxasında duran məqsədlər nəzərə alınaraq, İran prezidenti səfərdən imtina etməli və rəsmi Bakıya “sanksiya tətbiq edilməlidir”.
Amma göründüyü kimi, SEPAH-ın arzusu ürəyində qaldı və İranın azərbaycanlı prezidenti Bakıya gəlir. Maraqlıdır ki, Bakıdakı 11-22 noyabr COP29 sammitinə qatılacaq liderlər arasında İsrail prezidenti İsaak Hersoq da var. Hazırda İsrail və İran arasında qarşıdurma olsa da, göründüyü kimi, Azərbaycan həm dost ölkə İsrail, həm cənub qonşu İran üçün etibarlı məkandır. Hətta niyə də İsrail və İran prezidentləri konfrans çərçivəsində bir araya gəlməsinlər və danışıqlar aparmasınlar?! Yada salaq ki, bu ilin iyulunda Azərbaycanın dövlət başçısı İran prezidentini COP29-da iştiraka dəvət edib.
Sadəcə, bunun baş tutmaması üçün son bir həftədə İran mediası, əsasən də SEPAH-a bağlı agentlik və qəzetlər Azərbaycan əleyhinə yenidən təbliğata start verməklə yanaşı, həm də təhdidə başlamışdılar. İsrailin İrana son hücumundan sonra Azərbaycanın bəyanat vermədiyini bildirən Tehran mediası, SEPAH-dan aldığı təlimata əsasən təhdid dilinə keçmişdi. İlk öncə “Khabarfori” saytı bununla bağlı geniş yazı dərc edərək, Azərbaycanı “İsrailin tərəfini tutmaqda” ittiham edib. Sayt bir qədər də irəli gedərək, Zəngilandakı camış fermasını yenidən “İsrailin hərbi bazası” kimi təqdim etmişdi. Bunun ardından “Seda Sima” telekanalı ekspert Rəhiminin dilindən Azərbaycana təhdid yağdırıb. O efirdə birbaşa bildirib ki, SEPAH generalları İsrailə dəstək verən Azərbaycanı cəzalandırmalıdır. Lakin SEPAH-ın ürəyi bununla da soyumayıb: “Pelikan.media” və ardından “Fərhixteqan” qəzetləri də antri-Azərbaycan təbliğatına qoşulublar. “Fərhixteqan” qəzeti iddia edib ki, Azərbaycanın İsrailin İrana hücumunu qınamaması “Azərbaycanın İsrailə təslim olmasının əlaməti”dir. “İndi Tel-Əviv rejiminin İran ərazisinə təcavüzündən sonra öz təhlükəsizliyini işğalçılara həvalə edən, hərbi və təhlükəsizlik bazalarını onlara icarəyə verən ölkələr hər kəsdən çox qorxu içində olmalıdır. Çünki onlar İranın mümkün cavabından ehtiyatlanmalıdırlar”.
Məhəmməd Əsədullazadə
SEPAH-a yaxın medianın apardığı bu kampaniyaya baxmayaraq, Pezeşkian BMT konfrasında iştirak üçün ölkəmizə gəlir. Siyasi ekspert Məhəmməd Əsədullazadənin sözlərinə görə, İran prezidenti Pezeşkian Azərbaycanla münasibətlərin inkişafında maraqlı görünür. Amma SEPAH və mühafizəkar kəsim bunun qarşısını alır. Siyasi ekspert Ramiyə Məmmədova isə deyir ki, SEPAH-a yaxın media və Telegram kanallarının davamlı olaraq Azərbaycan əleyhinə çıxış etməsinə rəğmən, Pezeşkian Bakıya gəlir: “Bu konfrans BMT-yə aiddir, ev sahibi Bakıdır. Yəni Tehranın Azərbaycanın ev sahibi olduğu konfransı boykot etməsi mümkün deyildi, uzaqbaşı BMT-yə qarşı gedə bilərdi. Ancaq Pezeşkian Azərbaycanı sevdiyini göstərdi. O, Şahin Mustafayevlə görüşdə də demişdi ki, münasibətlərin pisləşməsində İranın da səhvləri olub”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”