AZ

Milli mədəniyyət nümunəmiz Latviyada...

Azərbaycan xalçaları Riqadakı sərgidə nümayiş olunur

Xalqımızın həyatını, onun adət və ənənələrini özündə əks etdirən sənət növləri sırasında xalçaçılıq mühüm yer tutur. Bu sənət növü, həmçinin milli mədəniyyət tariximizdə böyük əhəmiyyətə malikdir. Ümumiyyətlə, xalça məişətimizdə təkcə qiymətli əşya kimi deyil, həm də istilik, gözəllik, hədiyyə, müalicə vasitəsi kimi istifadə olunur. Bu mühüm sənət nümunəsi bu gün də xalqımızın adət - ənənələrinə uyğun olaraq ən vacib cehiz əşyası sayılır.

Azərbaycan xalçalarının dünya mədəniyyətinin inkişafına təsiri də danılmazdır. Xalçalarımız dünyanın məşhur rəssamlarının tablolarında, səyyahların əsərlərində təsvir olunub, gözəlliyi ilə hamını heyran qoyub. İndi də Azərbaycan xalçalarının sorağı dünya  muzeylərindən gəlir. Azərbaycan xalçaları dünyanın bir çox məşhur muzeylərində nadir sənət nümunəsi kimi saxlanılmaqdadır. Məsələn, Qarabağda toxunmuş “Qoca”, Şirvanda “Şamaxı”, Təbrizdə toxunmuş “Ovçuluq” xalçaları Nyu-York şəhərinin “Metropoliten”, Bakının “Xiləbuta” çeşnili sürməyi yerli xalçası Moskvanın Dövlət Tarix Muzeyində və digər muzeylərdə nümayiş etdirilib. Və zaman-zaman təşkil edilən sərgilərdə nümayiş etdirilir. Bununla da yaranışından xalqımızın özü qədər qədim olan xalçaçılıq sənətimiz maddi - mənəvi sərvətimiz kimi ölkəmizə gələn turistlərə, həm də gənc nəsillərimizə təbliğ edilir.

Möhtəşəm Azərbaycan relyef xalçaları...

Ötən gün Latviyanın tanınmış incəsənət mərkəzlərindən sayılan “Riqa Art Nouveau” muzeyində Azərbaycanın bu ölkədəki səfirliyi, “Azərxalça” ASC və Azərbaycan Fotoqraflar Birliyinin birgə təşkilatçılığı ilə “Toxunmuş nar: möhtəşəm Azərbaycan relyef xalçaları” adlı sərgi açılıb.

“Azərxalça” ASC-dən bildirilib ki, tədbirdə Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov sərginin açılmasını ölkəmizin mədəniyyəti ilə daha da yaxından tanışlıq nöqteyi-nəzərindən əlamətdar hadisə kimi dəyərləndirib. Bildirib ki, tədbir Azərbaycan və Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tarixinə təsadüf edir.

Diqqətə çatdırılıb ki, Azərbaycan mədəniyyətində əhəmiyyətli yer tutan və UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş ənənəvi xalçaçılıq sənəti və nar bayramı sözügedən sərgidə təqdim olunub. Qeyd olunub ki, 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib və ölkəmiz COP29 kimi mötəbər beynəlxalq iqlim tədbirinə ev sahibliyi etmək astanasındadır. Sərginin ətraf mühit sahəsində maarifləndirmə və dayanaqlı inkişaf kimi məqsədləri təşviq etdiyi diqqətə çatdırılıb və bu xüsusda “Azərxalça” ASC-nin ekoloji cəhətdən dayanaqlılıq prinsiplərinə sadiq olduğu qeyd edilib.

Tədbirdə çıxış edən direktor Aqrita Tipane artıq “Riqa Art Nouveau” muzeyində Azərbaycan mədəniyyətinə dair ikinci sərginin keçirildiyini, nümayiş etdirilən xalçaların bənzərsiz və canlı xüsusiyyətlərə malik olduğunu, Azərbaycan xalçaçılıq sənətinin və nar bayramının Latviyada böyük maraq doğurduğunu söyləyib. O, bu yaxınlarda səfirlik tərəfindən Latviya ictimaiyyətinə təqdim edilmiş “UNESCO-da Azərbaycanın əbədi sərvətləri” kitabından söz açaraq, ölkəmizin zəngin mədəni irsə sahib olduğunu vurğulayıb.

Digər çıxış edənlər bu sərginin Azərbaycan irs nümunələrinin keçmiş və gələcək arasında uğurlu sintez yaratdığını, xalçaların ənənəvi və müasir yanaşmaları təcəssüm etdirdiyini və nar rəmzinin dərin mənaya malik olduğunu qeyd ediblər

Tədbir iştirakçılarına “Bağçada meyvələr” kolleksiyası, “Azərxalça” ASC-nin fəaliyyəti və nar bayramı haqqında videoçarxlar təqdim olunub.

Sərgi 1 ay ərzində açıq olacaq

Qeyd olunmalıdır ki, 3D texnologiyası ilə toxunmuş narlı xalçalar “Azərxalça” ASC-nin gənc rəssam Samirə Allahverdiyeva ilə birgə əməkdaşlıq layihəsi olan “Bağçada meyvələr” kolleksiyasından ilhamlanaraq yaradılıb. Sərgidə müxtəlif ölçülü və dizaynlı üç narlı xalça təqdim olunub. Eyni zamanda, Azərbaycan Fotoqraflar Birliyinin dəstəyi ilə nar mövzusuna dair fotosərgi təşkil edilib.

Tədbirin sonunda milli mətbəximizin ləziz təamları, o cümlədən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş dolma, habelə çay süfrəsi, nar məhsulları iştirakçılara təqdim olunub.

Mərasimdə Latviya Parlamentinin üzvləri, dövlət qurumlarının nümayəndələri, diplomatik missiyaların rəhbərləri, yerli mədəni, ictimai və media dairələrin təmsilçiləri, bu ölkədə yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Sərgi bir ay ərzində ictimaiyyət üçün açıq olacaq.

Yeganə BAYRAMOVA

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanmışdır.

Seçilən
45
yeniazerbaycan.com

1Mənbələr