Dünya ictimaiyyəti Vaşinqtonu nankorluqda qınayır...
Əfqanıstanda ABŞ-a dəstək verən Azərbaycana qarşı sərgilənən mövqe haqsızdır
Qərbin “demokratiya” pərdəsinə bürünərək öz maraqlarına uyğunlaşdırılmış standartlar müəyyənləşdirməsi sirr deyil. Dünyanın bir çox dövlətlərinə münasibətdə məhz bu maraqlara əsaslanan müstəvidən yanaşmalar sərgilənir. Hətta bəzən eyni mahiyyətə malik olan məsələlərə belə fərqli baxış ortaya qoyulur.
Xüsusilə, ABŞ bu məsələdə hər zaman “fərqlənib”. Vaşinqtonun siyasi kursu heç də bəyan olunduğu kimi demokratiyaya, insan hüquq və azadlıqlarına, bəşəri dəyərlərə əsaslanmayıb - tam əksinə, qrup maraqları, lobbi maraqları, ən əsası isə Birləşmiş Ştatların özüün maraqları ön planda tutulub.
907-ci düzəliş səhvi...
Bunu sübut etmək üçün çox uzağa getmək lazım deyil - Azərbaycanla bağlı son 30 illik yanaşması ABŞ-ın bütün kartlarını açır. Məsələn, hələ ötən əsrin 90-cı illərində Azərbaycan işğala məruz qalan zaman Vaşinqton bəlkə də tarixinin ən qeyri-demokratik sənədini “qəbul etdi” - 1992-ci ildə ABŞ konqresi tərəfindən qəbul edilən “Azadlığa Dəstək Aktı”nın 907-ci maddəsinə düzəliş ABŞ-ın Azərbaycana birbaşa dövlət yardımını qadağan edən bir sanksiya idi. Erməni lobbisinin təşəbbüsü ilə qəbul edilən bu qadağa Azərbaycanı iqtisadi və siyasi sabitliyi asanlaşdırmaq üçün ABŞ hökumətindən birbaşa yardım almayan yeganə postsovet dövlətinə çevirdi. Qadağanın tətbiqinin “səbəbi” isə birmənalı şəkildə haqsız və ədalətsiz formada əsaslandırılmışdı. Belə ki, ermənipərəst konqresmenlər tərəfindən hazırlanan bu qadağa layihəsi guya Azərbaycanın Ermənistana və “Dağlıq Qarabağa” qarşı blokadasından irəli gəlirdi. Halbuki reallıq tamam fərqli idi. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın 20 faizə yaxın ərazisi işğal edilmiş, bir milyona yaxın insanı qaçqına, dirdərginə çevrilmişdi.
Haqsız mövqe...
Həmin vaxt əməli ilə sanki işğalçıya haqq qazandıran Vaşinqton 2020-ci il Vətən müharibəsindən sonrakı dövrdə də özünün haqsız və beynəlxalq hüquqla səsləşməyən mövqeyini davam etdirdi. Vaxtilə ATƏT-in Minsk Qrupunun həmsədri kimi, artıq tarixə qovuşmuş “Qarabağ münaqişəsi”nin həllində vasitəçi olmuş Birləşmiş Ştatlar Azərbaycanın öz torpaqlarını azad etməsinə, suverenliyini bərpa etməsinə münasibətdə yenə də fərqli standartlardan reaksiya verdi - xüsusilə, Qarabağdan öz xoşu ilə Ermənistana keçən erməniləri əlində “bayraq” edərək Azərbaycana qarşı təzyiq kampaniyaları formalaşdırmağa çalışan rəsmi Vaşinqton separatçı xuntanın başçılarının həbsi ilə də “razılaşmadı”. Artıq bir ildir ki, bu və ya digər vasitələrlə həmin cinayətkarların azad edilməsinə “çalışan” Birləşmiş Ştatlardakı ermənipərəst kontentin mövqeyi birmənalı şəkildə haqsızlığa söykənir.
ABŞ-ın “siyasi dəyənəyi” - Qarabağ erməniləri...
Vurğulandığı kimi, öz xoşu ilə Ermənisana köçən ermənilərin “hüquqlarını müdafiə” adı altında müxtəlif kampaniyalar təşkil edən ABŞ 30 ilə yaxın bir milyona yaxın insanın haqqının tapdanmasına göz yummuşdu. BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə əməl etməyən Ermənistan həm də ABŞ-ın imza atdığı bir sənədi saymırdı - bu, beynəlxalq hüquqa, BMT TŞ-yə və lokal olaraq ABŞ-a qarşı edilən hörmətsizlik idi. Azərbaycan Vətən müharibəsində qalibiyyət əldə etməklə Ermənistanı həm də beynəlxalq hüquqa hörmətlə yanaşmağa məcbur etdi. Təəssüf ki, ABŞ bu tarixi missiyanı görmək istəmir və Azərbaycana münasibətdə yenə də ikili standartlara müraciət edir, ermənilərin müdafiaəsinə köklənir, bölgədə sabitliyin yaranmasına mane olur.
Kanadalı jurnalistdən Vaşinqtona mesaj...
Bu davranış beynəlxalq ictimaiyyətin də gözündən yayınmır. Hətta Qərb dairələri, mətbuatı, siyasi analitik mərkəzləri belə ABŞ-ın bu haqsız mövqeyini açıq şəkildə tənqid edir. Məsələn, Kanada mətbuatı ABŞ-ı müttəfiqlərinə qarşı nankorluqda ittiham edib. ABŞ Konqresinin Nümayəndələr palatasından Adam Şiffin bu yaxınlarda həmin ölkədəki Azərbaycana məxsus aktivləri hədəfə alan və onları İkinci Qarabağ müharibəsində, eləcə də sonrakı hərbi əməliyyatlarda köçən ermənilərə dəstək vermək məqsədi güdən qanun layihəsini Konqresə təqdim etməsini tənqid atəşinə tutub. Bunun, Amerikanın öz müttəfiqinə xəyanət etdiyi ilk hal olmadığı vurğulanıb. Tanınmış siyasi şərhçi və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham Kanadanın populyar “THEJ.CA” nəşrində işıq üzü görmüş “Amerikanın qərəzli baxışları” sərlövhəli məqalədə Birləşmiş Ştatların İsrailə münasibətdə hazırkı siyasətini qeyri-səmimi, qarşılıqlı etimaddan məhrum kimi dəyərləndirib.
Müəllif Azərbaycanın da bu baxımdan layiq olmadığı analoji ədalətsiz münasibətlə üzləşdiyinə diqqət çəkib.
Onun fikrincə, vaxtilə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə məhəl qoymamış Ermənistanın Qarabağı və Azərbaycanın 7 rayonunu otuzillik işğalı nəticəsində qaçqın vəziyyətinə düşmüş bir milyona yaxın azərbaycanlı üçün analoji kompensasiya paketi təklif etməməsi amerikalı konqresmenin təşəbbüsünün qüsurlarındandır.
Həmçinin qeyd olunub ki, Azərbaycanın Yaxın və Orta Şərqdə dini radikalizm və terrorizmlə mübarizədə Qərbin sadiq müttəfiqi olmasının, Amerika qoşunlarının Əfqanıstandan təhlükəsiz şəkildə çıxmasına kömək etməsinin müqabilində bu qanunvericilik təşəbbüsünün irəli sürülməsi təəccüb və heyrət doğurur. Müəllifin qənaətinə görə, ABŞ-ın bu cür davranışı əxlaqi baxımdan qınanılmalı hərəkətdir.
Beynəlxalq terrorizmə qarşı mübarizədə...
Bəli, 2001-ci il 11 sentybar hadisələrindən sonra Azərbaycan da beynəlxalq terrorizmə qarşı mübarizədə səmimi şəkildə ön sırada dayandı. Azərbaycan həmin dövrdə quru, hava və su yolu ilə yüklərin daşınmasında fəal rol oynadığı kimi, həm də bu mübarizədə təmsil olundu - “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Əfqanıstanda Təhlükəsizliyin Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin Türk taburunun tərkibində fəaliyyət göstərəcək Azərbaycan tağımına dair Sazişə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələri iki taqımla Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirildi, müvafiq əməliyyatlarda iştirak etdi. Azərbaycan Silahlı Qüvvələrinin 22 nəfərlik sülhməramlı tağımı 2002-ci il noyabr ayının 20-dən Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyət göstərməyə başlayıb. 2008-ci il yanvarın 15-dən Azərbaycanın Əfqanıstandakı sülhməramlı kontingentinin sayı artırılaraq bölük səviyyəsinə çatdırılıb. 2008-ci il oktyabrın 2-dən Azərbaycan Respublikasının Milli Məclisi Əfqanıstandakı sülhməramlı kontingentin 2 dəfə artırılması barədə qərar qəbul edib. Müvafiq olaraq, 2009-cu il fevralın 19-dan etibarən Azərbaycan Respublikası SQ-nin 90 nəfər sülhməramlı kontingenti Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) əməliyyatlarında Türkiyə taboru tərkibində fəaliyyət göstərib. Paralel olaraq 2010-cu il oktyabrın 5-dən Azərbaycan NATO-nun Əfqanıstanda keçirdiyi Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) üzrə əməliyyatlarında Azərbaycan Respublikası Sülhməramlı qüvvələrinin töhfəsinin artırılması məqsədilə 2 hərbi həkim və 2 mühəndis-istehkam ixtisası üzrə zabit göndərilib. 2015-ci ilin yanvar ayından isə NATO-nun Əfqanıstanda keçirdiyi yeni “Qətiyyətli Dəstək” adlı qeyri-döyüş missiyasında Silahlı Qüvvələrin 94 nəfərlik kontingenti 6 aylıq rotasiya planına uyğun olaraq xidmət edib. Qlobal təhlükəsizliyə töhfə verən Azərbaycanın bu hərəkəti isə bir daha beynəlxalq hüququ dəstəklədiyinin sübutuna çevrildi. ABŞ-ın onunla yanaşı beynəlxalq terrorizmə qarşı mübarizə aparan Azərbaycana münasibətdə ikili standarta yol verməsi isə həqiqətən nankorluqdur...