AZ

Mayya Sandu postunu qoruya bildi

O, seçkilərin ikinci turunda xaricdə yaşayan moldovalıların sayəsində qələbə qazanıb

Moldova Respublikasının vətəndaşları noyabrın 3-də növbəti dörd il üçün dövlət başçısını seçib. Prezident seçkilərinin ikinci turunda hazırkı prezident Mayya Sandu və Moldova Sosialistlər Partiyasının dəstəklədiyi namizəd, ölkənin sabiq baş prokuroru Aleksanda Stoyanoqlo mübarizə aparıblar. Seçkilərin qalibi Mayya Sandu olub.

Noyabrın 3-də keçirilən ikinci turda ölkədə seçki məntəqələri saat 7.00-da açılıb, saat 21.00-da isə bağlanıb.  Moldovada seçicilərin ümumi sayının 53 faizindən çoxu qadınlar, 46 faizə yaxını kişilərdir. Ən fəal seçicilər 56-65 yaş (23,40 faiz), ən passiv seçicilər isə 76 yaşdan yuxarı (4,98 faiz) insanlardır. Seçki Məcəlləsinə əsasən, ikinci turda seçici siyahılarına daxil edilmiş şəxslərin ən azı beşdəbirinin iştirak edəcəyi təqdirdə seçkilər baş tutmuş sayılır.

Sandu təxminən 55 faiz, Stoyanoqlo isə 45 faiz səs toplayıb

Səsvermədən bir gün əvvəl ölkənin baş naziri müəyyən qüvvələrin daxili sabitliyi pozmağa cəhd etdiklərini bildirmişdi. Belə ki, Baş nazir Dorin Reçanın sözlərinə görə, Moldova Respublikası görünməmiş bir hücumla üzləşib: “Bütün ölkədə insanlar anonim zənglərlə ölüm təhdidləri alırlar. Jurnalistlər, tanınmış şəxsiyyətlər və sadə vətəndaşlar təhdidlər alıblar”. Dorin Reçan əmin edib ki, dövlət orqanları asayişi və vətəndaşların təhlükəsizliyini təmin edəcək. “Biz birik və güclüyük. Moldova özünü müdafiə edəcək. Biz seçkilərə inamla gedirik”, - deyə Baş nazir qeyd edib. Bu narahatlıqlara rəğmən seçki günü hər hansı ciddi təxribatlar baş verməyib.

Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin məlumatlara görə,  Moldovanın hazırkı Prezidenti Mayya Sandu noyabrın 3-də keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəlib. Mayya Sandu 55,41 faiz, onun rəqibi Aleksandr Stoyanoqlo isə 44,59 faiz səs toplayıb. Seçkilərdə 1 milyon 679 min 293 seçici iştirak edib. Seçkidə iştirak səviyyəsi 54,31 faiz olub. Müxalifətin - Sosialistlər Partiyasının namizədi Aleksandr Stoyanoqlo məğlubiyyətini etiraf edərək, verdikləri dəstəyə görə tərəfdarlarına təşəkkür edib.

Dövlət başçısı ölkədaxili səsvermədə rəqibinə uduzsa da...

Qeyd edək ki, avropayönümlü mövqeyi ilə tanınan Mayya Sandu Moldova daxilində keçirilən seçkilərdə 48,81 faiz, rusiyameyilli Aleksandr Stoyanoqlo isə 51,19 faiz səs toplayıb. Müxalifətin təmsilçisi Qaqauz muxtariyyətində 97 faiz, Dnestryanı bölgədə isə təxminən 80 faizə yaxın səs toplayıb. Ölkənin hazırkı prezidenti rəqibinə xarici ölkələrdə keçirilən səsvermə sayəsində qalib gəlib. Xaricdə yaşayan və seçkilərdə iştirak edən 328 min 877 moldovalı ümumi seçicilərin 20 faizindən çoxunu təşkil edir və onların 270 mindən çoxu (83 faizi) Mayya Sanduya səs verib.

Xatırladaq ki, oktyabrın 20-də keçirilən prezident seçkilərinin birinci turu  zamanı 11 namizəd mübarizə aparıb. Həmin seçkilərdə xanım Sandu 656 min 852 səs toplayıb, bu da seçicilərin 42,49 faizi idi. Aleksanda Stoyanoqlo isə 25,95 faiz - 401 min 215 səs toplamışdı.

Moldova Aİ-yə üzv qəbul olunacaqmı?

Eyni gündə - oktyabrın 20-də Moldovanın Avropaya inteqrasiyası haqqında referendum da keçirilmişdi. Ölkənin Avropa inteqrasiyası lehinə səslərin sayı əleyhinə olan səslərin sayı ilə, demək olar ki, bərabər olmuşdu. Avropa İttifaqında üzvlüyü seçicilərin 50,39 faizi dəstəkləmiş, 49,61 faizi isə əleyhinə olmuşdu. Oktyabrın 21-də Aİ-nin xarici siyasət xidmətinin nümayəndəsi Peter Stano Brüsseldə keçirilmiş brifinqdə Rusiya və onun nümayəndələrinin Moldova səsvermələrinə “misli görünməmiş müdaxiləsi” barədə bəyanat vermişdi. Oktyabrın 22-də Moldova hüquq-mühafizə orqanlarının prezident seçkilərinin birinci turu və referendum zamanı 400-dən çox seçici satınalınması halını araşdırdığı məlum olmuşdu.

Oktyabrın 31-də Moldovada Mərkəzi Seçki Komissiyasının (MSK) binasını, həmçinin Baş Polis Müfəttişliyinin dayanacağında bir neçə avtomobili yandırmağa cəhd edən 5 nəfər saxlanılmışdı. Eyni zamanda, noyabrın 2-də “Euronews” Moskvanın erməniəsilli Ruben Vardanyan və moldovalı İlan Şor kimi “oliqarx agentlərinin” vasitəsilə regionda təsir gücünü artırmaq niyyətində olduğunu bildirmişdi.

Bütün baş verənlərə rəğmən, xanım Sandu xaricdə yaşayan Moldova vətəndaşlarının sayəsində postunu qoruya bildi. O, ölkəsinin Avropaya inteqrasiya yolunu tutduğunu bəyan edib.

Nardar BAYRAMLI

Seçilən
54
yeniazerbaycan.com

1Mənbələr