AZ

Bölgələrimiz Bakıya gələn turistlər üçün maraqsız olmağa başlayıb- 80 faiz...

Image

Ceyhun Aşurov: “Bakıda hotellər daha çoxdur, bu da turistlər üçün əlverişlidir”

Azərbaycanda turist axınının böyük hissəsi paytaxt Bakı və ətraf bölgələrə yönəlir. Halbuki, ölkənin müxtəlif regionları da təbii gözəllikləri, tarixi abidələri və zəngin mədəniyyəti ilə turistlər üçün cəlbedici ola bilər. 

Bakı şəhəri, Şəki, Qəbələ və Quba kimi yerlər turistlər arasında populyardır, lakin daha az tanınan və infrastrukturu inkişaf etməmiş bölgələrdə turist sayı nisbətən azdır.

Statistikaya görə, 2024-cü ilin ilk 9 ayında Azərbaycana gələn turistlərin 80 faizdən çoxu Bakı şəhərində, 4.7 faizi Qəbələdə, 4.3 faizi Qusarda, 3.7 faizi Naftalanda, 3.5 faizi Qubada, 0.6 faizi Şabranda, 2.2 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda gecələyib.

Maraqlıdır, ölkəmizə gələn turistlərin əksəriyyəti niyə bölgələrə deyil, məhz paytaxt Bakıya üstünlük verir?

“Rayona gedənlər də orada uzunmüddətli qalmırlar, qayıdanda yenə Heydər Əliyev Beynəlxalq Aeroportundan qayıdacaqlar, bütün bunlar əlavə xərc və enerji itkisidir”

Turizm eksperti Ceyhun Aşurov hesab edir ki,  Bakıda hotellər daha çoxdur, bu da turistlər üçün əlverişlidir: “Ölkəyə giriş-çıxış yalnız Bakıdan, yəni Heydər Əliyev Beynəlxalq Aeroportundan həyata keçirilir. Statistikaya görə, uçuşların 90 faizdən çoxu yalnız bu hava limanından baş tutur. Bu həm də o deməkdir ki, əcnəbilər Bakıya gəlməklə bir neçə gününü burada keçirir. Rayona gedənlərlə yanaşı, getməyənlər də olur. Rayona gedənlər də orada uzunmüddətli qalmırlar. Çünki qayıdanda yenə Heydər Əliyev Beynəlxalq Aeroportundan qayıdacaqlar. Bütün bunlar əlavə xərc və enerji itkisidir. Turist də istirahətə gəlib, yorulmaq istəmir. Həm büdcəsinə, həm də əlçatanlığına görə Bakını seçir. 4-5 günlük gələn turist rayonlara gedərsə, günün çox hissəsini yolda itirmiş olacaq”.

Ekspert onu da əlavə etdi ki, Bakıda turistlərin çox olması regionlarımızın boş qalması mənasına gəlmir: “Regionlar da turistlər üçün maraqlıdır. Xüsusən də, təbiəti sevənlər, müxtəlif təbiət mənzərələri ilə yaxından tanış olmaq istəyənlər üçün, maraqlı və qeyri-adi təamlar dadmaq istəyən şəxslər üçün. Azərbaycan rayonlarında kifayət qədər rekreasiya resursları, insanların istirahəti üçün kifayət qədər maraqlı resurslar mövcuddur”.

Günel CƏLİLOVA





Seçilən
35
baki-xeber.com

1Mənbələr