Kim qazanıb, kim itirəcək
Noyabrın 5-də ABŞ-də keçiriləcək prezident seçkilərinin nəticələri qlobal geosiyasi proseslərə ciddi təsir edəcəyindən dünya bu seçkiləri diqqətlə izləməkdədir. ABŞ-dəki prezident seçkilərinin nəticəsi dünya siyasətinə hansısa formada birbaşa təsirini göstərəcək. Nəticədən asılı olmayaraq bu seçkilər yeni dünya düzənin formalaşması istiqamətində yeni münaqişələrin, böhranların, maraqların təmin olunması uğrunda geosiyasi savaşların oxşar və fərqli formalarda davamı olacaq.
ABŞ-də keçiriləcək seçkilərlə bağlı dünya ölkələrinin iki qrupa bölündüyünu açıq şəkildə müşahidə etmək olar. Dünyanın əsas aparıcı ölkələri və gücləri Donald Trampın seçilməsinə qarşıdır.
- Avropa və NATO ölkələri Trampı niyə istəmir
Birincisi, Trampın prezident seçilməsinin əleyhinə ilk növbədə ABŞ-nin NATO-da tərəfdaşı olan və çox sıx əməkdaşlıq etdiyi başda Almaniya, Fransa olmaqla Avropa Birliyinə daxil olan ölkələridir. Avropanın Trampın prezident seçilməsinə qarşı çıxmasının bir sıra səbəbləri var. Bunun ilk səbəbi Trampın ötən prezidentliyi dövründə Avropa ölkələrinə qarşı həm siyasi, həm iqtisadi, həm də hərbi əməkdaşlıq baxımdan yürütdüyü sərt siyasət olub. İkincisi isə Tramp prezident seçiləcəyi təqdirdə Moskva ilə isti münasibətlər quması və ümumiyyətlə Vaşinqtonun xarici siyasəti ilə bağlı verdiyi bəyanatlardır. Digər bir səbəb isə Avropa iqtisadiyyatının gələcəyi ilə bağlı olan məsələdir. Çünki Tramp hakimiyyəti dövründə Avropa məhsullarının ABŞ-yə idxalı ilə bağlı vergi və gömrük rüsumlarını kəskin artırmışdı və növbəti dəfə yenidən seçilərsə, yenidən belə halların baş verəcəyi istisna deyil.
Burada ciddi bir məqam da ondan ibarətdir ki, ABŞ gələcək üçün perspektivli sahələr üzrə fəaliyyət göstərən şirkətlərin fəaliyyəti üçün vergi və gömrük güzəştləri tətəbiq etməklə həmin şirkətlərin öz ərazisində fəaliyyətini təşviq etməkdədir. Artıq Avropada fəaliyyət göstərən çoxsaylı şirkətlər öz fəaliyyətlərini ABŞ-yə köçürməkdədirlər. Bu da Avropa iqtisadiyyatına ciddi mənfi təsir göstərdiyindən bundan ciddi narahatlıq keçirirlər.
Avropa Birliyinə daxil olan ölkələrin Trampın seçilməsinin istəməməsinin əsas növbəti bir amili “Brexit” nəticəsində Böyük Britaniyanın qurumdan çıxmasıdır.
Trampın ABŞ-nin NATO-dakı tərəfdaşları ilə əməkdaşlıq məsələlərində də fərqli münasibəti var. Bu özünü hələ Trampın ötən hakimiyyəti dövründə daha sərt formada büruzə verib. Tramp istər Alyansa üzv ölkələrin üzvlük haqqı, istərsə də digər məsələlərlə bağlı çox sərt mövqeyi ortadadır. Tramp NATO ölkələrinin hərbi xərclərinin və silah tədarükünün artırılması tərəfdarı kimi çıxış edir. Bir çox Avropa ölkələri bundan elə də maraqlı deyil.
Trampın geosiyasi proseslər baxımdan Rusiya, Çin və İranla bağlı sərgilədəyi mövqe heç də ABŞ-nin avropalı tərəfdaşlaırnın mövqeyi ilə üst -üstə düşmür. Bütün bu və digər amillər səbəbindən Avropa ölkələri Trampın prezident seçilməsində maraqlı deyil.
Çin
ABŞ-Çin arasındakı gərginlik, xüsusən də Çin iqtisadiyyatına başlatdığı müharibə Tramp hakimiyyəti dövründə ən pik həddinə çatdı. Tramp hakimiyyəti dövründə Çin məhsullarının ABŞ-yə idxalına məhdudiyyətlər qoyuldu və sanksiyaların tətbiq edildi, idxal edilən Çin məhsullarına gömrük və vergi rüsumlarını kəskin şəkildə artırıldı. Tramp yenidən prezident seçiləcəyi təqdirdə Çinə qarşı hərtərəfli sərt siyasət yürüdəcəyini bəyan edib.
İran
Trampın İrana münasibəti də hamıya bəllidir. Bunun üçün istər Trampın ötən prezidentlik dövrünə, istərsə də prezidentliyə namizəd olduğu dövrdəki verdiyi bəyanatlara diqqət yetirmək kifayətdir. Burada digər məqam isə ondan ibarətdir ki, Tramp İsrail və ərəb ölkələri ilə sıx əməkdşalıq nəticəsində İrana qarşı bundan sonra da sərt siyasət yürüdəcəyini bəyan edir. Təbii ki, Tehran da bu səbəbləri nəzərə alaraq Trampın prezident seçilməsinə qarşı çıxmaqdadır.
Tehran və Pekin bütün bu səbəblərdən demokratların namizədinin seçilməsini istəyir və siyasətlərini də bu istiqamətdə yürüdür. Demokratların namizədi Kamala Harris seçkilərdə qalib gələcəyi təqdirdə, ən azından daha sərt deyil, müəyyən yumşaq siyasət yürdüləcəyini düşünürlər.
Trampın seçilməsini istəyən güclər və ölkələr...
Trampın seçilməsinin ən qızğın tərəfdarları Rusiya ilə İsraildir.
Moskva ən azından Rusiya-Ukrayna müharibəsində, İsrail isə Yaxın Şərq, xüsusən də İranla savaşda Trampdan faydalanmaq niyyətini güdür.
Odur ki, hamı nəticəni həyəcanla izləyir və gözləyir.
Mürtəza
Ölkə.Az