AZ

Ararat Mirzoyanın kitab oğurluğu

Yaxud “erməni soyqırımı” ilə bağlı “sübutlar”ın məhvi

Azərbaycanda, adətən, bildirirlər ki, kitab oğrusu oğru sayılmır. Deyimi Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyana şamil etməyin nə dərəcədə doğru olub-olmadığını söyləyə bilmərik. Əsas məsələ ondadır ki, Mirzoyanın səsləndirdikləri onun vaxtilə törətdiyi ehtimal olunan əməli aktuallaşdırıb. Söhbətimiz bu barədədir. Ancaq əvvəlcə bir məqama diqqət yetirək.

Ermənistanın XİN rəhbəri ölkənin 2025-ci il üçün dövlət büdcəsini müzakirə edən iclasların birində deyib ki, qondarma “erməni soyqırımı”nın beynəlxalq miqyasda tanınmasına cəhd göstərmək rəsmi İrəvanın xarici siyasət prioritetləri sırasından çıxıb. Dövlət rəsmisinin fikri geniş səs-küy doğurub. Təbii ki, erməni varlığı üçün önəm daşıyan mifdən uzaq durulması ilə bağlı məsələ sakit qarşılana bilməzdi.

A.Mirzoyan dilə gətirdiyi fikrə görə, yumşaq desək, heç də yaxşı olmayan ifadələrə “qonaq edilməkdədir”. Ona ünvanlanan təhqirlərin sayı və dozası bitib-tükənmək bilmir. Ancaq Ermənistan Milli Elmlər Akademiyasının “Erməni Soyqırımı Muzey-İnstitutu” adlanan saxta qurumunun direktoru, tarix elmləri doktoru, İrəvan Dövlət Universitetinin müəllimi Hayk Demoyan XİN rəhbərini təhqir yox, ittiham edib. O, fikrini əsaslandırmaq üçün keçmişə baş vurub.

Əvvəla, deyək ki, təkcə bu soyad Haykın rəhbərlik etdiyi saxta qurumun “haqqını” tam şəkildə verir. Çünki “erməni soyqırımı” məhz insan beyninin demonizasiyasının məhsuludur, şeytani təxəyyüldür. Saxta iddia bəlkə də şeytani təxəyyüllərin arasında ən öndə gələnidir. Nəzərə alaq ki, qondarma soyqırımı məsələsi illərlə neçə-neçə ermənini xəstə hala salıb ki, bu xəstəliyin intiqam təzahürünün nəticəsində törədilmiş çoxsaylı amansız qətllər, böyük miqyaslı terror aktları var.

Beləliklə, H.Demonyan bildirib ki, 2004-cü ildə hazırda rəhbərlik etdiyi muzeydə oğurluq olub, bəzi kitablar yoxa çıxıb. O, təmir zamanı 19-dan çox qiymətli nəşrin itdiyini vurğulayıb. Sabiq direktor bununla əlaqədar cinayət işinin başladılmasına, necə deyərlər, kefsiz yanaşıb və hesab edib ki, hay-küy salmaq lazım deyil. Demonyan isə müəssisəyə rəhbərliyə başlayandan sonra, daha doğrusu, 2007-ci ilin iyulunda cinayət işi qaldırdığını diqqətə çatdırıb. Cinayət işi ilə bağlı iki nəfər dindirilib ki, onlar oğurluq baş verən vaxtda muzeydə aspirant imişlər. Bu şəxslərdən biri A.Mirzoyan, digəri isə hazırda Ermənistan parlamentinin Dövlət və hüquq məsələləri üzrə komissiyasının sədri Vladimir Vardanyandır.

H.Demonyan sonradan cinayət işinin bağlandığını da bildirib. Halbuki, məsələ Ermənistanın Milli Təhlükəsizlik Xidmətində araşdırılırmış. Direktorun sözlərinə görə, Mirzoyan gizli şəkildə bu dövlət qurumunun təsiri altında imiş. Hələ o, sonralar casusluğa cəlb edildiyini özü etiraf edibmiş. Demonyan Mirzoyanın sözügedən oğurluğu törətdiyini boynuna aldığını da bildirib. Əvvəlcə isə əməlini “qızlardan birinin üzərinə atmağa çalışıb”. “İndi mən Janna Andreasyanın (Ermənistan Milli Təhlükəsizlik Xidmətinin hazırkı rəisi – red.) cinayət işini açmasını istəyirəm. Biz Ararat Mirzoyanın və Vladimir Vardanyanın hansı ifadələr verdiyini görəcək və kitabları haradan tapa biləcəyimizi anlamağa çalışacağıq”.

Əlbəttə, yekunda H.Demonyanın gəldiyi nəticə gözlənilən dramatizm effektini yaratmır. O deyir ki, 20 il əvvəl bu fırıldaqçılar, yəni Mirzoyan və Vardanyan erməni tarixi ilə “zənginləşiblər”. “İndi isə onu (erməni tarixinin bir hissəsi olan “erməni soyqırımı”nı – red.) məhv etməklə “varlanmaq istəyirlər”. Onların maxinasiyalarının obyektləri dəyişir. Onların mövqeləri dəyişir. Ancaq özləri dəyişmirlər”, – deyən qondarma muzey direktoru fikrini tamamlayıb.

Bəs nəyə görə düşünürük ki, H.Demonyanın bildirdiklərindəki dramatizm məntiqi sonluğa çatmır. Hər halda, Mirzoyan indi “erməni soyqırımı” iddiasının beynəlxalq miqyasda tanınmasının ölkəsinin xarici siyasət trayektoriyasından çıxdığını bəyan edirsə, deməli, o və təmsil olunduğu komandanın üzvləri belə bir xəstəliyin yolverilməzliyini anlayıblar. Yeri gəlmişkən, baş nazir Nikol Paşinyanın da bir müddət əvvəlki açıqlamalarından belə nəticə hasil olmuşdu ki, “erməni soyqırımı” mifdən başqa bir şey deyil. Nəzərə alsaq ki, Mirzoyan Erməni Soyqırımı Muzey-İnstitutunda aspirant olub və oradan kitab oğurlayıb, deməli, həmin kitablar, mahiyyətcə, qondarma iddianı təsdiqləmək məqsədli cəfəngiyyatlar toplusu imiş. Yəqin, razılaşarsınız ki, dəyərli məxəz olduğu deyilən 19 kitabın birdən-birə yoxa çıxması adi olay sayıla bilməz.

Deməli, məntiqi nəticə formalaşır. Bu gün “erməni soyqırımı” iddiasının beynəlxalq miqyasda tanınmasının Ermənistanın xarici siyasət prioritetindən çıxdığını bəyan edən A.Mirzoyan illər əvvəl “sübutları” məhv etməklə məşğul imiş. Eləcə də Vardanyan. Çox güman ki, onlar saxta məsələnin əksini tapdığı kitabları yalnız oğurlamayıblar, eyni zamanda, yandırıblar. Axı erməni avantürizminin təmsilçiləri belə “kitablara” istinadən qondarma soyqırımının olduğunu deyirlər. Yəni, onlar üçün kitab “sübutdur”. Kitab yoxdursa, sübut da yoxdur.

Burada anlaşılmayan məsələ A.Mirzoyanın hələ o zaman Ermənistanın DTX-sına işləməsidir. Hər halda, 2004-cü ildə qurum “erməni soyqırımı” iddiasını dövlət siyasətinin tərkib hissəsi kimi qəbul edən Koçaryan – Sarkisyan xuntasının təsiri altında idi. Necə ola bilərdi ki, “qiymətli kitabları” yoxa çıxarmalarına rəğmən, Mirzoyan və Vardanyan haqqında heç bir hüquqi ölçü tədbiri seçilmədi? Axı bu şəxslər törətdikləri əməl ilə, faktiki olaraq, erməni milli identikliyi kimi qiymətləndirilən cəfəngiyyatın puça çıxmasına çalışmışdılar.

Ə.RÜSTƏMOV
XQ

Seçilən
18
xalqqazeti.az

1Mənbələr