Ağlıma çox qəribə bir ideya gəldi. – Əla! Əla! – deyə özümdən asılı olmadan qışqırdım... Başımda qərarlaşan bu ideyanı mütləq gerçəkləşdirəcəyəm, - Qəti fikrim beləydi.
Əslində düşüncəmi zəbt edən bu qeyri-adi ideyam heç də dahiyanə tapıntı, yaxud dünya əhəmiyyətli kəşf deyil. Bunu bəri başdan bilməyiniz gərəkdir. Sadəcə bəndənizə, yəni mənə xas olan bir yeniliyimdir. Eşidib agah olsanız, bəlkə də məni lağa qoyub güləcəksiniz. “Bu nə sayaq oyundur, oynayırsan” deyənləriniz də tapılacaq. Amma kim nə deyəcək, nə fikirləşəcək özü bilər. Ümidim var ki, ideyamı ciddiyətə alanlar da qəhətə çıxmayacaq. Dünya xali deyil. Elə bu fikirlə də layihəmə start verdim. Beləliklə, əsas mətləbə adlamağın tam zamanıdır. Başlıca hədəfimsə odur ki, ağlımın diktə etdiyi bu ideyamla, başqa adla desək, yeni usul ilə canımı, qanımı qoyduğum hekayəmin ali ədəbiyyat dərgisində çapını görüm. İnsafən yazılarım az dərc olunmur... Redaktorların özləri belə çox zaman mənə yanaşıb – Nəyin varsa, ver çap edək, - deyirlər. Əlbəttə, qələmimə azdan-çoxdan bələd olanları deyirəm...
Di gəl ki, mənim yeganə arzum, istəyim həm də ali ədəbiyyat, sənət dərgisində görünməkdi, o ucalığın şirinliyini dadmaqdır. Çünki qələmimdən çıxan povest və hekayələrin o dərgiyə də layiq olduğunu yaxşı anlayıram. Lakin üç-beş qəpik-quruş toplayıb paytaxta hər dəfə yolumu saldıqca, ali dərginin zalım redaktoru qarşıma iri bir daş dığırlayır... və beləcə də üzümə söylənir:
- Ay rayon əhli, yazıların zəifdir, bitgin deyil... Orası elədir, burası belədir, nə bilim, niyə yazırsan? Sənin yazmağına nə ehtiyac var?.. Qısası, daha söz qalmır üstümə yağdırmasın. Bunlar azmış kimi, dübarə içinin qalmışlarını da tökür bayıra:
- Ay kişi, get öz işlərinlə məşğul ol. Sənə nə düşüb yazıçı olasan. Yazıçılıq kətçi girən yovşan kolu deyil. Yaxşısı budur kənd-kəsəyinizdə əkinini əkəsən, mal-heyvanını otarasan. Nə itin azıb buralarda. Olmayan pullarını da yollarda kül edirsən. Açığını deyim ki, hər dəfə redaktorun beləcə üyüdüb-tökməsi odsuz-ocaqsız yandırırdı məni. Bir dəfə dözə bilmədim. Sinəmi sözlə kökləyib boşaltmaq istədim:
- Axı ay sərsə.. bağışla, Sərbəst müəllim!... O andaca sözümü dilimin ucunda qurutdu:
- Axını, maxını bir yolluq at kənara. Nə desən, xeyri yoxdur. Budur bax, təkcə sol əlimin altı roman, povest, şeir və hekayələrlə doludur. Hələ elektron poçtumu göstərmirəm. Gündə zəng zəng dalınca gəlir. Təkcə yazıçılar, şairlər yazsa, dərd toya-bayrama getməli olar. İndi yazmayan var?! Böyük-böyük məmurların da bəziləri sarılıb qələmə. Yaz ki, yazasan. Çap etmə görüm necə etmisən onların yazılarını. Sahib Zamanın, Tutu Quşunun, Məftun Aşiqin hekayələrini nə üzlə kənara ata bilərəm? İndi özün de, əzizim... Hərəsi dağ boyda səlahiyyət yiyəsidir. Basıb adamın gözlərini bir deşikdən tökərlər.
- Aha, - dedim. – Elə oradaca alt dodağımı üst dişlərimin altına salıb, var gücümlə əzişdirdim. Anladım ki, artıq buralarda mənim kimi lüt-üryan əyalət yazarının üzünə gün doğa bilməz, lap belə, şedevr əsər yazıb-yaratsan da nə faydası?!
Çəkildim təkliyə. Bir xeyli düşünüb daşındım. Beynimi çox fikirlər, ideyalar çaldı. Məsələn, sözü gedən redaktordan tabe olduğu səlahiyyət sahiblərinə şikayət etmək, yaxud ondan da yuxarı orqanlara teleqram vurmaq və sair və ilaxır... Eyni zamanda yaradıcılığıma yaxından bələd olan hörmətli qələm adamlarını da xahiş-minnətə salmaq fikrinə düşdüm. Ancaq bunların hamısının qırağını qatlayıb qoydum bir kənara. Və qəti qərarımla bayaqdan bəri oxunu atıb yayını gizlətdiyim o qəribə ideyama əl atdım... Bilirəm, indi intizar çəkirsiniz ki, görəsən axı o layihədi, üsuldu nədi, nəmənə olan işdir? Niyə bu qədər dilimin əzbərinə çevrilib? Bir az səbrinizi basın, hər şeyi yerli-yataqlı nəql edəcəyəm. Məndən demək, sizdən eşitmək!
Etmədim tənbəllik, ən yaxşı bildiyim və elə redaktorun özünün oxuduğu, hər bir cümləsinə barmaq uzadıb saf-çürük etdiyi, nəticə olaraq bəyənmədiyi hekayəmin təkcə başlığını dəyişib “görkəmli” ədib Sahib Zamanın adından ötürdüm redaksiyanın elektron poçtuna. Fikirləşdim ki hekayə redaktora yetişən kimi, baxmadan, oxumadan onu növbəti sayda (özü də ilk səhifələrdə) dərc edəcək. Buna zərrə qədər şübhəm yoxuydu... Yazı gün üzünə çıxan gündən də isti-isti təriflər axışacaqdı redaksiyaya. Mən də fürsəti ötürməyib, qurduğum oyunumun bu şirin məqamında özümü baş rəisin, yəni redaktorun kabinetinə çatdırıb təlaşla deyəcəyəm:
- Cənab redaktor, o, mənim hekayəmdir. Səhvən filankəsin adına düşüb. Xahiş edirəm növbəti sayınızda təkzib verəsiniz. Yəni mənim hekayəm olduğunu hörmətli-izzətli oxuculara ərz edəsiniz. Bu boyda yanlışlıq olmaz ki!
Söylədiklərimi qəribçiliyə salmayın. Necə düşünüb yozmuşdum, elə də oldu. Hekayəm nəhayət məşhur dərgidə məşhur yazıçının imzası altında işıq üzünə adlaya bildi. Beləliklə qeyri-adi ideyamın idman dili ilə desək, birinci raundunu baş tutmuş hesab etdim. İndi qalırdı ikinci və mənimçün həyati əhəmiyyət daşıyan əsas, həm də ağır bir raund. Bu “final” raundunun da hədəfi o idi ki, çap edilən hekayənin mənə məxsusluğunu sübuta çatdırım.
Sözü gedən hekayəmin əlyazısını və flaşkasını götürüb, cibimin “təmizliyini” nəzərə almadan üz tutdum Bakıya. Vaxtı fövtə verməyib redaksiyaya yollandım və dərginin sahibi ilə üz-üzə dayandım. Fikrimi anlatmağa çalışdım. O isə sözümün sonuna yetməmiş barıt tək partladı:
- Sən nə danışırsan, ay dəli.. O, filankəsin hekayəsidir. – Çox hörmətli Sahib Zamanın! Əsərinin çapına görə köməkçisinin katibəsi telefon açıb kişinin adından dərin minnətdarlığını yetirib... Sənsə oyun çıxarıb, deyirsən mənimdir. Elə iş olar?! Ağlını o yox başına topla. Bizi də, özünü də biabır eləmə. Redaktor içini beləcə hirs-hikkə ilə boşaldandan sonra turşumuş sifətini komputerə tərəf çevirdi:
- Buyur, o kor gözlərini sil və yaxşı-yaxşı bax! Gör bir necə qiymətli rəylər yazılıb hekayəsi barədə. Bircəciyini oxuyuram sənin üçün. Qulaqlarını dörd et!
- Şöhrətli yazıçı Sahib Zamanın son hekayəsi bomba kimi partlayış yaratdı ədəbi camiəmizdə. Həcmcə balaca, dəyərcə isə böyükdən böyük olan hekayədə nə qədər əxz etməli qiymətli fikirlər yer alıb. Əsl əbədi hadisəyə çevrilən bu yazı çağdaş cəmiyyətimizdə havadan, sudan da gərəklidir... Rayonlu qardaş, yenə oxuyum?.. Özü də bu cümlələr onlarla, yüzlərlə rəyin tək birindəndir.
- Ay möhtərəm redaktor, vallah, billah, o hekayənin halal müəllifi mənəm. Mən bu qabarlı əllərimlə yazmışam onu.. Düşünmüşəm, baş sındırmışam... Əlyazması da budur, qovluğumdadır. Göstərim, baxın. Lap söz-söz tutuşdurun. İstəyirsiz Qurani-Kərimi qoyun ortaya, çəkinmədən əlimi üstünə aparım ki, hekayə mənimkidir.
- Ə, sən necə adamsan, ağzımda elə min quranlıq söz xırdalayıb tökürəm qarşına, təkrar edirsən ki, “mənimdir”, “mənimdir”. Adı-sanı yerə-göyə sığmayan əjdaha kişinin köməkçisinin katibəsi hekayəyə görə şəxsən onun adından razılıq edib, minnətdarlığını bildirib.. Bunlar bəyəm, çatmır sənə? İndi kimə inanım? Sən kətçiyə, yoxsa o boyda nəhəngə?!
- Əlbəttə,mənə. Axı özünüz o başıbəlalı hekayəni diqqətlə oxumusunuz. Həm də bəyənməmisiniz. Hər cümləsinə, hər abzasına dağ boyda iradlar yağdırmısınız.
- Sözündən belə çıxır ki, o sənin cızmaqarandan oğurlayıb? Plagiatlıq edib ?! Daha sənə sözüm yoxdur.. Haşaa səndən.. Anlayırsanmı nə danışırsan? Özünü gülünc vəziyyətinə salırsan . Ağlamağım tutur sənə. Məsləhət görürəm ağlını başına yığ, yazıqsan...
- İndi ki belədir, bir başa həmən yazıçının qəbuluna düşüb, açacam sandığı, tökəcəm pambığı. Onda hekayənin mənə məxsusluğunu etiraf etmək zorunda qalacaqsız.
- Ay- hay! Xox gəlirsən?! Əvvəla sən onun yanına heç yuxunda da düşə bilməsən, qalsın ki, real həyatda. Bu bir, ikincisi, əgər möcüzə baş verib onunla görüşə bilsən belə, zərəri özünə toxunacaq. Səni ilk növbədə ədəbi oğru kimi damğalayarlar. Bütün mediya aləmi, sosial şəbəkələr səndən danışacaq, səndən yazacaqlar. Abrını bükərlər ətəyinə, cızdığın çıxa-çıxa qalarsan. Sənin təkin bir neçəsi də onunla çiling-ağac oynamaq istəyib. Amma peşman olublar.
Redaktor danışır, mənsə susurdum. Həqiqətən içimdə yanıb tökülür, o demişkən, lap cızdığım çıxırdı. Artıq ondan ümidverici söz eşitməyəcəyimi yüz faiz yəqin etmişdim. Və ilk dəfə yazıçı olmağın özünə xas çətinliklərini əl içi kimi anlamağa başlayırdım. Elə bu məqamda bir dəli şeytan qəlbimə təplib, yazı-pozunu birmərrə atmağımı məsləhət gördü. Tərəddüt etmədən razılaşdım onunla. Hələ “sən də kara gələrmişsən ay şeytan!” – deyə rəğbətimi izhar etdim.
Evə döndüm. Ayrı bir yol tutub karyeramı qurmaq haqqında düşünürdüm. Nə ağlıma gəlirdisə, özümə yaraşdıra bilmirdim. Bir gün belə, iki gün belə.. hətta, aylar da adlayıb tarixə çevrilirdi. Mən isə düzələmmirdim ki, düzələmmirdim. Həyatımın bir qəpiklik mənası qalmamışdı. Sən demə, məni yaşadan elə əlimə qələm alıb yazmağım, içimdəkiləri kağız-kuğuza tökməyim imiş. Dözə bilmirdim. Sıxılırdım. Elə bil Allahın gen-bol havası da məndən qaçaq düşmüşdü.
Vaxtın, zamanın bir qədər də ötüb keçməsindən sonra dəli şeytanın məni əməlli-başlı aldatdığını yəqin etdim. Və əminliklə duydum ki, o, mənə tor qurub. Aldadıb məni. Bəzi xainlər təkin o da Tanrının verdiyi istedadı boğmağa, yox etməyə çalışıb. Bir də axı şeytanlar nə zamandan doğru, düzgün yol göstərən olublar?
Nə isə... Yazmağım gəlirdi. Özümü kağız –qələmdən kənar tuta bilmirdim. Və bu fikrə düşdükcə, həyatda işıqlı, xeyirxah adamların çoxluğuna güvənir, redaktor və redaktor kimlərinin qarşısında gec-tez qalib dayanacağıma inanırdım. Çətin ayaqda dövlətin də mənə dəsdək olacağına arxayındım.
Bu arxayınçılıqla da çiyinlərimi yenidən yazmaq və yazıçı olmaq məsuliyyətinin altına verməkdən çəkinmədim.
dekabr, 2017